Fransa prokurorluğu Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də qarışdığı 2 milyard dollarlıq korrupsiya sövdələşməsinə dair araşdırma aparır.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Le Monde” qəzeti yazıb.
Maraqlıdır ki, bu araşdırma Nazarbayevin Belçikaya səfərindən cəmi bir gün əvvəl başladılıb. Qazaxıstan prezidenti oktyabrın 8-də Avropa İttifaqı ilə ölkəsi arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə etmək üçün Brüsselə səfər edib.
Söhbət Nikolya Sarkozinin Fransa prezidenti olduğu 2010-cu ildə onunla Qazaxıstan prezidenti N.Nazarbayev arasında əldə edilmiş gizli sövdələşmədən gedir. Bu sövdələşməyə əsasən Nazarbayev Fransanın “Airbus Helicopter” şirkətindən Qazaxıstana 2 milyard avroluq vertolyotun alınmasına dair müqaviləyə o şərtlə razılıq verib ki, Sarkozi onun biznes aktivlərini idarə edən Qazaxıstan vətəndaşları Aleksandr Maşkeviç (yəhudi milyarder), Patox Şodeyev və Alijan İbrahimov barəsində Belçikada çirkli pulların yuyulması ittihamı üzrə aparılan istintaqın dayandırılmasına kömək etsin.
Bu korrupsiya sövdələşməsinə dair Fransa prokurorluğu 2012-ci ildən etibarən istintaq aparıb, lakin istintaq yüksək məxfilik şəraitində aparıldığından bu haqda heç bir informasiya yox idi. Yalnız bu günlərdə Sarkozi ilə Nazarbayev arasında danışıqların məxfi protokolu Fransa mətbuatına sızdırılıb və korrupsiya sövdələşməsi üzə çıxıb.
Ötən ay isə Sarkozinin administrasiyasında yüksək postlar tutan iki keçmiş məmur Qazaxıstanla 2 milyard dollarlıq müqavilənin bağlanmasına görə rüşvət verdikləri üçün həbs olunublar. Bunlar Sarkozinin keçmiş müşaviri Jan-Fransua Etyen de Roze və onun administrasiyasının yüksək rütbəli əməkdaşı Natali Qonzalez-Pradodur.
Həmçinin istintaq müəyyən edib ki, Sarkozi Nazarbayevin adamlarını xilas etmək üçün 2011-ci ildə Belçika Senatına onların barəsində aparılan araşdırmanın dayandırılması üçün təzyiq göstərib. Həmin ilin avqustunda Belçikada korrupsiyada ittiham edilən Qazaxıstan vətəndaşları barədə iş dayandırılıb.
İndi bu ciddi korrupsiya qalmaqalının üzə çıxması həm Nazarbyev, həm Sarkoz üçün uğursuz hadisədir. Sarkozi onun barəsində irəli sürülən digər korrupsiya ittihamlarından təzəcə yaxa qurtarıb yenidən hakimiyyətə qayıtmaq planları qururdu. Nazarbayev isə oktyabrın 8-də Brüsselə səfər edərək Avropa İttifaqı ilə yeni əməkdaşlıq sazişi bağlayıb.