“Forbes” jurnalının rus versiyası bu gün “LUKoil” şirkətinin səhmdarlarından biri, şirkətin vitse-prezidenti Leonid Fedunun öz səhmlərini “Rosneft” şirkətinə sataraq biznesdən çəkilməyə hazırlaşdığı barədə xəbər yayıb.
Virtualaz.org saytı xəbər verir ki, nəşr bu məlumatı bir neçə mötəbər mənbədən dəqiqləşdirdiyini bildirir.
“Forbes”in mənbələrinin bildirdiyinə görə, Leonid Fedun “LUKoil”dakı 9,77 faizlik payını satmağa hazırlaşır. Bu səhmləri almağa əsas namizəd Kremlin “boz kardinalı” hesab olunan İqor Seçinin başçılıq etdiyi “Rosneft” şirkətidir.
Leonid Fedun
L.Fedunun “LUKoil”dakı payının qiyməti 4 milyard dollara yaxındır.
Mənbələrin bildirdiyinə görə, “LUKoil”un top-menecerinin öz səhmlərini satmaq planı çoxdan var və danışıqlar təkcə “Rosneft”lə getmir. Əgər “LUKoil”un səhmlərinin 10 faizini “Rosneft” alsa, bu, Vahid Ələkbərov üçün “qorxulu yuxu” olacaq. Çünki o, barışmaz rəqibi Seçinlə ortaqlıq etməli olacaq. Lakin alternativ variantlar da mümkündür. Belə variantlardan birinə görə, Fedunun səhmlərini Ələkbərov özü alacaq. Hazırda Vahid Ələkbərov “LUKoil”da 21 faizlik paya malikdir.
Leonid Fedunun “LUKoil”dakı payını satmağa hazırlaşdığı və “Rosneft”lə danışıqlar apardığı haqda məlumatı şirkətdən təkzib ediblər.
“LUKoil”dan bildiriblər ki, L.Fedun səhmlərini satmayacaq. Üstəlik onun belə fikri olsaydı, səhmləri ilk növbədə “LUKoil”un menecerlərindən birinə təklif edərdi.
V.Ələkbərovla L.Fedun arasında səhmdar razılaşması mövcud deyil. Bu isə o deməkdir ki, azərbaycanlı neft maqnatının çoxdankı dostu və ortağı öz payını kimə istəsə, sata bilər. Bununla belə “LUKoil”un səhmlərinin bir hissəsinin “Rosneft”in əlinə keçməsi V.Ələkbərova qətiyyən sərf etmir.
Bundan əvvəl “Rosneft”in “LUKoil”u almağa hazırlaşdığı barədə xəbərlər yayılanda V.Ələkbərov bu xəbərləri qəzəblə təkzib edərək demişdi ki, onun şirkəti heç vaxt satılmayacaq və “LUKoil”u heç kim ala bilməz.