Respublikamızda incəsənətə, sənətkarlara yüksək dövlət qayğısının nəticəsində hər gün yeni-yeni xalq artistlərimiz yetişməkdədir. Bunlardan biri də Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yoldaşdır. Doğrudur, Xaləddin müəllim hələ bu adı almamışdır, ancaq xalqımız ürəyində bu adı ona vermişdir. Əsas olan da budur. Ona qalsa Hacıbala müəllim də vaxtilə Suraxanıda qeyri-rəsmi xalq artisti idi, hər yerə keçi və uçan boşqab heykəlləri düzmüşdü, prezidentin gözünə girməklə nəhayət uca mərtəbəyə qalxdı. Xaləddin müəllim hələlik Binəqədiyə heykəllər düzmür, ancaq ondan da vacib işlər görür.
Misal üçün, bir uydurma qaynar xətt telefonu elan etmişdir, həmin nömrəyə zəng edəndə isə yalan olmasın, Barak Obamadan Vladimir Putinə qədər hər kəslə danışmaq mümkündür, lakin icra hakimiyyətindən kimsəyə düşə bilməzsən. Bəs nömrə nə üçün lazımdır? Yazdım da bə: Putinə zəng eləmək üçün.
Binəqədi sakinlərinin Putinə deyiləsi sözləri isə “en” qədərdir. Xaləddin müəllim rayona gələndən ərazi kənd toyu üçün bəzədilən toy mağarına oxşayır: az qala hər iki metrdən bir pambıqla “Xoşbəxt olasınız” yazıb vurublar. Yollar isə dağılıb gedir. Binəqədi sakinləri evə, işə xəndəkləri aşmaqla, yarğanlardan keçməklə, uçurumlara varmaqla gedirlər. Hər gün neçə saat tıxacda, tozun-torpağın içində eşələnirlər.
Toz-torpaq demişkən, Xaləddin müəllim keçən yay bütün işçilərinə məktəblilər kimi uniforma geyindirib işə bantiklə gəlməyi tapşırmışdı, bu yayın günvurması isə daha mırt nəticələr verdi: Avropa oyunları münasibətiylə “Təmiz Binəqədi” aksiyası elan edildi. İndi bu gülməli aksiya Xaləddin müəllimin əsas məşğuliyyətidir. Dövlətçilik-zad da yadından çıxıb, ancaq zibil atmağa başı qarışıb. Zibil isə qurtarmır, namərd Binəqədi sakinləri gecələr qarpız yeyib qabığını küçəyə atırlar. Ayran içib, dondurma yeyib qabını yerə tökürlər. İməciliklər, aksiyaya mollaları qoşmaq (gülməyin, icra hakimiyyətində həqiqətən belə görüş keçirilib, mollalara göstəriş verilib ki, yas yerlərində camaata “Təmiz Binəqədi” layihəsindən danışsınlar) da xeyir eləmir.
Bu layihə çərçivəsində icra hakimiyyəti rayon sakinləri arasında hətta… nərd və dama yarışı da təşkil eləmişdi. Ancaq maraqlıdır ki, əhali yarışı boykot elədi, baxmayaraq bütün günü özləri nərd atırlar. Görünür icra hakiminin nərdini oynamaq “zapadlo” sayılmışdı. Nəticədə yarışa məktəb direktorlarının zorla göndərdiyi bir-iki müəllimdən başqa kimsə qoşulmamışdı. Eyni zamanda, Avropa oyunlarında nərd yarışının da keçiriləcəyini ancaq Xaləddin müəllim zənn edə bilərdi. İnsafən, rayonda xeyli əraziyə ot əkib, süni dağ düzəldib. Bir tütəkdə “Bayatı” çalmağı da öyrənsə əsl dağ adamıdır, çobandır. Rayon sakinləri buna görə Xaləddin müəllimi sevirlər.
Başçının başqa bir məzəli hərəkəti rayonda xüsusi zibil qabları qoymasıdır. Alabəzək, əsl icra hakimi stilində qablardır: sarı, qırmızı, yaşıl, göy… Göy qurşağıdır sanki. Deyirsən indicə zibilin içindən yağmur yağacaq, akasyalar islanacaq. Romantizm Binəqədidə zibil qabı şəklində zühur edib. Amma bu spektr ayrımı təsadüfi deyil, Xaləddin müəllim hər bir qabın üstünə təyinatını da yazıb: “Kağız”, “Plastik qablar”, “Çörək”, “Əlvan metallar”, “Kitab-dəftər”, “Qızıl-gümüş” və sairə. (Axırıncını zarafata yazdım, birdən rayona hücum edərsiniz).
Əgər bu zibillər hamısı axırda eyni zibil maşınına doldurulursa, bu artistliyin mənası nədir? Üstəlik, Bakı yaxınlığında fransızların layihəsi ilə zibil emalı zavodu tikilib, onun da yanında ayrıca zibil çeşidləmə zavodu var. Zibillər onsuz da orda çeşidlənir, ayrılır.
Sonda Xaləddin müəllimə onu da çatdırmaq lazımdır ki, Avropa oyunları onsuz da Binəqədi ərazisində keçirilməyəcək, çox özünü həlak eləməsin. Hansısa turistin, idmançının azıb Biləcəriyə gəlib çıxması ehtimalı da sıfırdan bir az çox ola, olmaya…
Yazıda bir az yer qalıb, ondan istifadə edərək vergilər naziri Fazil müəllimə də atəşin salamlar göndəririk.