Neçə illərdir bizdə sirr dolu mövzular dövri olaraq gündəmə gəlir, ancaq sirri açılmadan əriyib itir. Ta ki yenidən ortalığa çıxanacan. Belə mövzulardan biri xaricdən eşşək almağımızdır. Dövlət Statistika Komitəsi hər il hesabat açıqlayanda Azərbaycanın xaricdən safqanlı, cins eşşəklər alması haqda məlumatlar olur.
Bəzən bu eşşəklərin birinin qiyməti “Prado” maşını qədər – 50 min manata çatır. Bəzən 10 eşşək alınır, bəzən 40. Bəzən cəmiyyət buna çox donquldanır, bəzən az. Amma həmişə diqqət çəkir. Bizdə bu eşşəklərin satirik videosunu hazırladığına görə hətta siyasi dustaq olan yoldaşlar da var idi. Onların adı Avropa Məhkəməsinin sənədlərində elə bu cür qeyd edilmişdi: “Eşşək məhbusları”.
Qeyd etdiyim kimi, hər dəfə bu mövzu saysız-hesabsız şərhlərə, müzakirələrə səbəb olur, ancaq heç vaxt fərli, ağıllı izahat verilmir ki, bu eşşəklər Azərbaycanda kimə lazımdır, nə üçün ölkəmizdə öz eşşəklərimiz olduğu halda biz xaricdən eşşək almalıyıq, niyə milli istehsal qorunmur, eşşək idxalının monopolisti hansı məmurdur, bu eşşəklər hansı musiqi üstündə anqırırlar, tənək yarpağını, yoxsa kələm dolmasını sevirlər və sairə. Suallar eşşək qulağı qədər uzundur, ancaq cavab yoxdur. Mən sizə deyim, artıq belə bir əminliyim yaranıbdır: vaxt gələcək amerikalılar Marsda həyat tapacaqlar, avropalılar adron kollayderində Hiqqs bozonu hissəciyini tutub onunla selfi çəkdirəcəklər, lakin biz eşşəklərin xaricdən alınma səbəblərini bilməyəcəyik.
Halbuki, başqa heyvanlar da alınır, ancaq heç müzakirə mövzusu olmur. Nəsə bizdə eşşək mövzusu həssas mövzudur. Tarixən belədir. “Kitab yüklü eşşək”, “Eşşəyin itməkliyi” kimi əsərlərimiz var. Molla Nəsrəddinin eşşəyi də bizdə ictimai-siyasi fiqurdur. Bax, elə son statistik açıqlamada daha ekzotik bir detal var idi, cəmiyyət isə buna heç diqqət etmədi: bu ilin 6 ayı ərzində Rusiyadan 16 baş… dəvə də almışıq, dəvələrin pulu isə cəmi 21 min manat olmuşdur.
Gördüyünüz kimi, çox əcaib, ekzotik bir alış-verişdir. Biz görmüşdük dəvəni ərəbdən alarlar, dəvə səhra heyvanıdır, amma bizim tacirlər şimaldan, qarın içindən dəvə gətirir. Yəqin bu xüsusi növ, analoqu olmayan, soyuğa davamlı dəvə növüdür. Qlobal istiləşmə dövründə nə desən olar. Sabah Afrikadan ağ ayı alsaq təəccüblənmərəm.
Qlobal istiləşmə demişkən, bu günlərdə ekologiya və təbii sərvətlər nazirimiz Hüseynqulu Bağırov BMT-də çıxış edib, Azərbaycanın qlobal istiləşmə ilə mübarizədə uğurlarından danışıb. Bəli, nə az, nə çox. Sən demə, biz qütb buzlaqlarının əriməsinin, ozon dəliyinin yekəlməsinin qarşısının alınmasına böyük töhfələr veririk. Necə? Mazut yerinə təzək yandırmaqla. Belimizi Günəşdə qızdırmaqla. Dondurmanı qışda, təzə xiyarı baş nazir Artur müəllimin məsləhəti ilə yayda yeməklə. Bu kimi hallardan çox sayıbdır.
Ancaq sənayesi xammal çıxartmaqdan ibarət, tüstüsü gələn iki-üç sexi olan bir vilayətin planetar önəmi daha böyükdür, məncə nazirimiz gərək təvazökar olmazdı, yüksək tribunadan bəyan edəydi ki, qlobal istiləşmənin kökü respublikamızda ümumiyyətlə kəsilmişdir! Biz suveren dövlətik! Müstəqilliyimiz də əbədidir, daimidir, dönməzdir! Bizdə ozon deşilmir! Lazım gəlsə, pandaların nəslini də qoruyarıq! Elə həmin Hüseynqulu müəllim 3-4 il qabaq Antarktidaya gedib Erebus vulkanına Azərbaycanın iqtisadi yüksəlişi haqqında danışandan sonra vulkan daha püskürməkdən imtina etmədimi? Gərək müsbət işləri qeyd etməyi bacarasan.
Ümumiyyətlə, son dövrlər Amerika və Avropanın embarqosu ilə üzləşən Rusiyanın Azərbaycana üz tutması sevindirici haldır. Biz dərd ortağıyıq. Jirinovski gedir, Sobyanin gəlir, günəş şimaldan doğmaq üzrədir. 12-ci qızıl ordu da istəsə gəlsin. Ancaq rusların bizim xiyar-pomidorun ümidinə qalması bir az kədərlidir. Çünki biz özümüz eşşəyi Almaniyadan, qoyunu Gürcüstandan, kartofu Türkiyədən alırıq. Dəvəni heç demirəm, özünüz bilirsiniz.
Necə deyərlər, embarqo olan qonaq öz kisəsindən yeməlidir. Dəvə qutabı yeyin.