Bu il tibb üzrə Nobel ödülünü üç dənə alimə verdilər ki, indi onların adını burda yazmağımın önəmi yoxdur. Birincisi, guya biz onun adının Coni ya Meri olduğunu bilsək nə dəyişəcəkdir? Heç nə. Əsas odur adam öz icra başçısının, ərazi üzrə polisə çuğulçuluq eləyən şəxsin, məhəllə ağsaqqalı Məhiş kişinin, elçiliklərə aparılan yeddi taxta tumanlı Bəyim arvadın adını, canım sənə desin, halal dana əti satan qəssabın telefon nömrəsini bilsin. Yoxsa Nobel-mobel… Hamısı boş-boş şeylərdir, el ağzıyla desək.
Ümumiyyətlə, dünya boşuna fırlanır, dolu olan bircə bizik. Misal üçün, dünyanın heç bir paytaxtında bu qədər eşşək boyda maşınlar yoxdur. O cümlədən, dünyanın heç yerində bu qədər bahalı eşşəklər yoxdur. Nə isə, bu ayrı mövzudur, yadıma salarsınız başqa vaxt danışaram.
İkincisi, mən ödülün nəyə görə verildiyini araşdırıb belə qərara gəldim ki, burda çox ciddi yanlışlıq vardır, hətta deyərdim burunlarından gəlsin Bakı neftinin pulu ki, onunla belə mükafat qayırılmışdır. Vallah… A kişi, o bir milyon dollar bizdə qalsaydı indi həmin pulla Yardımlı-Pensər-Soğanverdilər-Aybasanlı kənd yolunun təmirini eləyərdik, camaat qazı basıb on-on qırılardı. Yoxsa indi yol pisdir, beş-beş həlak oluruq. Belə də iş olarmı? Bu insafsızlıq, bu vicdansızlıq bir gün Skandinaviya məmləkətini dəryaya qərq edəcəkdir, görərsiniz. Mən sözümü dedim. Yazın bir qırağa, batanda rəhmətimi oxuyarsınız.
Bəs yanlışlıq nədir? Yazım, sən də bax. Hərçənd, özün də bilirsən mənim qəti yalanım olmaz.
Demək, Nobel ödülünü insan beynində araşdırma aparan alimlərə veriblər. Elə xoruzun quyruğu burdan görükür! Bax, sənin camaatın başının içində nə işin var? Əlqərəz, bunlar guya tapıblar ki, insan beyni bir növ GPS sistemi (peyk naviqasiya sistemi) kimi çalışır, adam hərəkət elədikcə beyin öz içində xəritə cızır, istiqamət müəyyən edir, daha sonra burdan keçəndə yolu tanıyırsan. Beyin guya mövqeni insanın özündən asılı olmayaraq müəyyən edirmiş.
Bah… Yalansa atana lənət, Nobel Komitəsi! Siz hansı mövqedən danışırsınız? Gəlin bizim ölkəyə, tədqiqat aparın, əgər yüz adamdan heç olmazsa on nəfərinin beynində hər hansı mövqe olsa, klaviaturamı sındır, vur mənim başıma, bəlkə mənim də beynimdə bir mövqe yaranar.
Guya xəritə cızmaq, nə bilim, getdiyi yerləri içəridə “quşlamaq” söhbətinə gələndə, bunu hələ yüz il qabaq Mirzə Cəlil yazıbdır. Deyir eşşək eşşəkliyi ilə bir dəfə batdığı palçığa ikinci dəfə girmir, axı sən insansan, niyə özünü dəfələrlə batırırsan…
Ola bilsin dünyanın başqa yerlərində insanların beyni doğrudan da xəritə kimi çalışır, mövqe tutur. Ancaq biz belə irqçi nəzəriyyələri qəbul edə bilmərik. Üstəlik, regionun lider dövlətində yaşayırıq, hamı bizim paxıllığımızı çəkir ki, kaş “Təmiz Binəqədi” layihəsi bizdə də olaydı, biz də bulvarda öpüşəydik, arzuya bax, sevgilim, tellərindən incəmi və sairə… Bəs bizim beynimizin “GPS” sistemi niyə yoxdur? Niyə biz ortaya ağıllı, beyindən gələn mövqe qoya bilmirik?
Fikrimcə, bunun da əsas səbəbləri möhtərəm cənab prezidentin uğurlu daxili və xarici siyasəti ilə əlaqədardır. Misal üçün, ayrıca götürülmüş vətəndaş Məmmədağanın mövqeyinə nə ehtiyac vardır? Heç ehtiyac yoxdur. Cənab prezident, Yeni Azərbaycan Partiyası bizim hər birimizin əvəzindən ortaya mövqe qoyur, xəritə də cızır. Sənə qalan odur ki, tapşırığı alıb yola çıxasan. O sovet dövrünün şeiri vardı ha, bax vəziyyəti tam şəkildə orda ifadə ediblər: “Yolumuz Lenin yoludur, Partiyadır rəhbərimiz!”
Bu vəziyyətin əsas üstünlüklərindən biri isə odur ki, sən beynini işlətmirsən, öləndə o tərəfə sapsağlam, necə deyərlər, “sıfır kilometr” beyinlə gedirsən. Böcəklər də sevinir, dombalaq aşırlar, deyirlər növbəti azərbaycanlı gəldi, ay can, ay can… Yoxsa ingilis-mingilis öləndə goruna söyürlər.
Məncə, mükafat ləğv olunmalıdır. İndi söz Nobel Komitəsinindir.