Xumar Qedimova

“Ehtiraslıyam, çılğınam, eşq doluyam”

Adi bir suya belə fərqli yanaşır. Sevgini sevən və tam başqa bir dünyaya malik biri… Fərqliliyi həm sevgi qazandırıb, həm də nifrət. Amma nifrət belə,sevgidən irəli gəlir. Hər halda qonağımız belə düşünür. Özünü çox dəyərli sayır. Qəbul edənləri qədər, ehtiyat edənləri də az deyil. Təhlükəli qadındır. Çünki sevməyi və sevdirməyi bacarır. Ondan heç vaxt imtina etməyiblər. O, vaz keçib. Öz xoşbəxtliyini məhv edən Xumar Qədimova Ailəm.az-ın “Yaylıq” rubrikasında…

– Hər zaman gözəllik nümayiş etdirmək istəmişəm. Nə də yarada bildimsə, bunlar hamısı içimdən gəlib. İç dünyam məni başqalarından bir addım kənarda saxlayıb. Məndə olan fərqliliyi hər kəsə göstərmək istədim. Məhz onun köməyi ilə bu yerlərə qədər gəlib çatdım. Məncə, fərqliliyim olmasaydı, sıradan biri olardım.

 – Fərqliliyiniz nədir ki?

 – Mənim içim! İçimdən fərqli yorum, fərqli bəstələr və ümumiyyətlə fərqli xanım olmaq gəlir. Ürəyim başqadır mənim. Mən düşmən sözünü demək istəmirəm. O, çox böyük anlamdır və heç mənim yoxumdur da. Amma məni sevməyənlər belə, sevirlər əslində. İstəməyən adamlara belə, sevdirə bildim özümü. Ən böyük məhəbbət nifrətin altında gizlənəndir. Mən elə bir durumdayam ki, özüm öz içimə belə, baş vura bilmirəm. Əksinə, o, mənə baş vurur. Mən öz içimdə itə bilərəm.

– Fərqindəsiniz ki,  daxili aləminizi hər adam anlayıb, qəbul edə bilmir?! Çətin görünürsünüz kənardan.  

– Niyə, məni anlayanlar da çoxdur. İki cür sənətçi var – çox və az sevilən. Mən, şükür Allaha sevilənlərdənəm. Yəqin, bəxtim gətirib. Məni az sevsinlər, amma həqiqətən sevsinlər.

img_1093_bc8d2460f7166ead595b3c2a52409b93

– Çox ehtiraslı xanım olduğunuzu gizlədə bilmirsiniz. Bəlkə də heç lazım deyil də gizlətmək. Hər halda, uzaqdan belə görünürsünüz.

– Bəli, gizlətmək heç lazım da deyil. Ümumiyyətlə, yaşayan insanda ehtiras olmalıdır. Mən həm də çox çılğın qadınam. Və çılğın olmayan adamları da sevmirəm. Mən sevgimdə də, dostluğumda da, sənətimdə də çılğınam və özüm kimi adamlar arzulayıram. Allahın adına and olsun ki, mən bir musiqi bəstələyəndə suya batıram. Bu, bir növ doğuşa bənzəyir. Düzdür, mən övladımı təbii yolla dünyaya gətirməmişəm. Əməliyyatla olub. Deyirlər ki, qadın doğanda əziyyət çəkir. Baxın, mən sanki doğuram. Nəticə gözəl bir şey dünyaya gəlir və mən onun eşqi ilə yaşayıram. Sonra mən səs yazma studiyasına gedəndə onu da o qədər həssaslıqla işləyirəm. Hər dəfə deyirəm ki, yox, bunu daha yaxşı işləyə bilərdim. Səs yazma studiyasında çalışan peşəkarlar mənə deyir, bura gələn müğənnilər başdan getdi ifa edirlər ki, deməyə sözləri olsun, özlərini reklam edə bilsinlər. Mənim bütün işlərim mükəmməl olmalıdır. Kim qısqanır, özü bilər.

– Qadın uğurlu və gözəl olanda onu qısqanırlar. Siz də gələn gündən qısqanılanlar sırasındasınız. Sizcə, bu hələ nə qədər davam edəcək?

– Onu Tanrı bilir. Allah eləsin ki, mən elə hər zaman yaxşı qalım, onlar da qısqansınlar. Mən bir az eşq doluyam. İnsan üçün həyatı daha maraqlı edəcək amillər olmalıdır, mütləq olmalıdır.

