NEFT QAZ

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov dünya bazarında neftin qiymətinin düşməsinin dövlət büdcəsinə təsirləri barədə danışıb. 

O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, neftin qiymətinin düşməsi nəzarətdə saxlanılır: “Dövlət başçısı da hökumətin iclasında bu məsələyə toxundu. Hökumətə tapşırdı ki, neftin qiymətini nəzərə alsınlar.

Neftin qiyməti kəskin aşağı düşür. Artıq 90 dollara yaxınlaşıb. Biz 2014-cü ilin dövlət büdcəsində neftin qiymətini 100 dollar götürmüşdük. Amma 2015- ci ilin dövlət büdcəsində 85-90 dollar götürməliyik ki, yenə enmələr baş versə, problemlər yaşanmasın. Çünki büdcənin 60 faizə qədəri neftin qiymətindən asılıdır.  Neftin qiymətinin Azərbaycan üçün çox böyük əhəmiyyəti var.

Neftin qiymətinin aşağı düşməsinin əsas səbəblərindən biri Rusiyanın Krımı ilhaq etməsi, Donetsk, Luqanskda baş verənlər, o cümlədən Amerikada neft hasilatınınn artımı ilə  əlaqədardır. Bütün bunlar onu göstərir ki, bu proses ilin axırına kimi davam edəcək”.

Vahid Əhmədov neftin qiymətinin düşməsinin əhalinin əmək haqqısına təsir edəcəyini güman etmir: “Azərbaycanın 53 milyarda yaxın ehtiyatı var. İstənilən vaxt dövlət başçısı ondan istifadə edəcək. Mən hesab edirəm ki, 2015- ci ilin dövlət büdcəsində Dövlət Neft Fondundan transfertin də miqdarı da 1-2 milyard artacaq ki, sosial müavinətlər, maaşlarla bağlı problem yaranmasın”.

Büdcənin yenidən müzakirəsi məsələsinə də toxunan millət vəkili qeyd edib ki, 2015- ci ilin dövlət büdcəsi hələ qəbul olunmayıb: “Büdcə hökumətin iclasında təsdiq olunub. Dövlət başçısı büdcəyə baxaraq Milli Məclisə göndərməlidir. Yəqin ki, bu günlərdə büdcə yenidən müzakirə olunacaq”.