Загрузка...

samir sari kose 1Saakaşvilinin işi lap görəcəkdir, adamı 73 milyard dolların sahibi olan sabiq həmkarı Hüsnü Mübarəkə döndəriblər. Yox, hələ eks-prezidenti tutub içəri qoymayıblar, amma hərim-hərim hərləyirlər. Əgər o, xələfi Marqvelaşvilinin inaqurasiyasından dərhal sonra gecəylə aradan çıxmasaydı, bişəkk, qandallayacaqdılar.

Heç kim deməsin ki, filan ölkənin prezidentini nahaq yerə, günahsız olduğu halda həbs etdilər. Belə şey olmur. Möhürlü, ştampelli vəzifələrin hamısı belədir, cəmi bir həftə işləyirsən, artıq səni mühakimə etmək üçün əsaslar var – ya hansısa hərəkətlərə görə, ya da ən azı hərəkətsizliyə görə. Yəni filan işi görməliydin, görməmisən, cavab ver.

Bu baxımdan “Qatarda” tamaşasında deyildiyi kimi, “Qasım kişi”nin (yəni Saakaşvilinin) də dilini gödək eləyən şeylər var. Bal tutan barmaq yalar, deyiblər. Saakaşvili də uzun müddət Azərbaycanın balı, bəhməziylə, karbohidrat ehtiyatları ilə işləyib, yəni heçmi barmağını ağzına aparmayıb? Kim inanar?

Bununla belə, Gürcüstanda qələmə verildiyi kimi, Saakaşvilinin zəmanəmizin ən böyük korrupsioneri olması barədə iddialar da absurddur. Adamın villaları, şadlıq sarayları, yaxtaları, təyyarələri, bahalı avtomobilləri, biznes obyektləri varmı? Məlum olur ki, yoxdur, olsa-olsa ortabab maşınları var, onları da Azərbaycanda rəis, prokuror oğlu minib adam içinə çıxsa, üzünə qarşı atasına istehza edərlər.

Amma baxaq görək, Saakaşvilinin vaxtında Gürcüstanda vəziyyət necəydi. O vədələr qismət oldu, ölkəmizin əhalisinin hamısı olmasa da, yarıdan çoxunun güzarı Gürcüstana düşdü. Gəlib danışırdılar ki, Gürcüstanda yol polisi, gömrükçüsü, dövlət məmurları rüşvət almır. İnanmırdıq. And içirdilər. Hətta bunu öz şəxsi təcrübəsində yoxlamaq istəyən bir neçə nəfər olmuşdu, Tiflis civarında yol polisinə rüşvət təklif etmişdilər. Adamları tutub cərimələmiş, bir həftə də təcridxanada yatırtmışdılar.

“Gürcüstanda vergi müfəttişləri rüşvət almırlar” deyirdilər, inanmırdıq, sübut edirdilər.

Deyirdilər: “Vəzifələrə gənc adamları təyin edirlər, dövlət postlarını satmırlar”. Buna inanırdıq. Çünki nazir vəzifəsinə təyin olunan 30-35 yaşlı insanların adlarını, şəkillərini görürdük və bilirdik ki, dünənin tələbəsində, aspirantında nazir vəzifəsini satın alacaq qədər pul ola bilməz. Başqa yerlərdə camaat nazir olmaq üçün 15 il komitə sədri işləyib pul yığır.

Bir dəfə Saakaşvilidən soruşmuşdular ki, necə oldu Gürcüstanda korrupsiyanın qarşısını ala bildiniz. O da demişdi ki, çox sadəcə, özüm almadım, alanları da cəzalandırdım, korrupsiya yox oldu.

Düzdür, bizim camaat “özüm almadım” söhbətinə çox da inanmırdı, amma göz önündəydi ki, Saakaşvili alıbsa da, çox almayıb, gözü tox adam olub. Əks təqdirdə, bizim camaat ona zərrə qədər də hörmət eləməzdi. Yəni məlum olsa ki, Saakaşvili vəzifədə İsrailin bani lideri David Ben-Qurion kimi, bizim Elçibəy kimi, Uruqvayın indiki prezidenti Xose Muxika kimi tərtəmiz işləyib, zahidanə həyat tərzi keçirib, ona bu qədər rəğbət bəsləməzdi. Bizdə ümumi qənaət belədir ki, prezident də dolanmalıdır, balalarına, qohum-əqrəbasına gün ağlamalıdır, amma acgöz olmamalıdır. Yəni bizimkilər prezidentin milyonçu, lap multi-milyonçu olmasına təhəmmül edərlər, amma milyarder olmasını təqdir etməzlər. Hərçənd etiraz da etməzlər – amma bu, başqa söhbətdir.

Batono Saakaşvili milyarder deyil, heç multi-milyonçuya da oxşamır, amma ola bilər ki, dar gün üçün bir neçə milyon qırağa atıb. Çünki ola bilməz ki, ölkə başçısı olan batono axırda bir baton çörəyə möhtac qalsın. Bir də deyirlər, Mişanın zərif cinsə qarşı damarı zəif imiş. Bunu da özü bilər, nikahlı arvadı bilər, bir də məşuqələri bilər. Ürək-könül məsələsidir.

İndi Gürcüstanın yeni hökuməti onu təqib edir, o da ABŞ-a sığınıb. Gürcüstan isə yavaş-yavaş Saakaşvilidən qabaqkı vəziyyətinə qayıdır. Bir gün görəcəyik ki, bay, gürcü polisi, gömrükçüsü, vergi müfəttişi rüşvət alır (əslində artıq başlayıblar), ondan sonra biz də dincələcəyik.

Saakaşvili isə ağlı olsa ABŞ-ın Corciya (Georgia) ştatına köçər – özünü vətəndə hiss etmək üçün. Olmasın ölkə Georgia, olsun ştat Georgia. Əsas məsələ başın salamatlığıdır.