Azər Ayxan: “Siyasətçinin tənqidə dözümsüzlüyü onun mədəniyyətinin aşağı olmasının göstəricisidir”; Zahid Oruc: “Mətbuatla münasibətlərdə problemlər olanda bu konflikt ruhu cəmiyyətə daşınır”
Tənqid bütün dövrlərdə, bütün ölkələrdə sevilməyib. Xüsusilə də siyasətçilər, dövləti idarə edən məmur kontingenti tənqidə qarşı həssas və dözümsüzdür. Avtoritar ölkələrdə isə tənqid edənlə tənqid olunan arasında münasibətlər az qala düşmənşilik həddinə qədər yüksəlir. Təəssüf ki, Azərbaycan da avtoritar ölkələr siyahısındadır. Ona görə də illərdir media-siyasət arasında tənqidə, təftişə görə gərginlik hökm sürür.
Onsuz da bütün tərəflərdən üzünə qapı bağlanan, informasiya blokadasına salınan jurnalistlər üçün hakim düşərgə, eləcə də müxalifət cameəsi az qala “qapalı qutu”ya çevrilir. Siyasətçilərimiz, ictimai xadimlərimiz tənqidi demək olar ki, qəbul etmir, onu həzm etməkdə çətinlik çəkir. Ünvanına bir dəfə tənqid eşitdiyi media orqanını, onun nümayəndəsini az qala iqnor edir. Ən yumşaq halda “o nəydi, o gün yazmışdınız” tipli tənə, ən ağır variantda isə ümumən media nümayəndələri ilə ünsiyyəti kəsmək adi hallardan birinə çevrilib.
Tənqidə qarşı hansı düşərgə daha dözümlüdür? Siyasi tənqid bir mədəniyyət hadisəsidirsə, Azərbaycanın tanınmış şəxsləri bu mədəniyyətə nə dərəcədə sahibdilər?
“Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan bildirdi ki, Azərbaycanda tənqidə dözümsüzlük məişətdən üzü siyasətə, dövlət idarəçiliyinə qədər uzanan bir prosesdir. Onun fikrincə, ümumən bizim xalq heç vaxt tənqidi sevməyib: “Avtoritar ölkələrdə tənqid qorxulu məşğuliyyətdir. Bu cür ölkələrdə siyasi müxalifət də avtoritarlaşır, tənqidi yaxın buraxmır. Bir sözlə, hamı tərif eşitmək istəyir. Tənqidə dözümlülük isə sıfırın altında olur. Necə ki, hazırda bizim ölkədə belədir”.
A.Ayxan deyir ki, Azərbaycan müxalifəti də tənqidə qarşı dözümsüzdür: “İqtidarımız kimi müxalifətimizdə də tənqidi sevmirlər. İqtidar öz tənqidçilərini əsasən “düşmən dəyirmanına su tökən antimilli ünsür” adlandırır, müxalifət isə bu kateqoriya insanlara “iqtidarın agenti”, “hakimiyyətin gizli tapşırıqlarını yerinə yetirən şpion” damğası vurur. Bu mənada biz qəzetçilərin işi çox çətindir. Belə ki, iqtidarı tənqid tənqid edən qəzetlər ən yaxşı halda məhkəməyə verilib, bir neçə min manat cərimələnir. Ən pis halda isə… Ən pis halı zatən görə-görə gəlirik. Azərbaycanda tənqidə görə öldürülən, döyülən, şikəst edilən, mühacirətə getmək məcburiyyətində qalan, həbsxanada olan jurnalist var. Bu arzuolunmaz mühiti heç şübhəsiz ki, hazırkı iqtidar yaradıb”.
A.Ayxan dedi ki, iqtidarı tənqidə dözümsüzlüyə görə başa düşmək: “Çünki bizim hakimiyyət demokratiyanı sevmir, tənqidə qarşı patoloji nifrəti var, avtoritardı. Bizi təəssüfləndirən ideya-siyasi baxımdan özümüzə yaxın, doğma bildiyimiz müxalifətin tənqidə hakimiyyətdəkilər qədər dözümsüz yanaşmalarıdır. Hətta facebook statusunda bir cümləni adama bağışlamır hörmətli müxalifət liderləri. O ki qalmışdı onların tənqidinə köşə həsr edəsən. Ağızlarını da açanda deyirlər ki, bizi onsuz da iqtidar sıxışdırır, bir yandan da siz üstümüzə gəlirsiniz. Əcaib məntiqdir; əgər iqtidar bunları təntidirsə, üstlərinə-üstlərinə gəlirsə, bu, müxalifəti tənqiddən sığortalamalıymış…
“Adamdan soruşarlar ki, hörmətli lider, sayğıdəyər partiya sədri, funksioneri, səni illərlə müdafiə etdiyimə görə bir dəfə təşəkkür etmisənmi ki, indi bir köşəmə, bir açıqlamama, bir facebook statusuma görə məni orda-burda asıb-kəsirsən, danışdırmırsan, salamımı tərəddüdlə alırsan, bəzən isə ümumiyyətlə küsülü qalırsan?” |
Özünü demokrat adlandırmaq nədir, tənqidi qəbul etməmək nə? Axı bu günkü müxalifət sabahkı iqtidar deməkdir. Sən bugünkü siyasi statusunla tənqidə alışmırsansa, tənqiddən qıcıqlanıb qəzetləri. ayrı-ayrı jurnalistləri boykot edirsənsə, sabah hakimiyyətə gəldiyində biz qəzetçilərin halı-günü necə olacaq?! Bax, bu, bizi ciddi şəkildə narahat edir. Tənqidə dözümsüzlük mədəniyyətsizliyi ölkəmizi, cəmiyyətimizi ciddi şəkildə təhdid edir. Onun inkişafının qarşısını alır. Adamdan soruşarlar ki, hörmətli lider, sayğıdəyər partiya sədri, funksioneri, səni illərlə müdafiə etdiyimə görə bir dəfə təşəkkür etmisənmi ki, indi bir köşəmə, bir açıqlamama, bir facebook statusuma görə məni orda-burda asıb-kəsirsən, danışdırmırsan, salamımı tərəddüdlə alırsan, bəzən isə ümumiyyətlə küsülü qalırsan?”
