298249
Aktrisa Ülfət Bəşirin Milli.Az-a müsahibəsi.
– Ülfət xanım, məndə olan məlumata görə, siz hələ məktəbdə oxuyarkən artıq “Məhkumlar” serialında baş rola çəkilirdiniz. Daha sonra “Toy gecəsi”ndə baş rollardan biri sizə həvalə olundu. Nəzərə alsaq ki, yaşınız azdır, amma gənc bir aktrisa üçün bu çox böyük bir uğurdur. Bu uğurların təməli necə qoyuldu?
– Məktəbdə oxuyarkən məni görüb kastinqə dəvət etdilər. O vaxt “Məhkumlar” serialı çəkilirdi. Səhnə görünüşümü, danışığımı, plastikamı bəyənib məni birbaşa baş rola təsdiq etdilər. Bu rol mənim uğurlarımın təməli oldu. Daha sonra “Toy gecəsi”nə dəvət aldım. Namiq Qaraçuxurlunun nişanlısı rolunda bir neçə seriyaya çəkildim. Beləliklə, yavaş-yavaş aktrisalığa başladım. Bu həvəs məni Dövlət Mədəniyyət və İncəsənət Universitetinə girməyə məcbur etdi (gülür).
– Aktrisalığa meyliniz məhz “Məhkumlar”dan sonra başladı, yoxsa siz də bu peşənin sahibi olmaq arzusu ilə yaşayanlardan olmusunuz?
– Düzünü desəm, tək aktrisalığa deyil, incəsənətlə bağlı olan bütün sahələrə uşaqlıqdan meyl göstərmişəm. Ancaq nədənsə içimdə, elə bil, nə vaxtsa məşhur insan olacağam kimi bir hiss var idi. Şükürlər olsun ki, bəxt üzümə güldü. İstədiyimə vaxtından qabaq nail oldum.
– Siz çox gəncsiniz. Hələ bərkə-boşa düşməmisiniz. Sənətin dərinliklərinə getdikcə itib-batmaqdan qorxmursunuz?
– Bu sənətin nə qədər çətin və şərəfli olduğunun fərqindəyəm. Amma mən bu peşəni öz istəyimlə seçmişəmsə, gərək heç nədən qorxmayım, axıra qədər yoluma davam edim.
– Bu çətinlikdən savayı, aktrisanın ailə qurmağı da bir az müşkül məsələdir. Hər kişi bunu asanlıqla qəbul eləmir. Ən azından, belə bir psixologiya formalaşıb. Yəqin ki, bu amilləri də nəzərə almısınız…
– Əlbəttə, almışam. Dediyiniz məsələlərdən də az-çox xəbərim var. Sənət yoldaşlarımın əksəriyyətində bu halları müşahidə etmişəm. Ya ailə qurandan sonra sənətdən uzaqlaşmağa məcbur olublar, ya da boşanıblar. Ona görə də düşünürəm ki, məni başa düşən, ən azından, sənətimdən xəbəri olan biri ilə ailə qursam, daha doğru olar.
– Hal-hazırda sizin kimi gənc aktrisaları tez-tez seriallarda görürük. Bəziləri elə düşünürlər ki, azyaşlı aktrisaların birdən-birə baş rola çəkilməsinin arxasında rejissorların şəxsi maraqları dayanır: ya pul alıb çəkirlər, ya kiminsə tanışı olur, ya da sevgilisi… Səslənən bu fikirlərə münasibətiniz necədir?
– Mən özüm şəxsən belə neqativ halları gözümlə görməmişəm, olduğunu isə danmaq olmaz. Xalqın gözü tərəzidir, deyirlər. Belə şeylərə təəssüflənməkdən başqa əlimdən heç nə gəlmir…
– Məsələn, sizi orta məktəbdən aparıb seriala çəkəndə buna görə qonorar ödənildi?
– Bəli, artıqlaması ilə ödənildi. Mən indi də çəkildiyim seriallardan öz qonorarımı tələb edirəm. Necə deyərlər, qiymət danışıram.
– Toxunulası başqa bir məsələ də var. Əvvəlkindən fərqli olaraq indi gənc aktrisaların çoxu “açıq-saçıq səhnələrə çəkilərsinizmi?” sualına birmənalı cavab vermirlər. Sanki bir qədər tərəddüd edirlər. Bəs siz necə, belə şeylərdə cəsarətlisiniz?
– Mən indi bu barədə heç nə deyə bilmərəm…
– Məsələn, filmin müəyyən bir hissəsində sizdən soyunmaq tələb olunarsa, soyunarsınız?
– Mənə desələr ki, soyun, qətiyyən soyunmaram. Amma texniki cəhətdən onu göstərməyə qadir bir aktrisayam. Elə edərəm ki, tamaşaçı mənim həqiqətən də soyunmağıma inanar.
– Amma yenə də Ülfət Bəşir soyundu deyəcəklər… Ona görə də haçansa bu addımı texniki cəhətdən atsanız da sizi alqışlamağa dəyər. Deməli, kifayət qədər risklisiniz…
– Bəli, riskli insanam. Risk etməyi sevirəm. Ağına-bozuna baxmadan risk edə bilərəm. Ta ki, istədiyimə çatana qədər.
– Bu yaxınlarda tamaşaçılar sizi hansı serialda, yaxud da filmdə görə biləcəklər?
– Bu yaxınlarda çəkilişlərinə start veriləcək bir serial – “Gəlinlik paltarı”nda baş rola təsdiqlənmişəm. Sözügedən serialda əməkdar artist İlqar Cahangirlə tərəf-müqabil olacağam.