Dünən sən demə, poeziya günüymüş… Bilmirdim.
Günay Malikqizi məni Park Bulvara dəvət etdi ki, poeziya gecəsi keçiririk, gəlin siz də bir şeir oxuyun. Bəs, məşhurlar gələcək, şeir oxuyacaqlar. Şeir oxumaq perspektivi mənə o qədər cazibədar görünməsə də, dinləmək istəyi üstün gəldi. Dedim gedim görüm kimlər gələcək, nə şeirlər oxuyacaqlar. Park Bulvara daxil olan kimi, məni Şahbaz Xuduoğlu qarşıladı və onu gördüyümə şad olsam da, tədbirin daha çox biznes məqsədi daşıdığını düşündüm. Amma yox, Şahbazın tədbiri bir qədər aralıda öz axarı ilə gedirdi. Növbəti kitab yarmarkası, endirimli qiymətlərlə kitab satışı yaxşı ideyadır və bildiyim qədər, poeziya günü oldu olmadı, mütəmadi keçirilir. Nə başınızı ağrıdım. Tədbir oldu Park Bulvarın 1 ci mərtəbəsində. Aparıcı, model, komsomolka, nəhayət Natella Kərimovanın təqdimatında tədbir başladı. O publika ilə salamlaşıb əlüstü sözü mənə verdi, guya o məclisdə ən böyük poeziya aşiqi elə mənəmmiş.
Məndə bundan və bir də həmin gün paylaşdığım Nazim Hikmətin şerinin FB da çox hərarətlə qarşılanmasından ilhamlanaraq, 2 şeir oxudum. Təbii ki, çox sevdiyim şair Həmid Herisçinin Şəms Təbrizi şeirini və bir də elə dünən paylaşdığım -Nazim Hikmətin Küsmək nədir bilirmisin- şeirini. Təbii ki, reaksiya FB-dakı kimi hərarətli olmadı. Camaat alış verişə gəlib, burda da bir nəfər əlində mikrofon, gah fəlsəfi, gah da romantik bir şeir oxuyur. Komik görünə bilərdə hətta mənzərə. Amma və lakin… üstündən 1 gün keçəndən sonra fikirləşirəm ki,şeir, sənət məhz belə maddiyatın öz ağuşuna aldığı məkanlarda daha çox səslənməlidir ki, insan olduğumuzu unutmayaq, ruslar demiş, “Ne yedinım xlebom jıvı”. Aradabir, FB-un da yeknəsəngliyindən bezəndə də şeir ya musiqi paylaşıram. Siz də belə edin, vallah bəzən sizin paylaşımlarda elə gözəl şeirlər, sitatlar, musiqi və sənət nümunələri kəşf edirəm ki… az qalıram virtualı buraxıb real olaraq qaçıb yanınıza gəlim və əlinizi sıxım…
P.S. Bu arada məni bookchallange flaşmobuna dəvət edənlər inciməsin, qoşulmadım, əvvəla flaşmobları sevmirəm, kütləvi heç nəyi sevmirəm. Bir də ki, kitab oxumayanların oxuyanlardan daha hörmətli izzətli tutulduğu bir cəmiyyətdə funksionallığı olmayan adətləri təbliğ etməyin tərəfdarı deyiləm. Və ən əsası, ağıllı ağıllı kitabların siyahısını yazmağda bir qisim adam heç nəyi təbliğ etmir, özündən başqa. Risovka elementləri çoxdur bunda. Ondansa oxuduqları bir əsərdə bəyənib təsirləndikləri parçanı paylaşardılar, bu daha faydalı olardı. Sonda, kitab oxumağın (satışının deyil) təbliğinə xidmət edən təşəbbüsləri bəyəndiyimi deməklə, özümü bu flashmoba qatılmış dostlarımın qəzəbindən də sığortalamağı lazım bilirəm.