Teleaparıcı Əfsanə Mehdiyevanın Milli.Az-a müsahibəsi.
– Əfsanə xanım, aparıcılığa gedən yol sizin üçün haradan başladı?
– Universitetə daxil olduğum vaxtdan. Başa düşdüm ki, artıq başqa seçimim yoxdur (gülür). Onu deyim ki, istər aparıcılığı, istərsə də jurnalistikanı çox sevirəm. Hər gün ANS-də yaşadığım dinamik iş rejimi mənə bu peşəni daha da sevdirir.
– Məhz xəbər aparıcısı kimi efirə çıxmaq öz istəyiniz idi, yoxsa?..
– Mənim istəyim idi, rəhbərlik də reallaşdırdı. Həmin vaxtlar həmkarım xəstələnmişdi, mənə də tapşırıq gəldi ki, onu əvəz etməliyəm. Hər bir iş bir növ əsgərliyə bənzəyir, komandir hansı tapşırığı versə, onu canla-başla yerinə yetirməlisən.
– Televiziya qarşısında özünüzə baxanda nə düşünürsünüz?
– Hələ çox çalışmalısan, Əfsanə, deyirəm…
– Hələ də nəyin öhdəsindən gələ bilmirsiniz?
– Çox şeyin. Dediyim kimi, çox çalışmalıyam (gülür).
– Uşaq olanda heç xəbərçilik etmisiniz?
– Eh, o qədər… Uşaq olasan, qardaş-bacını satmayasan, bu mümkün deyil (gülür).
– Həyata baxış tərzinizi dəyişdirən hadisə hansı olub?
– İlk övladımın dünyaya gəlməsi. Bir də bu yaxınlarda bir hadisə oldu, o hadisə sanki məni böyütdü. Həyata baxışımı dəyişdi. Amma onun nə olduğunu deməyəcəyəm.
– Neçə övladınız var?
– İki övladım var – qızım Banu və oğlum Uğur.
– Ətrafınızı hansı tip insanlardan təmizləmək istərdiniz?
– Riyakarlardan. Hər bir insana dözmək olar, amma riyakarlara qətiyyən.
– Ən çox nəyə görə sıxıntı çəkirsiniz?
– Bir müddət bundan öncə cəbhə bölgəsində yaşanan hadisələr hər birimizdə narahatlıq yaratdı. Mən təlaş içində idim. Amma şəxsi sıxıntım yoxdur, şükür. Allah mənə sağlam can verib, yerdə qalanı boş şeylərdir.
– Hökmlüsünüz?
– Şir bürcü olub hökmlü olmamaq, sizcə, mümkündür? Amma lazım olan yerdə, təbii ki (gülür).
– “Könül quşu”nuz haraya uçmaq istəyir?
– Keçmişə. Deyirlər ki, o zamanlar insanlar daha vəfalı olub, bir-birinin qədrini biliblər. Baxıb görmək istərdim ki, bu həqiqətənmi belədir?
– Sizi barmaqla göstərənlər çoxdur?
– Hərdən yaxınlaşıb nəsə deyirlər, ya da uzun-uzadı baxırlar.
– Sizi “şoka salan” xəbər hansı olub?
– Hər gün o qədər inanılmaz olaylar baş verir ki, istər ətrafımızda, istərsə də dünyada. Artıq heç nəyə təəccüblənmirəm. Həyat mənə bunu öyrətdi.
– Sizdə ciddiliyi yaradan efirdir, yoxsa daxili təbiətiniz?
– Düşünürəm ki, təbiətimdən irəli gəlir.
– Siz bir xəbər aparıcısısınız, amma çoxunun nədən xəbəri yoxdur?
– Çoxunun xəbəri yoxdur ki, iki dəqiqəlik bir süjet hansı əziyyətlər hesabına başa gəlir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.