Tanınmış aparıcı Vüsalə Şahvəliqızının Milli.Az-a müsahibəsi.
– Vüsalə xanım, xeyli müddət televiziyada müxtəlif verilişlərin aparıcısı olmusunuz. Hazırda fəaliyyətinizi Space radiosunda davam etdirirsiniz. Televiziyadan radioya keçmək çətin olmadı?
– Mən hələ bir müddət öncə də radioya keçməklə bağlı Vaqif Mustafayevdən xahiş etmişdim. Radioda bəzi şeyləri öyrənmək istəyirdim, mənimçün maraqlı idi. Radioda işləmək heç də çətin olmadı. Televiziyada aparıcılarından biri olduğum “Sağlam yaşa” verilişi prodakşn məhsulu idi. Ora sonradan ikinci aparıcı kimi qoşuldum və sponsor, reytinq problemi olduğuna görə bağlandı. Yanvar ayına qədər yeni verilişlə efirə çıxacağam. İndiki halda heç nə itirməmişəm. Əksinə, burada təcrübə qazanmağa çalışıram, yenilikləri öyrənirəm. Tam öyrənəndən sonra radioda ayrıca veriliş açmaq fikrim var. İstərdim ki, həmin veriliş axşam saatlarında efirə getsin.
– Əvvəl tamaşaçı sizi görürdü, jest və mimikalarla nələrisə çatdırmaq imkanınız olurdu. Amma radioda bu imkanlar yoxdur. Darıxdırıcı deyil ki?
– Bəli, insan müəyyən məqamlarda fikrini jestlərlə, mimikalarla çatdıranda daha asan olur. Radioda aparıcılığa başladığım ilk günlərdə yaxın insanlardan soruşurdum ki, səsim necədir? İnsan telefonla danışanda da öz səsini kənardan eşitmir. Ona görə özümə də maraqlı idi, narahat olurdum, həyəcanlanırdım. Artıq həyəcanım keçib. Buna görə “Xeyirli olsun” verilişinin digər aparıcısı, İqrar Eyvazova da təşəkkür edirəm. Çünki o da hansısa işarələrlə, mimikalarla mənə kömək edir.
– Bir neçə ay öncə şəxsi həyatınızda durğunluq dövrü yaşayırdınız. Amma sosial şəbəkədəki profilinizdə “münasibətdədir” sözü yazılıb…
– Bunu çox narahat edilməmək üçün etmişəm. Dostlara, yaxınlara cavab verirəm ki, inciməsinlər. Çox vaxt deyirlər ki, özünü dartır. Əslində, elə deyil. Sadəcə, sevgi təkliflərinə cavab verməyə səbrim çatmır. Bilirsiniz indiki həyatım nədən ibarətdir? Hazırda işim birinci yerdədir. Günümün bir neçə saatını idmana və övladlarıma sərf edirəm.
– Övladınız, yoxsa övladlarınız?
– Bəli, övladlarım dedim. Amma şəxsi həyatıma buradan o tərəfə toxunmaq istəmirəm. Məncə, bu qədər kifayətdir.
– Sirr deyilsə, kiçik övladınızın neçə yaşı var?
– Mənim üç övladım var. Bunu ilk dəfədir deyirəm. Oğlumun on beş yaşı var, doqquzuncu sinifdə oxuyur, qızım 8 yaşındadır, ikidə oxuyur, balaca qızımın isə beş yaşı var.
– Belə olan halda sizin yaşınızla bağlı sual yaranır.
– Mənim 30 yaşım var.
– Deməli, çox erkən yaşda ailə qurmusunuz…
– Çox dərinə getmək istəmirəm. Amma 15 yaşımda ailə qurmuşam.
– Yəqin ki, istəmədiyiniz bir evlilik olub.
– Heç kim inanmayıb ki, 15 yaşlı oğlum var. Hətta övladlarımın şəklini belə göstərməmişəm.
– Öz istəyiniz olmayıb?
– Çox dərinə getmək istəmirəm.
