Yaxın Şərqdə, regionumuzda insan qanının heyvan qanına qarışıb selləndiyi bu tətil günlərində, xəbər qıtlığı yaşanan dönəmdə Florida qubernatoru Ceb Buşun növbəti seçkilərdə ABŞ prezidentliyinə namizəd olacağı və eks-prezident qardaşı Corc Buşla eks-prezident atası Corc Buşun ona dəstək verəcəkləri barədə xəbər xeyli dərəcədə ürəkaçan xəbərdir.
İndidən proqnozumu verim, yazın bir yerə. Obamanın yerinə bu adam seçiləcək – Ceb Buş.
Əslində, o elə indi də prezidentdir, o boyda Florida ştatının rəhbəridir, həm də uzun müddətdən bəridir ki, bu postdadır. Üçüncü Buşun prezidentliyini də görsəydik, dərdimiz olmazdı. Ulu Yaradan buşları prezident olmaq üçün yaradıb.
Yayılan informasiyaya görə, heç Ceb özü prezidentlik iddiasında deyil, bunu onun ağlına, türkün sözü, abisi Corc salıb. C.Buş özü qəzetçilərə deyib ki, qardaşından yaxşı prezident olar, çünki ailədə iki şəxsin prezidentliyini görüb, təcrübəsi var.
Cənab Buş burasını çox düz deyir. Dünya təcrübəsi də göstərir ki, əgər bir ailədə bir prezident olursa, sonradan o ailədən ikinci, üçüncü prezidentlərin, hökmdarların yetişməsi ənənə şəklini alır, texniki iş olur. Dünya binnət olunandan belədir: sultanlar, şahlar, krallar adətən saraylarda yetişir. Əgər fors-major hallar (inqiliablar, çevrilişlər) olmasa, bu silsilə heç pozulmazdı. Necə ki, dünyanın yarısı o ənənəyə hələ də sadiqdir.
Ceb isə hələ tərəddür edir. Bəlkə də fikirləşir ki, yox, qardaşım gəlib Amerikanı bay eləmişdi, birdən onun acığına mənə səs verməzlər-filan.
Amma yox, Amerika xalqı da qədirbilən, ənənələrə hörmət edən xalqdır, siyasi sülalələrə hörmətlə yanaşır, onlardan səsini əsirgəmir. Məsələn, Kennedilər ailəsi həmişə seçicilərdən səs alır. Hətta o vaxt birinci Corc Buşun bir qədər uğursuz prezidentliyindən sonra güman olunurdu ki, oğul Corc Buş xalqdan yetərli səs ala bilməyəcək, amma aldı. Özü də iki dəfə.
Yeri gəlmişkən, oğul Corc Buşun ikinci prezidentliyinin taleyi məhz Floridada, qardaşının qubernator olduğu ştatda həll olundu.
O məsələ belə olmuşdu. Prezidentliyə iddialı olan Al Qorla Corc Buş səsləri tən yarı, 50:50-yə götürmüşdülər. Heç kim bilmirdi ki, onlardan hansı prezident olacaq. Analitiklər, eləcə də başda “Gellap” olaraq bütün sorğu mərkəzləri bunu bilmirdi. Gedib bir məşhur falçıdan soruşmuşdular, o da demişdi ki, soyadında dörd hərf olan şəxs prezident olacaq. Qəzetçilər də baxmışdılar ki, həm Qorun (Gore), həm də Buşun (Bush) soyadında dörd hərf var. Beləcə, başabaş gedən seçki mübarizəsinin taleyi Floridada bülletenlərin təkrar sayılması ilə həll olundu: sırf təsadüf üzündən qubernator Buşun qardaşı, prezidentliyə namizəd Buş bu ştatda cüzi səs üstünlüyü ilə qalib gəldi.
İntəhası, amerikalılar 2000-ci ildəki seçkilərin bu cür alınmasını çox səs-küyə salmadılar, ört-basdır edib tarixin arxivinə verdilər.
Corc Buş da vəzifəyə gəlib dünya xalqlarına demokratiya, azadlıq söz verdi, amma arxasını yaxşı gətirmədi.
Bax, cənab Ceb Buşun adı dünya ictimaiyyətinə o vaxtdan bəllidir. O, qubernator olub dünya hegemonu olan dövlətin birinci şəxsinin kimliyini müəyyən edəndə Şimali Koreyanın indiki hökmdarı Kim Çen Inın 10 yaşı vardı, höccələyə-höccələyə ieroqlif öyrənirdi, bəlkə də Buşa Duş deyirdi. İndi o uşaq gəlib prezident ola bilər, Ceb Buş ola bilməz?
Əlbəttə, ola bilər. İkinci abzasda dediyimiz kimi, güman ki, olacaq da. Amma necə olacaq – qardaşı kimi dəlixay və dəmdəməki, yoxsa indiki kimi ağzıboş və əfəl?
Budur əsas məsələ. Könül istər ki, ABŞ –ın növbəti prezidenti Bill Klinton kimi biri olsun. Onun dili də vardı, dilçəyi də.