Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Fatih Terim “Qalatasaray” klubunun yeni prezidenti ola bilər.
ANS PRESS-in məlumatına görə, klubun indiki sədri Ünal Aysalın qurultayda iştirak etməyəcəyini açıqladıqdan sonra “Qalatasaray”da gözlər namizədlik məsələsinə dikilib.
Klubun önəmli isimlərindən Əli Dürüst, Abdurrahim Albayraq və Fatih Altaylı ötən gün görüşüb, vəziyyətlə bağlı müzakirə aparıblar. “İmperator”un namizədliyini Fatih Altaylı gündəmə gətirib və digər həmkarları onun təklifini dəstəkləyiblər. Lakin indiki vəzifəsinə görə F.Terimin namizədliyi ilə bağlı məsələ gələcək seçkilərdə müzakirə olunacaq.
Keçən il İdarə Heyətinə üzv qəbul edilən Fatih Terimin namizədliyi üçün qarşısında heç bir əngəl yoxdur. Təcrübəli baş məşqçi bu məsələdən xəbərdar olduğunu deyib: “Qalatasaray”a rəhbərlik etmək hər bir qalatasaraylının haqqıdır. İndiki vəzifəm də türk futbolu üçün çox önəmlidir. Təbii ki, bir gün o vəzifəyə gəlməyi çox istəyirəm. Amma, bu, ən doğru zamanda olmalıdır. Məni bu şərəfə layiq görənlərə təşəkkür edirəm.”