İranın işğalçı ölkəyə illərdir qucaq açması təkcə Qarabağ probleminin həllini əngəlləmir, bölgədə ədalətli sülhü və tərəqqini də əlçatmaz edir; Azərbaycanı İsraillə yaxınlıqda suçlayan Tehran öz gözündəki tiri nə vaxt görəcək, Ruhani qondarma soyqırımın 100 illiyinə İrəvana gedəcəkmi?

“Dindaş və qardaş İran”ın təcavüzkar Ermənistana illərdir isti münasibətdə olması, ona qucaq açması yeni məsələ deyil. Bir sıra analitiklər rəsmi Tehranın bu siyasətini vaxtilə Azərbaycanın müstəqilliyini 8-cı sırada tanımış bir dövlətin – İranın həm də ölkəmizə münasibətdə yürütdüyü siyasətlə əlaqələndirirlər.

Hesab edilir ki, cənub qonşumuz bununla Rusiya kimi Azərbaycanla Ermənistana öz təzyiq rıçaqlarını saxlamaq niyyəti güdür, üstəlik, Güney amilinə görə Azərbaycan Respublikasının Qarabağ yükündən qurtulub daha da güclənməsini arzulamır. Əlqərəz, ümmət yox, millət-dövlət maraqlarını üstünlük verir.

Hər halda, sübuta ehtiyacı olmayan həqiqət belədir ki, əgər “dindaş və qardaş”, hətta məzhəbdaş İran qardaş Türkiyə kimi işğalçı ilə sərhədləri bağlı saxlasaydı, İrəvan üçün yeganə “nəfəslik” rolunda olmasaydı, sonuncu çoxdan təngnəfəs olub ədalətli sülhə gələr, böyük bir bölgənin normal inkişafı önündə əsas əngəl götürülərdi.

6b3369efcf77

Sonuncu qənaət qonşu Ermənistanın baş naziri Ovik Abramyanın təzəcə başa çatan İran səfəri ilə bir daha öz parlaq təsdiqini tapmış oldu. Belə ki, Abramyan Tehranda gözlənildiyindən də isti qarşılandı, cırtdan və marionet bir ölkənin baş nazirinə prezident səviyyəsində sayğı göstərildi, hətta şəkildən göründüyü kimi, vitse-prezident İshaq Cahangirinin müşayiəti ilə onun şərəfinə fəxri qarovul (!!!) düzüldü.

Burdaca vurğulayaq ki, belə təntənəli qarşılanma mərasimi parlamentli və nüfuzlu ölkələrin (misal üçün, Türkiyənin) baş nazirləri üçün təşkil edilir. Onu da yada salaq ki, öncələr Serj Sərkisyanın, digər yüksək çinli erməni məmurlarının şərəfinə belə isti qəbullar düzənlənib.

f8c7cea251f0

İran qardaş Türkiyə kimi işğalçı ilə sərhədləri bağlı saxlasaydı, İrəvan üçün yeganə “nəfəslik” rolunda olmasaydı, sonuncu çoxdan təngnəfəs olub ədalətli sülhə gələr, böyük bir bölgənin normal inkişafı önündə əsas əngəl götürülərdi”

Kəsəsi, bizim cənub qonşumuz kiçik fürsətdəcə sanki Azərbaycanın, Türkiyənin acığına erməni-fars dostluğunu xüsusi qabartmağa çalışır. Təbii ki, Ovik Abramyan da istisna olmadı. Təsadüfi deyil ki, o, prezident Həsən Ruhani tərəfindən də isti qarşılanıb. Musavat.com-un xəbərinə görə, görüş zamanı tərəflər iki ölkə arasında əlaqələrin mövcud vəziyyətindən və dinamik inkişafından məmnun qaldıqlarını, bu əlaqələri daha da dərinləşdirmək əzmində olduqlarını bildiriblər. Eyni zamanda müxtəlif iqtisadi və energetik sahələr, məxsusən neft-qaz sferası üzrə ortaq proqramları həyata keçirməyə hazır olduqlarını qeyd ediblər.

0d05a69dccd6

Ermənistan baş naziri görüş zamanı həmçinin, gələn il 100 illiyinin tamam olacağı iddia edilən  saxta erməni soyqırımı ilə bağlı Serj Sərkisyanın İrəvana dəvət məktubunu Həsən Ruhaniyə çatdırıb. Dəvət qəbul edilib və böyük ehtimalla reallaşacaq – buna da şübhə qalmır.

Sadalananlar, o sırada həmçinin “100 illik yubiley”də iştirak məsələsi şübhəsiz, vaxtaşırı Azərbaycanla dostluqdan dəm vuran Tehran rəsmilərinin Bakıya (paralel surətdə qardaş Türkiyəyə) xoş olmayan mesajlarıdır.

36803d12281b

Ancaq Ermənistandan fərqli olaraq yəhudi dövləti Azərbaycan torpaqlarını işğal eləməyib, əksinə, bu işğala son qoyulması üçün Azərbaycanın hərbi qüdrətinin güclənməsinə yardım edir. Bununla belə, Azərbaycan rəsmiləri İsrailli həmkarları ilə tutaq ki, İrana aclıq vermək üçün heç vaxt qucaqlaşıb öpüşmürlər. Fəxri qarovul düzülməsindən isə söhbət belə getmir”

Əlbəttə ki, deyilə bilər ki, bu, müstəqil dövlət kimi İranın öz daxili işidir, dost-rəqibləri seçməkdə o sərbəstdir. Amma…. Əmması da odur ki: 1: İran illərdir ümmət maraqlarının təmsilçisi, müsəlman torpaqlarının işğalına qarşı çıxan böyük dövlət kimi özünü təqdim edir. 2: Özünün Ermənistanla yaxınlığını Azərbaycan iqtidarını “sionist İsrail”lə müttəfiqliyə bir növ cavab kimi ortaya atır.

Ancaq Ermənistandan fərqli olaraq yəhudi dövləti Azərbaycan torpaqlarını işğal eləməyib, əksinə, bu işğala son qoyulması üçün Azərbaycanın hərbi qüdrətinin güclənməsinə yardım edir. Bununla belə, Azərbaycan rəsmiləri İsrailli həmkarları ilə tutaq ki, İrana aclıq vermək üçün heç vaxt qucaqlaşıb öpüşmürlər. Fəxri qarovul düzülməsindən isə söhbət belə getmir.

*   *   *

Görən, qardaş və dindaş İran öz gerçəyi yaxşı görmək üçün öz gözündəki tiri nə vaxt götürəcək?          

Musavat.com

Загрузка...