– Bu eşq dolu xanımın sevgi həyatı da maraqlıdır. Varmı, həyatı daha maraqlı edən şəxs?

– Eşq deyəndə, mən sadəcə toxunulan eşqdən danışmıram. O, mənim yanımdadır, o, insandır, mən ona toxunuram. Yox, eşq tək bu deyil. Ola bilər ki, o, yoxdur, amma mən sevirəm. Mən sevgini sevirəm. Sevməsəm, yaşaya bilmərəm. Mən sevgini sevdiyim üçün tək olanda da eşq doluyam.

– İndi siz bizə desəniz ki, həyatınızda heç kim yoxdur, təbii ki biz inanmayacağıq.

– Amma vallah yoxdur. Düzünü deyim, mən hələ seçim edirəm. Və əminəm ki, yaxında nəhayət ki, seçəcəm.  Hazırda təkəm. Ancaq dediyim kimi sevgimlə, hər şeyi sevə bilməyimlə xoşbəxtəm. Təbii ki, məni sevənlər var. Özü də hədsiz dərəcədə çoxdur. Lakin nə edim, sevgini bir az ucuzlaşdırıblar. İndi eyni cinslər evlənir. Kişi kişiyə, qadın-qadına meylini salır. Bəs budur da sevgini ucuzlaşdıran.

– Sadaladıqlarınız ola bilər. Ancaq bəllidir ki, sizin üçün sevgini ucuzlaşdıran konkret səbəb var. Deyəsən, bu sarıdan başınız çox çəkib.

– Mən çətin adamam. Münasibəti yalnız özüm korlaya bilərəm. Məni heç vaxt atmayıblar, hər zaman mən atmışam. İnsan özünə verdiyi əzabı heç kim özünə verə bilməz. Mən heç nədən problem yarada bilən qadınam. Əslində, məsələnin kökündə heç nə olmasa da olar. Ancaq mən qurduğum fantaziyalarla hər şeyi məhv edə bilərəm. Qarşımdakı insanın ağlından belə keçməyənləri mən qurub, özümə əzab verirəm. O adamın bəlkə də günahı olmaz. Özüm edərəm. Sadəcə o, mən istədiyim mükəmməl biri deyil. Bəlkə də kənardan baxsaq idealdır. Amma mənim fantaziyalarıma sığmır və bu, öz xoşbəxtliyimi dağıtmağa kifayət edir. Olub ki, mənim ideal hesab etmədiyim kişi başqa qadınlar üçün mükəmməl və əlçatmazdır. Mən səmimi etiraf edirəm, çoxu mənim atdığımı əliçıraqlı gəzir. Bu günə qədər çəkdiyim əziyyət olubsa, mütləq səbəbkarı özüməm. Özüm zorla özümü çətinə salıram. Birdə görürəm ki, xoşbəxtliyimin içində özüm xoşbəxt deyiləm.

img_1118_2175da201d64f367df7b902ded7199a3

– Öz günahınız ucbatından olub deyirsiniz. Nə vaxtsa elədiklərinizə görə peşman olmusunuz?

– Yox, heç vaxt. Çünki həyatımda boşluq olmayıb. Bir əli buraxdımsa, mütləq mənə başqa bir əl uzanacaq və məyus olmağıma imkan verməyəcək. Boşluq yaranmır həyatımda. Bu, o demək deyil ki, mən növbəti biri ilə münasibət qururam. Yox, sadəcə, dəyəri görüb, xoşbəxt ola bilirəm. Bilim ki, sevilirəm və bu mənə yetər. Hətta özüm düşünürəm ki, görəsən, mən nə vaxta qədər seviləcəyəm. İçimdə qorxu yoxdur ki, bir gün sevilməyəcəyəm. Mənə bir yaxın adam demişdi, onun sözünü hər zaman xatırlayıram. Özəl qadınlar heç vaxt unudulmur, çirkinləşmir və qocalmır. Onlar hər zaman sevilirlər. Mən də özəl qadınam, yəqin ki.

– Bəllidir ki, sizə addım atan kişi bir daha cəsarətli olmalıdır. Sevginizi qazanmaq başqa nələr tələb olunur?

– Kişi olmalıdır, təbii. Dürüst, səmimi və bacarıqlı. Qadına diqqətli, qayğıkeş və sevgi dolu biri. Mən dərin qadınam, o da güclü biri olmalıdır. Mənim bir də həssaslığım var. O, məni incidir. Hərdən düşünürəm ki, güclü olduğum qədər də zərifəm.