Azər Ayxan bildirdi ki, demokratik və ya qeyri-demokratik olsun, dünyanın heç bir ölkəsində jurnalistləri sevmirlər: “Hətta jurnalistlər özləri belə onları tənqid edən həmkarlarını sevmirlər. Amma siyasətçilər, xüsusilə də hakimiyyətdə olan və hakimiyyətə iddia edən siyasi qüvvələr tənqidə, təftişə, açıq olmalı, dözümlü yanaşmalıdırlar. Tənqidçi qəzeti, jurnalisti məhkəmə repressiyasına məruz qoymaq, döydürmək və yaxud ona “filan məqaləni iqtidarın sifarişi ilə yazmısan” demək siyasi mədəniyyətin və elementar kültürün nə qədər aşağı olduğunun göstəricisidir”.
Psixoloqlar bu fikirdədir ki, insanlara tənqid elə də xoş təsir bağışlamır. Hər nə qədər tənqidlərə qarşı açıq olduqlarını dilə gətirsələr də, hər insan tənqidin məzmunundan çox kimin onu tənqid etdiyinə fikir verir. Tənqid edəni özündən aşağı pillədə gördükdə isə tənqid mahiyyətini dəyişir. Belə olan halda deyilən sözlər insanın yaxşılığını istəməkdən çox onun qüsurlarını üzə vurmaq kimi qiymətləndirilir. Bu isə iki insan arasında olan münasibətin zədələnməsinə səbəb olur.
İnsanın tənqidlərdən inciməməsi, tənqidi sağlam bir şəkildə həzm etməsi, başa düşməsi üçün diqqətli olmaq lazımdır. Diqqət isə əksər insanlarda, ümumiyyətlə, olmayan bir keyfiyyətdir. Birinci şərt isə tənqidin gizli formada deyilməsidir. Aşkar, hər kəsin yanında insanı tənqid etmək onun utanmasına və sizə qarşı düşmən mövqeyinə keçməsinə səbəb olacaq ki, bu da münasibətin korlanmasına gətirib çıxaracaq: “Tənqid etməkdə məqsədimiz nədir? Birinci bunu aydınlaşdırmaq lazımdır. Biz həqiqətən də tənqid etdiyimiz insanın yaxşılığınımı istəyirik, yoxsa, sadəcə, onu danlayırıq? Yaxşılığını istəyiriksə, tənqidimiz qətiyyən başqa insanların əhatəsində dilə gəlməməlidir. Təklikdə, ikilikdə olarkən tənqid etmək, irad bildirmək daha yaxşıdır”.
Deputat Zahid Oruc da bu məsələdə fərqli düşünür. Onun fikrincə, əgər söhbət siyasət adamından gedirsə, bu şəxs mütləq cəmiyyətlə münasibətlərini media qurumlarının vasitəsilə qurmalıdır: “Başqa alternativ kommunikasiya vasitəsi yoxdur. Çox sevinmək lazımdır və mətbuata təşəkkür bildirilməlidir ki, hər hansı siyasi çıxışı, mövqeləri və sairi cəmiyyətə onlar vasitəsilə ötürürük. Əlaqələri dayandırmaq, hansısa media orqanını linc eləməyə çalışmaq effektli yol deyil. Mətbuatla münasibətlərdə problemlər olduğu halda, bu konflikt ruhu cəmiyyətə daşınır. Təcavüzkarlıq, inkarçılıq geniş yayılır”.
Z.Oruc bildirdi ki, son dövrlər dövlət strukturlarının cəmiyyətə açıqlığı, sıx təmaslar qurması daha çox qəbul olunur. Müsahibimizin sözlərinə görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin media kapitanları ilə görüşündə də media ilə çalışan qurumlar tənqid olunmuşdu: “Onlar istənilən məsələni məxfi sayıb da, hər hansı bir şəkildə cəmiyyətlə ünsiyyət qurmurlar. Son nəticədə isə şayiələr yayılır. Mən ötən dəfə də çıxışımda vurğuladım ki, sizin əleyhinizə etimadsızlıq yaradan məlumatlar dərc edilir.
Siyasətçilər, dövlət qurumları, nazirlər media ilə açıq olmalıdılar. Onların borcu və vəzifəsidir ki, cəmiyyəti məlumatlandırsınlar. Onların nə üçün ixtiyarı olmalıdır ki, özlərini qapalı qəsrdəki kimi aparsınlar, 5 il bu tribunanı zəlil edərək, cəmiyyətdən də özlərini təcrid etsinlər”.