Bolqarıstan mətbuatı millimizlə seçmə mərhələ öncəsi maraqlı yazı hazırlayıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız Bolqarıstan və Azərbaycan yığmasında yer alan futbolçuların ümumi qiymətini müqayisə edib.
Onlar bu qənaətə gəliblər ki, Bolqarıstan yığmasının kapitanı İvelin Popovun transfer qiyməti bütün azərbaycanlı oyunçuların qiymətindən yüksəkdir. Belə ki, “Kuban”ın hücumçusunun qiyməti təxminən 8 milyon avro olduğu halda, Azərbaycan yığması 7,18 milyon avroya bərabərdir.
Ancaq Popovun 3 gün əvvəl məşqdə zədələndiyi üçün meydana çıxmayacağı dəqiqdir. Belədə meydanda ən bahalı futbolçu Moskva MOİK-inin yarımmüdafiəçisi Georgi Milanov olacaq. Onun qiyməti təxminən 5 milyon avro ilə ölçülür. Millimizin isə ən bahalı futbolçusu hazırda Cihan Özkara sayılır. Bu da səbəbsiz deyil. Çünki milliləşdirilmiş türk futbolçu Superliqa təmsilçisi olan “Sivasspor”da çıxış edir.
Bolqarıstan yığmasının ümumi dəyəri isə demək olar ki, 31 milyon avrodur. Hələ bu rəqəmlərə zədəlilər – Popov və “Bazel”in mərkəz müdafiəçisi İvan İvanovun qiymətləri daxil deyil.
Qeyd edək ki, millimizin yer aldığı H qrupunda İtaliyanın 318 milyon, Xorvatiyanın 223 milyon və Norveçin 40,8 milyon avro dəyəri var.