Rusiyanın Novosibirsk şəhərində 2012-ci ilin sonlarında öldürülən erməni biznesmen, “Astreya” ayaqqabı şirkətinin sahibi Arsen Sərkisyanın işi üzrə məhkəmə prosesi gedir.
Virtualaz.org saytı “Kommersant”a istinadən xəbər verir ki, bu iş üzrə yeganə müttəhim Azərbaycan vətəndaşı Ramil Hüseynovdur. O, Sərkisyanı güllələyən killeri hadisə yerindən öz maşını ilə aparmaqda ittiham olunur. Məhkəmə ona 8 il həbs cəzası kəsib. Məhkəmə prosesi zamanı qalmaqal da baş verib. Andlılar kollegiyasının başçısı şahidə ittihamın xeyrinə ifadə verməsi üçün təzyiq göstərib.
Arsen Sərkisyan 2012-ci il dekabrın 4-də Novosibirskdə yaşadığı evin girişində güllələnib. O, qarnından və döş qəfəsindən üç güllə yarası alıb və bir gün sonra xəstəxanada ölüb. 2013-cü ilin yazında hüquq-mühafizə orqanları bu qətl işi üzrə 34 yaşlı Ramil Hüseynovu saxlayıb. İstintaqın versiyasına görə o, öz “Jiquli”sində killeri hadisə yerindən aparıb. Qətlin bilavasitə icraçısı hesab olunan Azərbaycan vətəndaşları Cavid Niftiyev və sifarişçi ilə killer arasında vasitəçilik edən Raim Xəlilovun barəsində axtarış elan edilib. Onların Azərbaycana qaçdıqları ehtimal olunur. Sifarişçini müəyyən etmək mümkün olmayıb. İstintaq materiallarına əsasən sifarişçi erməni kommersantın qətli üçün 450 min dollar verib. Bu puldan 40 min dollar Ramil Hüseynova verililib.
Ramil Hüseynov ona qarşı irəli sürülən ittihamı qəbul etmir. Məlum olub ki, bu ilin aprelində andlılar kollegiyasının başçısı iş üzrə əsas şahidlərdən birinə təzyiq edib və onu “stukaç” adlandırıb. Bu insident hüquq-mühafizə orqanlarına məlum olandan sonra həmin kollegiya üzvü prosesdən kənarlaşdırılıb. Məhkəmə prosesində prokuror Hüseynova 15 il həbs tələb edib, ancaq hakim Oleq Yefimov bu cəzanı yarıyadək endirib.