Bu günlərdə Rusiya ordusunun Cənub Hərbi Dairəsində, Ukraynanın Luqansk vilayəti ilə sərhəddə keçirilən təlimlər zamanı “Solntsepyok” TOS-M1 ağır reaktiv odsaçan sistemlərindən təlim hədəflərinə bir neçə atış həyata keçirilib.
Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın rəsmi nəşri “Rossiyskaya qazeta” bu təlim atışlarının Luqansk ətrafında mövqe tutan Ukrayna könüllü batalyonları və ordu hissələri arasında güclü panikaya səbəb olduğunu yazır.
Bu atışlardan sonra internetdə rus ordusunun Ukrayna qüvvələrinə qarşı “Solntsepyok” sistemlərinin tətbiq oluna biləcəyi haqda şaiyələr yayılıb. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında bu dəhşətli silah sisteminin işə salına biləcəyinə dair narahatlıq var.
Bəs barəsində o qədər də çox məlumat olmayan “Solntsepyok” odsaçan sistemləri nə üçün belə qorxuya səbəb olub?
Qəzet bunun səbəblərini izah edərək yazır ki, hazırda dünyanın bir çox ordularının sərəncamında olan odsaçanlar bir sxemlə işləyir-yüksək təzyiq altında lülədən yandırıcı maye qarışığı atılır və alışdırılır.
Lakin SSRİ-də başqa yolla getməyə qərar verdilər – yandırıcı qarışıq xüsusi kapsullara yerləşdirildi və qumbaraatanlardan atıldı. Bu cür əl qumbaraatan-odsaçanlarına “Şmel” adı verildi.
Ötən əsrin 70-ci illərində isə reaktiv yaylım atəşi sistemləri yaradıldı. Bu sistemlər iri həcmdə partlayıcı-yandırıcı qarışıq daşıyan 220 millimetrlik raketlər atırdı. Hər raket 100 kq belə qarışıq daşıya bilirdi. SSRİ ilk dəfə bu silahları Əfqanıstanda döyüş sınağından keçirib.
Lakin həmin dövrdə silah olduqca məxfi saxlanılırdı və onun barəsində heç bir informasiya yox idi. Bu silahdan açılan raketin daşıdığı yandırıcı-partlayıcı qarışıq alışanda müəyyən radiusda temperatur 3000 dərəcəyə çatırdı. Nəticədə həmin radiusda yerləşən bütün canlı və cansızlar bir an içində külə çevrilirdi. Bundan əlavə silah havanın alışıb yanması nəticəsində “vakuum bombası” effekti yaranırdı. Düşmən piyadasının bu cəhənnəm alovunda və təzyiqin ani olaraq kəskin aşağı düşməsi şəraitində sağ qalması mümkün deyildi. Həmin sistemi “Buratino” TOS-1 adlandırdılar.
“Rossiyskaya qazeta” yazır ki, “Buratino” Əfqanıstanda tətbiq olunanda düşmanları dəhşətə salırdı. Uzaq məsafədən alov dənizini görənlər bir daha bu səhnənəni unuda bilmirdi.
Sistem T-72 tankının şassisində quraşdırılıb və atəş məsafəsi 4,5 kilometr olub. Bu silahı cəbhənin ön xəttində tətbiq etmək nəzərdə tutulur. Qəzet yazır ki, ilk dəfə bu silahı Əfqanıstanda mücahidlərin gizləndiyi magaraları dağıtmaq üçün istifadə ediblər. Silah sərgisində isə “Buratino” ilk dəfə 2001-ci ildə nümayiş etdirilib.
Elə həmin il silahın daha mükəmməl və daha asan istifadə olunan variantı – “Solntsepyok” TOS-1A yaradılıb. Bu sistem atəşkin daha mükəmməl idarə edilməsi sistemi, raket lülələrinin sayının 30-dan 24-ə endirilməsi, əla zireh müdafiəsi və yeni sursatları ilə fərqlənir. Yeni sistemdə atəş məsafəsi 6 kilometrə qədər artırılıb, hər raketin dağıdıcı radiusu artıb.
Bir “Solntsepyok” TOS-1A qurğusu 40 min kvadrartmetr ərazidə bütün canlıları məhv edir. Bütün raketlər cəmi 24 saniyə ərzində buraxılır.
2001-ci ildə Rusiya ordusuna verilən bu silah sisteminin ixracına 2008-ci ildə icazə verilib. “Solntsepyok” TOS-1A sistemlərini Rusiyadan ancaq Azərbaycan və Qazaxıstan alıb. Rəsmi mənbələrdə yer alan məlumatlara görə, Azərbaycan 2010-cu ildə “Rosoboroneksport”la bağlanmış müqavilə əsasında bir diviziyon (18 kompleks) “Solntsepyok” odsaçan sistemi alıb. Bu ildən isə Rusiya bu silahları İraqa satmağa başlayıb.
“Solntsepyok” TOS-1A Bakıda hərbi paradda…
İnternetdə “Solntsepyok” sistemlərindən təlim atışını göstərən qısa videorolik tapmaq mümkündür. Bu videoda silahın necə dəhşətli dağıdıcı gücə malik olduğu görünür.
“Solntsepyok” xüsusən dağlıq ərazilərdə tətbiq olunanda dəhşətlidir. Bu silah sistemindən açılan atəşlər nəticəsində hətta dağ uçub-dağıla, qayalar əriyib kül ola bilər. Çünki silahın tətbiqi zamanı olduqca güclü vakuum effekti yaranır.
Beləliklə, Azərbaycan NATO ordularında analoqu olmayan bu dəhşətli silah sistemlərinə malik olmaqla Qarabağda düşmən üzərində ciddi hərbi üstünlük əldə etmiş olur. Qarabağda mümkün irimiqyaslı döyüş əməliyyatları zamanı “Solntsepyok” sistemlərinin tətbiqi işğalçı erməni qüvvələrini əsl cəhənnəm alovunda qovura bilərdi…