Flo_1374241680

Aktrisa Flora Hüseynovanın Milli.Az-a müsahibəsi.

– Flora xanım, yaradıcılığınızda hansı yeniliklər var?
– Nüşabə rolunu oynadığım “Sonuncu fəsil” serialı tətildədir, təkrarı gedir və yəqin ki, davamı da çəkiləcək. Hazırda isə gənc rejissorlar Elvin Rüstəmzadə və Anar Məmmədəliyevin işi olan “Səadət” serialında məktəb direktoru Gülşən xanım roluna çəkilirəm.
– Zamanında Naxçıvan Musiqili Teatrında çalışmısınız və indi heç bir teatrda işləmirsiniz. Amma adətən aktyorlar deyirlər ki, sənətkar teatrda yetişir. Nə əcəb indi teatrda çalışmırsınız? 

– Mən teatrda işləyəndə övladlarım kiçik idi. Digər aktyor və aktrisaların övladlarının yaşadığı məhrumiyyətləri gördüm və teatrdan uzaqlaşdım. Övladlarımı teatra qurban vermək istəmədim. Amma düşünmürəm ki, teatrdan uzaqlaşmaq yaradıcılığıma təsir edib. Çünki mədəniyyət mərkəzində işləmişəm və orada da teatr olub. Özümü bu sahədən uzaqlaşmış kimi saymıram.
– Övladlarınız böyüyüblər. Bəs indi niyə teatra getmirsiniz?
– Teatr mənim həyatımdır və indi mənimçün daha məsuliyyətlidir. Səhnəyə çıxmaq, tamaşaçıyla canlı ünsiyyət çox maraqlıdır. Razıyam ki, teatr aktyoru formalaşdırır, yetişdirir. Amma yəqin, siz də razı olarsınız ki, çəkiliş vaxtı bəzi həmkarlarımız teatral, pafoslu oynayırlar. Bunu rejissorlar da dəfələrlə deyiblər. Belə çıxır ki, bəzən teatr kino sahəsindəki yaradıcılığa mane olur.
– Amma etiraf edək ki, teatrdakı məvacibin azlığı da öz sözünü deyir. Məsələn, siz min manat əməkhaqqı alsaydınız, teatrdan uzaq düşməzdiniz və indi belə deməzdiniz. 

– Bu barədə mübahisə etməyəcəyəm və sizin dediyinizdə həqiqət var. Bizim nə qədər aktyorumuz maddi təminatsızlığa görə teatrdan uzaqlaşıb. Sənət gözəldir, vacibdir, amma insanın yaşamağı da lazımdır.
– Teatrda yetişmədən davamlı olaraq filmə, seriala çəkilmək aktyorun bazasının tükənməyinə gətirib çıxarmır ki?
– Əsla. İşlədiyim mədəniyyət evində xalq teatrı var və bu dediklərinizi özümə aid etmirəm. Mən teatrın sırf içindəyəm. İnsan öz üzərində işləyirsə, heç vaxt tükənmir.
– Sizin içərisində olduğunuz teatr əsl teatrla müqayisədə dərnək, yaxud özfəaliyyət səviyyəsində deyilmi? 

– Özfəaliyyət səviyyəsində ola bilər, amma mənim ona yanaşmam özfəaliyyət səviyyəsində deyil.
– Niyə hər zaman sizə varlı, vəzifəli kişilərin xanımı obrazları həvalə olunur? 

– (gülür) Təzəlikcə yeni bir serial haqda söhbət gedirdi. Dedim, xahiş edirəm, mənə daha belə bir obraz verməyin. Mən özüm də bundan narahatam. Hər bir aktrisa istəyər ki, oynadığı obrazın daha geniş əhatəsi olsun, müxtəlif xarakterləri oynasın. Təvazökarlıqdan uzaq olmasın, amma hərdən deyirlər ki, siz biçimdə, siz intellektdə aktrisalarımız azdır.
– Kənardan belə təəssürat yaranır ki, hər dəfə özünüzü oynayırsınız…
– Belə deməzdim. Bu fikirlər o vaxt dağılacaq ki, mənə tamam başqa ampluada olan obraz həvalə edəcəklər.
– Məsələn?
– Mənfi, əks xarakterli, pislik edə bilən bir insanı oynamaq istərdim.
– Çətin olmaz? 

– Əsla çətin olmaz və çox gözəl alınar. Daxilimdə o potensialı hiss edirəm.
– Sizi şəxsən tanıyan biri kimi düşünürəm ki, bəlkə də çətin olar. 

