“Din xadimlərinin dünyagörüşünün zənginləşdirilməsinə, savad səviyyəsinin yüksəldilməsinə ehtyac var. Belə olarsa, onlar dinimizi insanlara müasir dövrün tələblərinə uyğun şəkildə çatdıra bilərlər. Həm də xaricdən kimlərsə din adı ilə öz maraqlarına uyğun şəkildə hansısa məsələləri Azərbaycana yeridə bilməz”.
Bu sözləri “Məşədi Dadaş” Məscidinin imam camaatı, “Mənəvi Dünya” – Milli Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin sədri Hacı Şahin Həsənli azxeber.com-a son zamanların gündəmin əsas mövzularından birinə çevrilmiş radikal dini cərəyanların fəaliyyətinə münasibətini açıqlayarkən söyləyib.
Müsahibimiz hesab edir ki, dini sahədə maarifləndirmə işi gücləndirilməlidir: “Ümumiyyətlə, dinimiz müasir dövrün tələblərinə uyğun insanlara çatdırılmalıdır. Son zamanlar gənclərin dinə olan marağı günü-gündən artıb. Bu marağı biz təmin etmədikdə onlar kimlərinsə təsirinin altına düşür. Bəzi hallarda isə kənar dövlətlərin maraq dairəsində olan müəyyən qüvvələrin təsirinin altına düşür. Radikal cərəyanlar insanların bilgisizliyindən istifadə edirlər. Radikal düşüncələr əslində çox primitiv düşüncələrdir. Onların təsiri altına savadsız, din haqqında məlumatı olmayan insanlar düşür. Düşünürəm ki, kompleks tədbirlər görülməlidir. Ümumiyyətlə, dini təhsilin səviyyəsi yüksəldilməlidir. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimləri üçün təkmilləşdirmə kursları keçirildi. Onlarla din xadimi orada iştirak etdi. Din xadimləri üçün mühazirələr oxundu. Təkcə dini elmlər sahəsində yox, digər elmlərlə də bağlı müəyyən dərslər keçirildi, mühazirələr oxundu. Ümumiyyətlə, din xadimlərinin dünyagörüşünün zənginləşdirilməsinə, savad səviyyəsinin yüksəldilməsinə ehtyac var. Bu halda onlar dinimizi insanlara müasir dövrün tələblərinə uyğun şəkildə çatdıra bilərlər. Həm də xaricdən kimlərsə din adı ilə öz maraqlarına uyğun şəkildə hansısa məsələləri Azərbaycana yeridə bilməz”.