Dövlət aparatında gəncləşdirmə işləri sürətlə davam etməkdədir. Əgər yapistlər 21 il qabaq hakimiyyətə gələndə vəzifədə ancaq bir gənc insan var idisə (o da Surət Hüseynov idi – 34 yaşında baş nazir olmuşdu), hazırda 2 məktəbə dövlət dili ilə desək, “müvafiq olaraq”, adam dilində yazsaq “uyğun olaraq” 28 və 29 yaşında iki direktor qoyulmuşdur.
Hərçənd yapistlərin bu uğurlu kadr islahatlarından danışanda insaf naminə AXC-Müsavat cütlüyünün hakimiyyət dönəmini də unutmayaq. Onların hakimiyyətdə olduğu yüz il ərzində (məcburuq belə fikirləşək, çünki təbliğat o hakimiyyətin əsrlərlə davam etməsi istiqamətində gedir) 20-30 yaş arası gənclərin nəinki yerli icra strukturlarında, polis və prokurorluqda, orduda vəzifə tutması adi hal sayılırdı, hətta Prezident Aparatı, Nazirlər Kabineti kimi yüksək qurumlarda gənclər çoxalmışdı. Məsələn, Əli Kərimli dövlət katibi olanda 28 yaşında idi. O cümlədən, ərazi idarəetməsi üzrə dövlət müşaviri vəzifəsi 30 yaşlı Arif Hacılıya tapşırılmışdı.
Ancaq biz yenə də 28-29 yaşlı cavan qızların məktəb direktoru qoyulmasına müsbət yanaşırıq. Qoca məktəb direktorları artıq qıvraqlığı itirmək üzrədir, görürsən prezident, deputat seçkisi zamanı məktəbdə yaradılan məntəqədə prosesi yaxşı yola vermirlər. Gah əllərində topa bülleten tutulurdu, gah saçı yolub müxalifətdən, ATƏT-dən gələn müşahidəçinin üstünə atmaqda ləngiyirdilər. Halbuki bizim konstitusiyanın 54-cü maddəsində açıq-aydın yazılıbdır: “Yaxşı məntəqə sədri lazım olan anda tumanı başına keçirtməyi bacaran sədrə deyilir”. İndi ümidvarıq gənclər daha əzmlə çalışacaqdır, partiya və dövlət rəhbərliyinin onlara göstərdiyi etimadı doğruldacaqdır. Hətta asudə vaxtlarında ola bilsin məktəbin idarə olunması, uşaqlara düzgün dərs keçilməsi kimi əlavə, köməkçi vəzifələrini də uğurla, cığırla, çığır-bağırla həyata keçirəcəklər. Gərək insan ağa ağ, qaraya qara desin. Biz hökumətin müsbət işlərini də görürük.
İntəhası, bir az mənfi cəhətdir ki, məktəblərdə kişi müəllimlərin, kişi cinsindən olan direktorların sayı azalır. Bu, bizim Qarabağ dərdimizə mənfi təsirini göstərəcəkdir. Çünki məktəb direktoru kişi olanda uşaqları daha yaxşı şapalaqlayır, onları döyüşçü kimi tərbiyə edir. Son illərdə qadın müəllimlərin çoxalması (son statistikaya görə müəllimlərin 80 faizi zərif cinsdir) məktəblərdə oğlan uşaqlarının da bambılı kimi təlim-tərbiyə almasına səbəb olur. Şəxsən mən metroda, avtobusda, ictimai yerlərdə zənən kimi qaqqıldayan yeniyetmələrə rast gələndə dilxor oluram, fikirləşirəm bunun axırı necə olacaq, bəs Fikrət Qoca İsa bulağında şeiri necə yazacaqdır.
Hər halda, gəncləşdirmə siyasətini dəstəkləyirik. Söz düşmüşkən, mən icra hakimiyyətlərində mütləq bir-iki qadın müavin qoyulması aksiyasını da alqışlayıram. Düzdür, funksionallıq baxımından heç bir təsiri yoxdur, misal üçün, suyumuz yenə gəlmir, ancaq biri var icra hakimiyyətinə şikayətə gedəndə səni tunc dövründən qalma neandertal erkək qarşılaya, biri də var girəsən icra hakimiyyətinə, görəsən masanın arxasında huri-mələk kimi bir xanım əyləşib. Mələk şikayətə rədd cavabı verəndə o qədər dilxor olmazsan.
Qayıdaq məktəb direktorlarının gəncləşdirilməsi siyasətinə. Məncə, təzə təhsil nazirimiz Mikayıl müəllim bu uğurlu aksiyanı davam etdirməli, daha azyaşlı şəxslər direktor qoyulmalıdır. Misal üçün, nədən növbəti məktəb direktoru 18 yaşında olmasın? İsti-isti, partadan təzə durmuş gənc məktəbin problemlərini də daha yaxşı bilir. Yadımdadır, biz orta məktəbdə oxuyanda hasarın harasındakı deşikdən dərsdən qaçmaq üçün yararlanmaq olar, siqaret çəkməyə ən gizli yer haradır, jurnalı necə oğurlayıb qiymətləri “lezvalamaq” lazımdır tipli tədris suallarını müəllimlərdən yaxşı qavramışdıq. Elə məktəblilərin özünü direktor qoymaq olar. Vallah. Bəzən məktəb yollarında elə şagirdlər görürəm, şəxsən Məzahir Pənahovu seçkiyə bülletensiz aparıb protokolsuz gətirər.
İndi söz özünüz bilirsiniz kimindir.