Yazının əvvəlində dövlət başçısına müraciət edərək məni əfv etməsini istəyirəm. Ümid edirəm Mədət müəllim bu ərizəmi Penisentiar Xidmətin saytında yerləşdirəcəkdir.
Düzdür, bunu vaxtından qabaq yazılan əfv ərizəsi saymaq olar, ancaq dünyanın işini kim bilir? Mən uzaqgörən adamam. Bu gün toylarda qarmon çalan adam sabah nazir ola bilər. Dünən badalaq vurduğun adam bu gün səni yıxıldığın gölməçədən qaldırar, sonra dünənki günü xatırlayıb təzədən suya basar. Həyat belə şeylərlə doludur. Dünya beş gündür, beşi də qara. Hamısı masonların oyunlarıdır. Bizim millət düzələn deyil. Müsavat yüz ilin partiyasıdır. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Əfvdən söz düşmüşkən, dünən dostlar bunun əsasnaməsini tapıb internetə qoymuşdular. Sən demə, hardasa 12 il qabaq prezidentin əfvi necə istəmək haqda xüsusi sərəncamı olmuşdur. Yəni, bizdə dustaqların necə deyərlər, “sındırılması” prosesi tam qanuna uyğun imiş. Əsasnamədə hər bir detal dövlətçiliyimizə uyğun formada əks etdirilmişdir: ərizəni hansı qələmlə yazmaq olar, neçə sözdən ibarət olmalıdır, göz yaşları ilə sulamaq vacibdirmi, ərizəni ürək formasında qatlamaq əfvi tezləşdirirmi və sairə.
Bəli. Gözəl qanundur. Misal üçün, sən demə, ərizə mütləq qırmızı, diyircəkli qələmlə, latın qrafikasının nəstəliq xəttində yazılmalıdır. Ərizədə şeir, rəsm əsəri işlətmək, Eynşteyndən və Belinskidən sitatlar vermək, səni tutan məhkəmə hakimini Allaha tapşırmaq kimi qanuna zidd xırdalıqlar hamısı öz təsvirini tapmışdır. Buna görə biz əsasnaməni hazırlamaqda böyük zəhmət çəkmiş Əliməmməd müəllimə dərin minnətdarlığımızı bildiririk.
Əslində heç bilmirəm sənədi hansı hüquqşünas yoldaşlar hazırlamışdır, sadəcə, Əliməmməd müəllimə fürsət ikən bir minnətdarlıq imzaladıq, getdi işinin dalıyca. Yuxarıda yazdığım kimi, dünyanın işini hardan biləsən? Bəlkə bizim Əliməmməd müəllimə bu minnətdarlığımız 2048-ci ildə Qarabağ ətrafındakı rayonlardan bir qarış torpaq almağımıza səbəb olacaqdır? Alın yazısından qaçmaq olmaz. Bu “2048″ oyununu kəşf edənin də başına kvadrat daş düşsün – dünəndən bəri ancaq bu oyunla məşğulam.
İnternet serfinqi zamanı bir maraqlı fakt da tapmışam, istərdim onu dəyərli oxucularımızla bölüşüm.
Sən demə, qədim latın dilində (əslində bunun hamısı qədimdir, indi belə xalq yoxdur, güclü liderləri olmadığı üçün müstəqilliklərini, dövlətçiliklərini, yeraltı keçidlərini, gənclər mərkəzlərini itirərək tarixə qovuşmuşlar) “ulamaq” sözü… “ululo” imiş! İnanılmaz doğmalıqdır. Hələ bu harasıdır, sanskrit dilində də ulamaq “ululi”, qədim ingiliscədə “ule” (bu söz çağdaş ingiliscədə bayquşun adında qalır – “oul”), litva dilində “uluti”, yunancada “ololu” şəklində imiş.
Hörmətli oxucular soruşa bilər ki, bunun bizə nə dəxli var, kim necə istəyir, hansı dildə istəyir ulasın, bizim özümüzün çoxlu dərd-sərimiz vardır. Elə deyil, əzizlərim. Biz dərdlərimizin kökünü tapmaq üçün onların qlobal problemlər olduğunu anlamalıyıq. Gördüyünüz kimi, ta qədimdən bütün bəşəriyyət eyni cür ulamışdır. Ata sözümüzdə deyilən kimi, ulu sözünə baxmayan uluya-uluya qalar.
İnsan belə sirləri öyrəndikcə kamilləşir, yüngülləşir, bir də baxırsan lap uçdun getdin. Jorji Amadu-nun “Piranyasda möcüzə” hekayəsinin qəhrəmanı kimi. Uzun hekayədir, özünüz tapın oxuyun.
Söz kitaba gəlmişkən, bir maraqlı faktı da yazım. İndiyə qədər dünyada ən çox çap olunan kitab “Bibliya”dır. İkinci yerdə isə “Sion müdriklərinin protokolları” adlı uydurma, yalançı kitab durur. Yəni, hər ikisi əfsanə olan kitablar insanlar arasında populyardır və ikinci kitabın yaranmasında birinci kitabdakı “lənət”in böyük rolu vardır.
Görün necə məzəli, əfsanəvi planetimiz vardır. Siz də dərd çəkirsiniz. Bunun təməli belə qoyulubdur.