Türk yazıçısı Orxan Pamukun “Qar” romanında əyalət şəhərində gənc qızların intihar etməsindən də bəhs olunur. Bunu son bir həftədə Bakıda 4 yeniyetmə qızın itkin düşməsi haqda xəbəri oxuyanda xatırladım. Pamukun əsərində qızlar hicablı, müsəlman idilər və universitetə hicabla gəlmə qadağasına etiraz üçün intihar edirdilər. Bizim qızların itkin düşməsinin səbəbi nədir? Hansı yerli “Pamuk” bunu araşdırıb yazacaq?
Ancaq Azərbaycan polisinin bu gənc qızların itməsi olaylarına izahatı çox maraqlı idi. Vesti.az saytında polisin adından belə sözlər verilmişdi: “Gənc qızlar sevgi seriallarına baxırlar, fikirləşirlər ki, orda, küçədə onları tam azadlıq gözləyir, o üzdən evdən qaçırlar. Küçədə isə problemlərlə qarşılaşır, zorakılıqla üzləşir, sonra kor-peşman evə dönürlər”.
Maraqlı izahat idi. Polisin problemləri kinolara yükləməsi ilk hal sayılmaz. Bu, qabaqkı illərdə hətta nazir səviyyəsində baş verib. Polis naziri demişdi ki, adamlar savaş filmlərinə baxıb kriminala yönəlir. Halbuki, tamam yanlış, sosioloji baxımdan əksi isbat edilmiş bir məsələ idi. Məsələn, araşdırmalara və rəy sorğularına görə ən dəhşətli qorxu filmlərini izləyənlərin say çoxluğunu sizcə kim təşkil edir? Bəlkə qaniçən manyaklar? Qətiyyən. Bu filmləri sevənlər arasında ilk yeri… evdar qadınlar tutur!
Yaxud Kventin Tarantinonun, Takeşi Kitanonun filmlərində qan su yerinə axır, ancaq gedin zindanlarda sorğu keçirdin, siyasi dustaqların bəzilərindən başqa kimsə bu rejissorları tanımaz.
Yəni, kinonun və incəsənətin başqa sahələrinin guya insanları korlaması avtoritar rejimlərin köhnə, kiflənmiş uydurmasından başqa bir şey deyil. Polisin açıqlamasının ikinci hissəsi isə siyasi baxımdan yapistlər üçün biabırçılıq sayılmalıdır. Axı onlar həmişə küçədə yaratdıqları sabitliklə fəxr edirlər! “Cəbhənin vaxtında küçəyə çıxa bilmirdik, indi isə cənab prezidentin uğurlu daxili və xarici siyasəti sayəsində gecə-gündüz gəzirik və sairə qır-bır-dır…” Qulağımızı, baş-beynimizi 21 ildir bu cəfəngiyyatla xarab eləyiblər. İndi isə deyirlər küçədə yeniyetmə qızları problem gözləyir. Onlar zorakılıqla qarşılaşırmış. Peşman olub evə dönürmüş.
Hansı sözünüzə inanaq sizin, səyavuşnovruzov, əliəhmədovkimilər? Hansı düzdür? Küçədə qayda-qanun, ictimai sabitlik varsa, qızlar niyə küçəyə tək çıxa bilmir? Necə deyərlər, bu pişikdirsə, ət hanı, ətdirsə pişik hanı?
Ancaq bu suala da cavabları var: “Dünyanın hər yerində küçəyə özbaşına çıxan yeniyetmə qızlar problemlə üzləşir, tək bizim ölkədə belə olmur, bəsdir ölkəmizə qara yaxdınız, ASAN-xidmət yaratmışıq!” Belə vəziyyətdə daha nə sual verəsən? Problem çıxanda Azərbaycan dünyanın tayı olur, qalan bütün vaxtlarda isə ölkəmizin dünyada analoqu yox imiş! 21 ildir ölkənin böyük bir hissəsi işğal altındadır, atəşkəs adı altında əslində altdan-altdan savaş gedir, kasıbların uşaqları ölür, ancaq görürsən həyasızın biri intervü verir: “Ukraynada, Suriyada olan problemlər bizdə yoxdur, buna görə şükür edək”. Halbuki eyni problem sənin ölkənin içində onillərdir oturub.
Rusların indi Ukraynada yaratdığı qondarma “Donetsk, Luqansk respublikalarının”, yaxud islamçı ektremistlərin Yaxın Şərqdə düzəltdiyi İŞİD-in “Dağlıq Qarabağ Respublikasından” hansı fərqi var? Heç bir fərqi yoxdur. Həmin uydurma tarixlər, guya etnik müqəddəratı təyin etmə və etiqad azadlığı yalanları… Guya bunu görmürlər. Əlbəttə, özünü həyasızlığa qoyanda istənilən diskussiya yağ kimi gedir. Yenə bir gözəl el məsəlimizdə atalarımız bunun düsturunu yazıb qoyublar: “Həyasızın üzünə tüpürdülər, dedi yaz yağışıdır”.
Əslində bənzərliyi tam gizlədə də bilmirlər. Bir ara yapistlər dünyaya guya ağıl öyrədirdilər: “Bax, bizə Qarabağ işində yardım etmədiniz, indi Ukrayna işi ortaya çıxdı”. Azərbaycanın xilası, qurtuluşu, sabitlik, nə bilim, qalibiyyətin təntənəsi-zad yaddan çıxmışdı.