781664
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan arasında oktyabrın 27-də Parisdə, Yelisey sarayında keçirilmiş Qarabağ danışıqlarına dair yeni təfərrüat məlum olub.
Virtualaz.org saytı xəbər verir ki, Fransa prezidentinin yaxın ətrafındakı mənbə “Frans press” agentliyinə görüşün sonuna doğru prezidentlər arasında atmosferin xeyli istiləşdiyini açıqlayıb.
“Prezidentlər arasında Fransua Ollandla birgə naharla başa çatan görüşün sonunda İlham Əliyevlə Serj Sərkisyan arasında əla atmosfer var idi” – deyə mənbə bildirib.
Mənbə əlavə edib ki, buna baxmayaraq prezidentlərin görüşü razılaşmanın əldə olunmasına gətirib çıxarmadı.
Xatırladaq ki, Yelisey sarayında Qarabağ danışıqları bütün günü davam edib. Əvvəlcə Fransa prezidenti Olland Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşüb. Daha sonra hər üç prezident Minsk Qrupu həmsədrlərinin və xarici işlər nazirlərinin iştirakı ilə müzakirələri davam etdiriblər.
Bundan sonra İlham Əliyevlə Serj Sərkisyan arasında təkbətək görüş olub. Danışıqlara axşamdan xeyli keçmiş Fransua Ollandla Azərbaycan və Ermənistan prezidentlərinin, habelə həmsədrlərin qatıldığı naharda yekun vurulub. Tərəflər danışıqları davam etdirməyi, müharibədə itkin düşmüş şəxslərlə bağlı informasiya mübadiləsi aparmağı qərara alıblar.
Fransa prezidenti tərəflərə böyük sülh sazişi üzərində işə başlamaq təklif edib. Ancaq bu təklifə münasibət məlum deyil.
Qeyd olunmalıdır ki, baza prinsiplərinin razılaşdırılmasını gözləmədən böyük sülh sazişi üzərində işə başlamaq təklifini daha əvvəl rəsmi Bakı irəli sürmüşdü.