Məlum olduğu kimi, futbol üzrə milli komandamız oktyabrın 10-da İtaliyanın, dörd gün sonra isə Xorvatiyanın qonağı olacaq. Bu oyunlar Avropa Çempionatı -2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək.
Onu da bilirsiniz ki, ölkəmizin futbol azarkeşlərinin ən ülvi arzularından biri AÇ-nin, hətta DÇ-nin final mərhələsində oynamaqdır. İntəhası, DÇ bir yana, heç AÇ-nin qapısını da üzümüzə açan yoxdur. Gərək oynayaq, qələbə çalaq, xal qazanaq.
Əslində bu saat futbol başbilənlərimizin ən ülvi arzusu heç olmasa 3-4 xal toplamaq və qrupda axırıncı yerdə olmamaqdır. Nə yaxşı ki, Farer adaları, Lüksemburq, Lixtenşteyn, Monako, Malta, Andorra kimi bizim Sulutəpə qəsəbəsi boyda olan ölkələr var və axırıncı yeri bir qayda olaraq özləri götürürlər. Yoxsa vallahi, biabır olardıq.
Beləliklə, azarkeşlərin arzusuyla AFFA böyüklərinin milli komandamızın turnir cədvəlindəki mövqeyinə dair arzuları arasında ən azı 3 pillə var. Eyni disbalans ayrı-ayrı oyunlara dair nəticələrdə də müşahidə olunur.
Məsələn, 10-12 yaşlı azarkeşlər var, onlar bütün oyunlarda qələbə istəyirlər, baxmırlar ki, bu, Almaniyadır, İspaniyadır, İtaliyadır, deyirlər, nə olsun, onlar da 11 nəfərdir, bunlar da, bizimkilər udsunlar. Elə azarkeşin biri də bizdə var, komandamız hansısa güclü komanda ilə oynayanda hamını keçəl eləyir, deyir, qırxdır, bir əskik deyil, udmalıyıq. Əvvəllər lap radikal idi, amma iki-üç ildir dünya futboluna bələd olduqca görür ki, yox, dünyada güclülər və zəiflər var, nə olsun ki, hamısı eyni cür qəşəng futbol köynəyi geyirlər.
Ümid edirəm ki, böyüdükcə o və digərləri bütün reallıqları öyrənəcək və futbola Şahin Diniyev qədər real baxışlarla baxacaqlar.
Budur, adı çəkilən görkəmli futbol mütəxəssisimiz “Komanda” qəzetinə müsahibəsində millinin şansının aşağı olduğunu bildirib: “Heç kimə sirr deyil ki, millimizi İtaliya və Xorvatiya ilə çətin oyunlar gözləyir…. Düşünürəm ki, iki oyuna qazanılacaq 1 xal bizim üçün yaxşı nəticə sayılmalıdır”.
Yəni, mütəxəssis deyir ki, iki oyuna bir xal qazansaq, gərək kepkamızı göyə ataq.
İstəyirsiniz, onun niyə belə düşündüyünü də yazım. Diniyev hesab edir ki, hər iki komandanın futbolçuları ustalıq, təcrübə və digər məqamlarda oyunçularımızdan üstündür.
Şahin bəy bunu düz deyir. Xorvatlar da, italyanlar da təcrübə, ustalıq baxımından çox güclüdürlər, hərəsi hardasa 50-60 ildir futbol oynayırlar, bizimkilər isə gəncdirlər 26-28 yaşları var, hələ nə vaxtlarıdır. Ustalıq səviyyəsinə gəlincə, onlar yekə-yekə emalatxanalarda, maldinilərin, altobellilərin yanında böyüyüblər, bizimkilər isə diniyevlərin. “Digər məqamlar”da isə bizimkilər üstün olarlar – buna heç kəs şəkk etməsin.
Adam hərdən mat qalır, düşünürsən ki, görəsən, qruplarda, eləcə də mundialların finalında 1-ci, 2-ci yer uğrunda mübarizə aparan komandaların oyunçuları nə yeyib-içirlər ki, meydanda canavar kimidirlər. Araşdırırsan, görürsən, yox, millimizin oyunçuları nə yeyib-içirlərsə, almanlar, ispanlar da ondan yeyib-içir. Hətta bəzi ziyanlı şeyləri daha az içirlər.
Bu məsələnin ölkənin kasıblığına, varlılığına da dəxli yoxdur. Ona qalsa, kasıb Kosta-Rika builki DÇ-də o cür oyun göstərə bilməzdi. Elə Xorvatiyanın özü də varlı və böyük ölkə sayılmır, amma milli komandası ispanlardan ingilislərə qədər hamının başına oyun açır.
Məndə belə qənaət formalaşıb ki, yaxşı futbol oynamaq ustalıq və təcrübə məsələsindən daha çox qeyrət, təpər məsələsidir. Oyunçular qeyrətli, təpərli, cürətli, əzmkar olsalar, istənilən div komandanın canını almaq olar.
Bir də meydanda iddialı, cəsarətli olmaq gərəkdir. Topu on halın yeddisində geriyə ötürən, heç-heçəyə çalışıb 1 xal qoparmaq istəyən komandaları həmişə meydançadan uduzub çıxan görmüşəm. Nadir istisnalar ola bilər – o da şans əsəri olub.
Bir sözlə, görək mütəxəssis nə dərəcədə haqlıdır, doğrudanmı Malta ilə qrupda axıran əvvəlki yer uğrunda mübarizə aparacağıq.