Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə sentyabrın 22-də saat 00:10 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 128-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb. Şəki sakini, 48 yaşlı İsmayılov Əlövsət Tahir oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn “KamAZ” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində sürücü Əlövsət İsmayılov və avtomobildəki 3 sərnişin – Şəki sakinləri, 33 yaşlı Məmmədov Elçin Rasim oğlu, 41 yaşlı Hüseynov Elşad Hikmət oğlu və 28 yaşlı Əbdürrəhmanlı Fuad Şahid oğlu aldıqları ağır xəsarətlər nəticəsində ölüb. FHN-nin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin hadisə yerinə cəlb olunan yanğınsöndürən-xilasediciləri xüsusi kəsici alətlər vasitəsilə deformasiyaya uğramış avtomobili kəsərək sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıblar və Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.
Hadisədən sonra “KamAZ”ın sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.