Milli Məclisdə növbəti ilin dövlət büdcəsinin müzakirələri davam edir
Noyabrın 5-də 2015-ci il “Dövlət büdcəsi haqqında” Qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirələri Milli Məclisin 6 komitəsi – Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında davam etdirilib.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqətində olan və dövlətimizin başçısının prioritet hədəf kimi müəyyən etdiyi vəzifələrin uğurla və ardıcıl surətdə həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, respublikamızın hərtərəfli təhlükəsizliyinin təmini üçün maliyyə təminatı yaradır. İqtisadi və sosial islahatlar, qeyri-neft sektorunun inkişafı, eyni zamanda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrə dəstək verilməsi ənənəvi olaraq, gələn ilin büdcəsinin prioritetləri sırasındadır.
Bunların təmin olunması üçün lazım olan maliyyə təminatı 2015-ci il dövlət büdcəsində nəzərə alınıb.
Nazir bildirib ki, dövlət büdcəsi xərclərində sosial yönümlü xərclərin ümumi çəkisi 27,6 faiz olmaqla 1,1 faiz artıb. Sosial yönümlü xərclərin məbləği 5 milyard 826 milyon manat təşkil edəcək.
Qeyd edilib ki, elm sahəsinin xərclərinə növbəti ilin dövlət büdcəsindən 143 milyon manat vəsait ayrılacaq. Azərbaycanda gələn il dövlət büdcəsi xərclərinin 8,1 faizi təhsil sahəsinə yönəldiləcək.
Təqaüdlərin və sosial müavinətlərin ödənilməsi üçün 1 milyard 845 milyon manat vəsait ayrılıb. Bu, cari illə müqayisədə 1,4 faiz çoxdur.
Növbəti ildə sosial ipoteka üçün 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Elm, təhsil, səhiyyə, mədəniyyət, idman, sosial müdafiə və sosial təminat sahələri üzrə proqram və məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün növbəti ilin dövlət büdcəsində 805 milyon manat vəsait nəzərdə tutulub. 2014-2018-ci illəri əhatə edən regionların, 2014-2016-cı illəri əhatə edən Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində zəruri sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən iri həcmdə vəsait ayrılacaq. Dövlət əsaslı vəsait qoyuluşu investisiya proqramları xərclərinə 6 milyard 930 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Nazir onu da vurğuladı ki, 2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə hesablanıb. 2015-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat proqnozlaşdırılıb. 2014-cü ilin proqnozunda müdafiə xərcləri 1 mlrd. 637,4 mln. manat təşkil etmişdi.
2015-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu da 2014-cü illə müqayisədə 10 milyon manat və yaxud 25 faiz çoxdur.
Musavat.com-a açıqlamasında, növbəti ilin dövlət büdcəsi haqqında fikirlərini səsləndirən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, 2015-ci ilin büdcəsində xərclər və gəlirlər ilə bağlı hər hansı problem yoxdur: “Təxminən 19 mlrd. gəlir, 21 mlrd.-a yaxın da xərc nəzərdə tutulub. Neftin qiyməti dövlət büdcəsində 90 dollar nəzərdə tutulub. Bu məsələ daha çox müzakirəyə səbəb olub. Çünki dünya bazarında neftin ucuzlaşma prosesi gedir. Ancaq düşünürəm ki, neftin ucuzlaşması Azərbaycanda neftdən gələn gəlirlərə təsir etməyəcək”.
Millət vəkili Vahid Əhmədov onu da bildirdi ki, büdcə əsasən sosial yönümlüdür: “Büdcənin 32 faizi investisiya layihələrinə, 21 faizi sosial sahə üçün nəzərdə tutulub. Bir sıra məsələlər var ki, bizi narahat edir. Bunlar əsasən əhalinin mənzillə təmin edilməsi və ipoteka kreditlərinin verilməsi ilə bağlıdır. Biz təklif etdik ki, ümumiyyətlə, dövlətin mənzil planı işlənib, hazırlansın, əhalinin mənzillə təminatı yalnız Bakıda və mərkəzi şəhərlərdə yox, o cümlədən, rayonlarda da həyata keçirilsin. Bu məsələ hazırda müzakirə obyektidir. O cümlədən, müəllimlərin və həkimlərin maaşlarının artırılması məsələsi gündəmdədir. Müəllimlərin maaşlarının artırılması ilə əlaqədar Maliyyə Nazirliyinə məlumat verilib, hazırda bu məsələ razılaşdırılır. Müəllimlərin maaşının onların iş əmsalına, iş keyfiyyətinə uyğun olaraq, artırılması nəzərdə tutulur.
Sosial müavinətlərin, ehtiyac miqdarının və yaşayış minimumunun artırılması dövlət büdcəsində nəzərdə tutulub. Pensiyaların artırılması ilə bağlı hələlik müzakirələr getmir. Ancaq dövlət büdcəsindən maliyyələşən qurumlarda maaşların artırılması nəzərdə tutulur”.
Hazırda Azərbaycan hökuməti qarşısında ən əsas məsələnin qeyri-neft sektorundan gələn gəlirlərin artırılması olduğunu deyən Vahid Əhmədov bildirdi ki, bu məsələ hər zaman gündəmdədir: “Hətta hesablamalara görə, 2018-ci ilin Ümumdaxili Məhsulun tərkibinin 70 faizi qeyri-neft sektorundan əldə olunan məhsulların payına düşür. Bu gəlirlərin artması nəzərdə tutulur. Ancaq 2015-ci ildə dövlət büdcəsinin neftdən asılılığı 65faizdir. Qeyri-neft sektorunun payı isə 34 faiz təşkil edir. Biz qeyri-neft sektorunun gəlirlərinin təxminən 12 faiz artmasına çalışırıq”.
Musavat.com