– Bir neçə ay öncə demişdiniz ki, tək qalmaq fikrim yoxdur…
– Bəli, tək qalmaq fikrim yoxdur. İndiyə qədər də təkəm. Çünki hər insana şans vermək olmaz. İnsan elə insanın yanında olmalıdır ki, onun qədir-qiyməti bilinsin. Qadın, xanım kimi səni dəyərləndirən insanın yanında xoşbəxt ola bilərsən.
– Keçmiş sevgiliniz barışmaq üçün cəhdlər etmişdi?
– Bəli, çox cəhdlər olub.
– İndi də var?
– Bəli, amma mənim planlarımda elə bir şey yoxdur.
– Özünüzü xəbər aparıcılığında görürsünüz?
– Çox istərdim ki, xəbər aparıcısı olum. Lakin televiziya sahəsinə şou-bizneslə başlamışam.
– Sizcə, xəbər aparıcısı olsanız, oxuduğunuz xəbər tamaşaçı üçün inandırıcı olar?
– (Gülür) Sizə belə bir şey danışım. İşlədiyim telekanalların birində hər altı aydan bir imtahan olurdu. Mən şirkətin prezidentinin qarşısında eyni vaxtda həm şad, həm də bəd xəbəri oxumalıydım. Çox məşhur bir insanın ölüm xəbərini oxudum və çox gülməli alındı. Amma elə bir təklif olsa, öz üzərimdə çalışıb buna nail olaram. Yetər ki, qarşıma məqsəd qoyum. Fikrimcə, tamaşaçı mən inanar.
– İstəmədiyiniz halda çatdırdığınız xəbər olub?
– Bəli.
– Hansı xəbər olub?
– Vaxtilə xalq artistlərimiz haqqında bir xəbəri çatdırmışam. Amma, sən demə, düzgün araşdırılmayıb. Ona görə sonra özümdən utanmışam. Sadəcə, məndən tələb etmişdilər ki, onu deyim. Aparıcı olsan da, hər şey səndən asılı deyil. Sənə mətn verilirsə, onu oxumalısan. Ən pisi odur ki, axşam da yata bilmirsən və səhv xəbərə görə zənglər telekanal rəhbərliyinə yox, sənə gəlir.
– Hədə-qorxular olub?
– Bəli, hədə-qorxular da olub.
– Xəbər aparıcısı kimi fəaliyyətə başlasaydınız, sonradan şou sahəsinə keçərdiniz?
– Xəbər aparıcılığıyla başlasaydım, şou sahəsinə keçməzdim.
– Şou aparıcıları deyirlər ki, bu sahədə dostumuz yoxdur. Bəs sizin şou aləmində dostunuz var?
– Xətrini çox istədiyim sənətçilər var, amma dostum yoxdur. Yəqin siz də hiss etmisiniz ki, hər kəslə, baş verənlərlə bağlı çox neytralam. İnsanları yaxına buraxmağı da xoşlamıram. Heç kimlə pis olmaq istəmirəm. Amma şou sahəsində səmimi xanımlar və bəylər var ki, onlarla dostam, xətirlərini də çox istəyirəm. Onlardan biri də Namiq Qaraçuxurludur. Bu yaxınlarda ad günü idi, zəng vurdum təbrik etdim. O insanda həmişə səmimilik görmüşəm, səmimi insan kimi tanımışam.
– Sənət aləmində elə bir insan varmı ki, o, sizə sevgisini etiraf etsə, qəbul edərsiniz?
– Mənə belə bir etiraf olub. Amma azərbaycanlı müğənnidən yox.
– Kim idi?
– Davut Güloğlu Bakıya gəldi, verilişimin qonağı oldu. Hətta jurnalistlərdən biri dedi ki, bu barədə yazaq, amma mən istəmədim.
– O, sizinlə ailə qurmaq istəyirdi?
– Bəli, o istəyirdi ki, biz bir-birimizlə münasibət quraq, tanıyaq. Hətta məni Türkiyəyə dəvət etdi.
– Bu, nə vaxt olmuşdu?
– Keçən il evlilik təklif etmişdi.
– Bəs niyə təklifi qəbul etmədiniz, nə çatmadı?
– İstəmədim sadəcə.
– Ümumiyyətlə, xarici ölkə vətəndaşı ilə ailə qurarsınız?
– Qətiyyən.