Dünən axşam Bakı-Quba yolunda baş verən avtomobil qəzasında dünyasını dəyişən nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı Günay Ələsgərova dəfn olunmaq üçün Ucar rayonuna aparılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhumun cənazəsi Qazıqumlaq kəndinə aparılıb. Bu saatlarda Məmmədovlar ailəsi kəndə dəfn üçün toplaşıblar.
Xatırladaq ki, qəzada həlak olan xanım nazirin Loğman adlı qardaşının qızıdır. O, 1977-ci il təvəllüdlü olub.
Qeyd edək ki, mərhumun atası hazırda Türkiyədədir və ağır əməliyyat keçirib.
*****
Dünən axşam saatlarında Bakı-Quba magistral yolunda ağır yol qəzası baş verib.
Oxu.az-ın məlumatına görə, “Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovun həyat yoldaşının olduğu minik avtomobili ağır yüklü maşınla toqquşub. Nəticədə E.Ələsgərovun xanımı dünyasını dəyişib.
Avtomobili idarə edən sürücü yüngül xəsarət alıb.
“Garant Holding” bununla bağlı nekroloq yayıb.
Qeyd edək ki, dünyasını dəyişən xanım Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızıdır.