Müğənni Xatun Əliyevanın Milli.Az-a müsahibəsi.
– Rəhmətlik Sabir deyib ki, “adəmi adəm eyləyən paradır”… Bəs Xatunu Xatun edən nə oldu?
– Birincisi, Xatunun səsi və istedadı olmasaydı, indi olduğu yerdə olmazdı. İkincisi isə Xatunu Xatun edən Balaş oldu.
– Xatun adı sizin üçün uğurlu oldu. Hamı sizi bu adla tanıdı. Amma maraqlıdır, sənətə niyə məhz bu adla gəldiniz? Nərgiz adından xoşunuz gəlmirdi?
– Məsələ burasındadır ki, mənim səhnə fəaliyyətinə başladığım ərəfədə məşhur olan bir neçə Nərgiz var idi. Fərqlənmək lazım idi. Buna görə də səhnəyə bu adla gəldim.
– Gəlişinizlə də tanınmağınız arasında uzun fasilə olmadı. İşin əslinə baxsaq, Xatun qalmaqalla gəlmədi, adı heç kimlə hallanmadı. Həm də soyunmaqla gündəmə gəlmədi…
– Düzdür, mən soyunmadım. Ancaq bu o demək deyil ki, mənim bədən quruluşum buna imkan vermir, yaxud da kompleksim var və s.
– Amma özünə arxayın olanlar soyundular…
– Kim soyunur, əcəb edir. Qoy soyunsunlar, mən öz işimlə məşğulam. Heç kimə qarışacağım yoxdur.
– İçinizdən gələn bir səs sizin məşhurlaşacağını zı deyirdimi? Yoxsa “nə olar, olar…” deyərək səhnənin “qoynuna” atıldınız?
– Tam səmimi deyirəm, hələ məktəb illərində içimdə “mən başqa bir adla məşhur olacağam” kimi bir duyğu baş qaldırmışdı. Zənnimdə yanılmadım. Bu da mənim hissiyyatımın güclü olmağından xəbər verir.
– Hər bir insan bəzən kənarda dayanıb yorulmadan nələrisə müşahidə edir. Bəs siz saatlarla nəyəsə baxmısınız?
– Mənim də durub həsrət çəkərcəsinə baxdığım çox şeylər olub. Məsələn, kiməsə baxıb ürəyimdə demişəm ki, kaş bu insanla sağlam ailə qura biləydim. Kaş ki, bu insan mənim həyat yoldaşım olardı. Amma işin mümkünsüz olduğunu görəndə anlamışam ki, boş və mənasız şeylərdir. Bundan başqa, saatlarla dayanıb gözıl mənzərədən zövq ala bilərəm.
– Deyilənə görə, siz də erkən yaşda nikaha girənlərdən olmusunuz. Bəs bu evlilik niyə görə sona qədər davam etmədi? Boşanmağınıza səbəb səhnə fəaliyyətiniz oldu, yoxsa?..
– Bəli, 18 yaşımda ailə qurdum. Bəlkə də aramızda güclü sevgi olmadığına görə erkən qurulan bir ailənin təməli “laxladı”. Ya da bəlkə, qismət özü bizi bir-birimizdən ayrı saxladı…
– Ayrılıqdan sonra sizin, ya da onun tərəfindən barışmaq cəhdləri oldu?
– Bir dəfə oldu, amma yenə də alınmadı.
– Səssiz gecələrdə həmin tənhalığın fərqinə çoxmu vardınız?
– Gecələr, ümumiyyətlə, mənim sirdaşım olub. Hər bir insan zaman-zaman özünü daxilən tənha hiss edir. Çox vaxt həzin bir musiqi eşidən kimi gözlərimdən gilə-gilə yaş axıtmışam. Bu, əslində, mənim çox kövrək insan olmağımdan irəli gələn bir şeydir.
– Nə istədiyinizi yaxşı bilirsiniz?
– İnsan istədiyini bilməsə, bəlkə də yaşaya bilməz. Həyat gözündə mənasızlaşar. Mənim də öz istəklərim, arzularım var. Ancaq bəzən mənə elə bir darıxmaq gəlir ki, heç özüm də nə üçün darıxdığımı bilmirəm. Lakin çox bərk darıxdığımı və sıxıldığımı hiss edirəm.
– Hal-hazırda həftənin hər günü toyda olanların siyahısına düşmək asan məsələ deyil. El arasında həmin müğənnilərə “təqvimlə toya gedənlər” deyilir. Siz necə, “toy bazarının qapısı”nı tez-tez açan müğənnilərdənsi niz?
– Şükür Allaha ki, toylarım kifayət qədərdir. Güzaranımdan narazı deyiləm. Toylarda, məclislərdə oxuyub halal pulumu qazanıram.
– Uşaqlığınızın hansı anını yenidən yaşamaq istərdiniz?
– Sözün düzü, mənim uşaqlıq illərim mənalı keçib. İmkanımız da yaxşı olub. Nə istəmişəmsə, onu da alıblar. Amma yenə də qayğılardan uzaq uşaqlıq illərini bir daha yaşamaq mənim üçün xoş olardı.
– Bu vaxta qədər konsert proqramınız olmayıb. Sizcə, bu sindromu “qırmağın” vaxtı deyil?
– Təbii ki, vaxtıdır. Konsert mütləq lazımdır. Söz sözü çəkər, deyirlər. Bu il adıma layiq bir konsert verməyi planlaşdırıram, inşallah.
http://s012.radikal.ru/i319/1410/2d/01b8d426587e.jpg
http://i008.radikal.ru/1410/e7/bd3f75a2351b.jpg
http://s020.radikal.ru/i719/1410/f4/9dc16ed8b063.jpg