İran prezidentinin 24 saatlıq Bakı səfəri bitdi. Səfər çərçivəsində bir sıra sənədlər imzalandı, prezidentlər səviyyəsində birgə bəyanat qəbul olundu, ənənəvi qarşılıqlı xoş mesajlar, sözlər deyildi. Yəni ilk baxışda iki qonşu və “mehriban düşmənlər” aradakı münasibətlərin qaydasında olduğunu göstərmək üçün minimum nə gərəkirdisə, onu yapdılar.
Heç bir nəticə olmasaydı belə, İran kimi regional böyük dövlətin prezidentinin Bakı ziyarətinin özü əlbəttə ki, pozitiv hadisədir. Hər halda, əhatəsində əsasən qeyri-dost dövlətlərin olduğu, üstəlik, işğalçı ilə həmsərhəd olan bir ölkə qonşuluqda düşmən-rəqiblərin sayını azaltmağa çalışmalıdır. İran isə bizə Rusiyadan pis qonşu deyil – işğalçı Ermənistana geniş qucaq açsa da.
Şübhəsiz, Tehran da daha “təhlükəsiz” Azərbaycanda maraqlıdır. O anlamda ki, ölkəmizin özünə qarşı üçüncü qüvvə üçün plasdarm olmasını istəmir. İranla Qərb arasında son vaxtlar buzlar əhəmiyyətli dərəcədə ərisə də, Bakı görüşləri Tehranın hələ də özünü büruzə verən bu narahatlığı üçün əsas olmadığını əyani nümayiş etdirdi. Azərbaycan tərəfi öz mövqeyini birgə bəyanatla, yazılı şəkildə ortaya qoydu və cənub qonşumuzu xatircəm elədi.
Bir sözlə, hesab eləmək olar ki, Ruhani minimal siyasi gözləntilərdən dolayı məmnun getdi. Elə Azərbaycan tərəfi də minimal hədəflərə nəzərən, məmnun qala bilər. Çünki ən ağrılı dərdimiz olan Qarabağ məsələsində İran prezidenti birmənalı şəkildə Azərbaycanın mövqeyini ifadə elədi.
Həmin mövqe birgə bəyanatın Dağlıq Qarabağ probleminə aid hissəsində belə əksini tapıb: “Tərəflər BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərin zor gücünə dəyişdirilməsini qəbuledilməz sayır, konfliktlərin suverenlik, sərhədləri toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında həllinə tərəfdar olduqlarını bəyan edirlər. Eyni zamanda Qarabağ münaqişəsinin beynəlxalq normalar əsasında həllinin vacibliyini qeyd edirlər”.
Göründüyü kimi, bəyanatda separatçı rejim üçün “öz müqəddəratını təyinetmə” məsələsi yoxdur. Əslində rəsmi Bakı ATƏT-in Minsk Qrupu çərçivəsində də bu cür prinsipial mövqe sərgiləməli və gec partlayacaq mina effektli “müqəddəratı təyinetmə”dən imtina eləməlidir. Əfsus ki, Azərbaycan rəsmiləri, hətta “xalq diplomatları” (Namazov-Şahnazaryan yazılı anlaşmasını yada salın) axır vaxtlar məhz vasitəçilərin irəli sürdüyü təhlükəli üç prinsipdən çıxış edirlər – “ərazi bütövlüyü, öz müqəddəratı təyinetmə və güclə hədələməmək”.
Ancaq indi belə çıxır, Ermənistanı vaxtaşırı işğalçı adlandırmaqdan çəkinməyən İran Qarabağ məsələsində beynəlxalq normalar baxımından bizim özümüzdən də ədalətli yanaşma sərgiləyir. Bu, Ruhaninin Bakı səfərinin erməniləri məyus edəcək birinci məqamı. İkincisi də var.
Məsələ ondadır ki, zaman-zaman erməni rəsmiləri və ekspertləri ilğıma köklənərək belə iddia edirlər ki, guya Tehran yetkililəri bölgədə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyini bəyan edəndə “20 ildir baş tutmuş dövlət kimi” qondarma “DQR”-i də nəzərdə tuturlar. Yəni guya Azərbaycanı Dağlıq Qarabağsız təsəvvür edərək belə mövqe bildirirlər. Lakin Bakıdakı birgə bəyanat bu iddiaları alt-üst elədi. Çünki orada açıqca yazılıb ki, “dövlətlər arasında BEYNƏLXALQ SƏVİYYƏDƏ (seçdirmə bizimdir – Z.S.) tanınmış sərhədlərin zor gücünə dəyişdirilməsi qəbuledilməzdir”.
Qəribədir ki, ermənilər indi də Bakı bəyanatında özlərinə sərfəli başqa bir məqam axtarıb “tapıblar”. Məsələn, bərkgedən erməni politoloqlardan birinin iddiasına görə, guya sənəddə ərazi bütövlüyü ilə bağlı müddəa ən çox elə İranın maraqlarına işləyir, çünki bu, rəsmi Bakıya bir mesajdır ki, Güney Azərbaycan məsələsində İranlın daxili işlərinə qarışmasın, bundan çəkinsin.
Yenə də ilğım. Ona görə ki, Güney problemi ilə kim maraqlansa da, Azərbaycan iqtidarını o, çoxdan qayğılandırmır. Lap olsun ki, özünün hakimiyyət maraqlarına görə…