– O adamın cəmiyyətdəki mövqeyi və maliyyə vəziyyəti hansı yerdədir sizin üçün?

– O iki amili özündə birləşdirən adam şəxsiyyətlidir həm də. O adamın şəxsiyyəti mənim üçün çox önəmlidir. Belə an da ola bilər ki, kimsə o adamdan daha böyük vəzifədə işləyər, amma onun qədər şəxsiyyətli olmaz. Mən o şəxsiyyəti heç nəyə dəyişmərəm. Bir də, təbii ki, onun maddi durumu öndə gedən məsələlərdəndir. Mənim hər addımım puldur. Bu sözümü kimsə səhv anlaya bilər. Ancaq izah edirəm, mən baxımlı qadınam. Baxımlı qadın addımı çölə atdı, artıq puldur. Mən ailəmdə də belə görmüşəm. Şükür Allaha ki, heç vaxt heç bir ehtiyacımız olmayıb. Ona görə kim deyir ki, pul boş şeydir, inanmayın, boş filan deyil. Pulsuz yaşamaq çətin olar. Çətin həyatı isə hər adam həzm edə bilmir. Mənim dodaq boyam belə qiymətlidir. O, adi ola bilməz. Mütləq keyfiyyətli və brend məhsul olmalıdır. Bunun üçün də mənim münasibətim kasıbla ola bilməz. Mən çalışsam da alınmaz. Bəli, mən etiraf edirəm, mənim üçün kişinin maddi durumu çox önəmlidir. Amma pulu var, şəxsiyyəti yoxdur, belə də mümkün deyil. Elə dərin şeylər var ki, onu pulla almaq olmaz.

– Xumar xanım, qadın və şəxsən siz, nə zaman təhlükəli ola bilərsiniz? Səhv hiss etməmişəmsə, sizdən ehtiyat edənlər var. Bu sırf sizin xasiyyətinizlə bağlıdır, ya necə?

– Mən bunun cavabını bilmirəm. Bəlkə insanları belə düşündürən özümü dəyərləndirməyim, özümə hörmət tələb etməyimdir. Mən özüm üçün çox dəyərliyəm və mən özümə hörmət edirəm. Bəlkə bu xarakterim insanlarda bu təəssüratı yaradıb. Mən ortalıqda deyiləm, saxta deyiləm, süni deyiləm və sıradan biri deyiləm. Əgər bir az fərqlisənsə, sənə təbii ki, fərqli baxacaqlar. Kimisi kinayə, kimisi gülüş, kimisi qorxu, kimisə də sevgi ilə…

– Oğlunuz necədir?

– O çox qəliz adamdır. Mənimlə bəlkə də yola getmək olar, onunla mümkün deyil. O da çətin olduğu qədər maraqlı biridir. Sevinirəm ki, yaşına baxmayaraq o, çox şəxsiyyətli və mədəni biridir. Böyüklərə hörmət edər və hər zaman hər şeyin yerini bilər. Mən ondan narazı deyiləm.

– Onun üçün Xumar Qədimovanın oğlu olmaq çətin deyil?

– Bir az cazibədar görünəndə qısqanclıqları baş qaldırır. Amma məni xoşlayır. Mən gözəl görünəndə  o sevinir. Hətta bir etiraf da edib. Deyir, istəyirəm ki, sənə oxşasın xanımım. Amma indi o qorxur ki, anasına bənzəyən həyat yoldaşı tapmayacaq. Deyir ki, yoxdur sənin tək qadın. Bu sözü mənə çox adam deyib. Axırı, bir mahnı da oxudum: “Bir də gəlməyəcək mənim tək qadın”.

– İnsanlarla aranızda bir bariyer var. Nədir sizi hər kəsdən uzaqlaşdıran?

– Məndə hər şey ya var, ya da heç kökündən yoxdur. Münasibət, dostluq, eşq hamısı ya mükəmməl olmalıdır, ya da ümumiyyətlə olmamalıdır. O dediyiniz baryeri də yaradan bax bu amillərdir. Mənim üçün bioloji doğmalıq da önəmli deyil. Ən yad adam da gəlib doğma ola bilər. Mən yad biri kişini və ya qadını doğmam kimi, canım kimi sevərəm.