Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi toyuq dönərini təhlükəli hesab edərək, dönərxanalarda onun satışına qadağa qoyub. 2013-cü ildə mərkəzin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev mətbuata açıqlamasında toyuq dönərinin əhali üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulamışdı.
Qadağadan 1il keçməsinə baxmayaraq, paytaxtın əksər yerlərində fəaliyyət göstərən dönərxanalarda, hələ də, toyuq dönərinin satışı həyata keçirilir. Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayevdən münasibət öyrəndik. O, Aktual.az-a, bununla bağlı,açıqlama verərək bildirib ki, konkret şikayət olmadan, hər hansı bir iaşə obyektində yoxlama aparılmır:
“Bir müddət əvvəl toyuq dönərinin satışını həyata keçirən dönərxanalarla bağlı müəyyən tədbirlər həyata keçirdik. Bəziləri bağlandı, əksəriyyətinə inzibati qaydada cərimə sanksiyaları tətbiq olundu. Ancaq bu il qanunvericilikdə dəyişiklik edildiyindən biz, istənilən anda, yoxlama apara bilmirik”.
Şöbə müdirinin sözlərinə görə, yoxlamaların aparılması üçün müvafiq qaydalar qəbul olunub:
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunundakı əlavə və dəyişikliklərə görə, yalnız planlı yoxlamalar aparıla bilər. Plan üzrə yoxlamalar hər il noyabr ayının 1-nə qədər Ədliyyə Nazirliyinin reyestrində yerləşdirilir. Həmin plana əsasən, dövlət orqanları yoxlama aparır. Plandankənar yoxlama isə obyekt haqqında hər hansı məlumat daxil olduğu halda aparıla bilir. Digər hallarda, yəni özümüz şahidi olsaq belə, yoxlama apara bilmirik. Konkret şikayət və məlumat olmalıdır”.