Bu gün Topaz Premyer Liqasında XI turun qarşılaşmalarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində klublar son matçlarına çıxıblar.
Eyni gündə baş tutan bütün qarşılaşmalar Qəbələdə start götürüb. Fasiləyə lider kimi yollanmaq iddiasında olan “Qəbələ” “Bakı”nı qəbul edib. Hərəyə 1 qol vuran komandalar xalları yarı bölüb.
Günün ikinci oyununda zirvə savaşında mübarizə aparan, son 4 görüşdə qolsuz heç-heçə edən “İnter” səfərdə ardıcıl 5 məğlubiyyətlə mövsümün antirekorduna şərik olan “Sumqayıt”ın qonağı olub. Bu görüşdə də qalib müəyyənləşməyib – 0:0.
İlk pillədən 1 xal uzaqda olan “Neftçi” paytaxt derbisində AZAL-ı sınağa çəkib. “Flaqman” “təyyarəçilər”ə divan tutub. Matç 4:0 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb.
Liderlə autsayderin matçı isə tura yekun vurub. Vahid liderliyini qorumaq iddiasında olan “Qarabağ” 8 turdu qələbənin nə olduğunu bilməyən “Araz-Naxçıvan” səddini keçməyə çalışıb. Ağdam klubu autsayderi darmadağın edib – 4:0.
Qeyd edək ki, bu matçlardan sonra Premyer Liqada yaranacaq fasilə noyabrın 19-da bitəcək.