ABŞ Dövlət Departamenti sentyabrın 4-də Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sərkisyan və ABŞ-ın dövlət katibi Con Kerri arasında keçirilmiş görüş barədə rəsmi açıqlama yayıb.
Virtualaz.org saytı xəbər verir ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi Meri Harfın adından yayılan bəyanata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqlar prosesi və hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Bəyanatda qeyd olunub ki, ABŞ dövlət katibi bir müddət əvvəl cəbhə xəttində yaranmış şiddətli gərginliklə bağlı dərin narahatlığını ifadə edib. Con Kerri bildirib ki, bu gərginlik nəticəsində 1994-cü ildə əldə eidlmiş atəşkəs razılaşması dövründə ən çoxsaylı itkilər baş verib.
“Birləşmiş Ştatlar inanır ki, toqquşmaların səngiməsi və əlaqələrin normallaşdırılması Azərbaycan və Ermənistan arasında sülh yaradacaq. Bu, hər iki ölkənin xalqlarının gələcəyini təmin edəcək, həmçinin Cənubi Qafqazda sabitliyin bərpası üçün mühüm addım olacaq. Məhz bu məqsədlərlə dövlət katibi Kerri prezidentləri atəşkəs rejiminə riayət etməyə və cəmiyyətlərini sülhə hazırlamaq istiqamətində əlavə addımlar atmağa çağırıb” – deyə Meri Harf bildirib.
Bəyanatda vurğulanır ki, C.Kerri münaqişə tərəflərini sülh prosesində vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə işləməyə həvəsləndirib: “Həmçinin ABŞ dövlət katibi prezidentlərin dialoqu davam etdirməyə razılaşmasını alqışlayıb və tərəfləri ATƏT-in Minsk Qrupunun egidası altında daha formal danışıqlar prosesinə daxil olmağa çağırıb. Birləşmiş Ştatlar inanır ki, prosesin davamlılığı tərəflər arasında etimad yaratmağa və bölgə xalqlarının layiq olduğu sülhə çatmağa xidmət edəcək”.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də Twitterdə görüş barədə yazıb. O, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağla bağlı məhsuldar danışıqlar apardığını qeyd edib: “Biz kömək etməyə hazırıq”.
Ermənistan prezidentinin mətbuat xidmətinin Nyuport danışıqlarına dair yaydığı bəyanatda isə deyilir ki, dövlət katibi Con Kerri “Qarabağ probleminin dinc yolla nizamlanmasının alternativinin olmadığını” bildirib, gərginliyin azaldılması və tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün mexanizmlər tapmağa çağırıb.
“Con Kerri danışıqların Minsk Qrupu formatında davam etdirilməsinin vacibliyini qeud edib və münaqişənin dinc yolla nizamlanması yollarının axtarışı üçün maksimal dəstək göstərməyə hazır olduqlarını bildirib. Bu zaman ABŞ dövlət katibi vurğulayıb ki, problemin həlli üçün tərəflərin siyasi iradə göstərməsi fövqəladə əhəmiyyət kəsb edir” – deyə açıqlamada bildirilir.