– Hər birimizin içində mənfilik də var, pislik də. Yetər ki, ona zəmin yaransın. Hərdən elə bir insandan elə hərəkət görürük ki, özümüz məəttəl qalırıq. Heç birimiz ideal deyilik. Mənə qarşı kimsə pislik edirsə, mənim də cavab verə biləcəyim pislik var.
– Oynamaq istəmədiyiniz, imtina edəcəyiniz, oynaya bilməyəcəyiniz rol var? 

– Oynaya bilməyəcəyim rol yoxdur.
– Hansısa gənc insanın sevgilisi olan, komplekslərdən uzaq qadın obrazını qəbul edərsiniz? 

– Bu barədə düşünmək gərəkdir. Oynaya bilməyəcəyim yox, özümə rəva görəcəyim, yaxud görə bilməyəcəyim obrazlar, rollar ola bilər.
– Bu tip rolları oynayan aktrisalarımız var. Onlar deyirlər ki, rolun fərqi yoxdur. 

– Çünki aktyor özünü oynamır. Belə bir rol oynasam da, özüm deyiləm və sadəcə göstərirəm.
– Şablon da səslənsə, soruşmaq istərdim ki, açıq-saçıq hesab olunan rolları qəbul edərsinizmi?
– Hansısa sənət əsərini tamaşaçıya çatdırmaq üçün açıq-saçıq səhnə olmasa belə, gözəl sənət əsəri tamaşaçını özünə çəkir. Təbii ki, zəmanə dəyişib: hər şey oynanılır, göstərilir. Yataq səhnəsi oynamaram.
– Nəyə görə?
– Yalandan deyə bilmərəm ki, oynayaram. Amma hansısa ştrixlərlə çatdırmaq lazım olarsa, qəbul edərəm. Yetərincə müasir insan olsam da, bunu nə dünya kinosunda, nə də Azərbaycan kinosunda qəbul eləmirəm. Belə bir anlayış yoxdur ki, həmin yataq səhnəsi olmasa, bu film batdı. Bu, müəyyən kütlənin diqqətini cəlb etmək məqsədi daşıyır.
– Tutaq ki, tərəf-müqabiliniz sizi öpməlidir. Belə olarsa, yenə imtina edəcəksiniz? 

– (gülür) Yəqin ki, olar. Öpüş səhnəsinə çəkilərəm.
– Yataq səhnəsini qəbul etmirsiniz, amma öpüş səhnəsini qəbul edirsiniz. Niyə bu olar, digəri yox? 

– Çünki özüm də baxanda sevmirəm. Yataq səhnəsi heç bir sənət əsərinin pik nöqtəsi deyil.
– Geyimlə bağlı düşüncəniz necədir? Bu barədə kompleksiniz var? 

– Qətiyyən kompleksim yoxdur və şükür ki, kompleksin olmağına da bir səbəb görmürəm. Həyatda da çox müasir geyinən insanam.
– Bildirdiniz ki, geyim kompleksiniz yoxdur. Yəni bu qədər güvənməyin səbəbi nədir?
– Bizim Azərbaycan qadınlarında mənfi bir xüsusiyyət var ki, öz qüsurlarını ört-basdır etməyi bacarmırlar. Bu, mənim subyektiv fikrimdir. Həyatda da, səhnədə də belə qadınlar var.
– Yəni qüsurlarınız var, gizlədə bilirsiniz, yoxsa qüsursuzsunuz?
– Özümə fikir verən xanımam və aktrisa kimi də bunu özümə borc bilirəm. Hara gedirsənsə, özünə, xarici görünüşünə diqqət etməlisən. Ona görə də hansı tipdə geyinsəm, məndə qüsur şəklində görünməyəcək. Amma bəzi şeylər var ki, yaraşmadığına görə geyinmək istəməzdim.
– Məsələn? 

– (gülür) O mənim sirlərimdir.
– Bilmək maraqlıdır… 

– Dekolte geyinmirəm. Qüsurum yoxdur, geyinə bilərəm. Amma elə şeylər var ki, onu 18-19 yaşlı qız geyinəndə tamam başqa cür görünür, mən geyinəndə başqa. Düzdür, dekolte də geyinə bilərəm. Sadəcə geyinməyəcəyim geyimlər var. Sabah hansısa qüsurum olsa, buna ciddi nəzarət edəcəyəm.