Загрузка...

siyasi-mehbuslar

Son olaylara 20 ilin rakusundan baxış

Milli azadlıq hərəkatının başladığı gündən zaman-zaman repressiya dalğalarının şahidi olmuşuq. Onun qabaran və çəkilən dönəmlərini yaşamışıq. Uzun illər vətəndaş cəmiyyəti quruculuğu prosesində fəal iştirak eləmiş adamların həbsə atıldığı, QHT-lərin bank hesabının dondurulduğu, fəaliyyət imkanının minimuma endirildiyi indiki dövr əvvəlkilərdən fərqlənir. Söhbət tək total həbs və qorxudan getmir. Ona qalsa, 2003-cü ilin oktyabr hadisələrindən dəhşətlisini xatırlamıram. Söhbət ondan gedir ki, indi bu repressiyalar “vətənə xəyanət” ittihamıyla həyata keçirilir. Repressiv siyasi sistemlər vətəndaşlarına qarşı son həmləni adətən bu ittihamla başlayır. Dəniz diliylə desək, belə hallar adi dalğaya yox, sunamiyə bənzəyir.

Müxtəlif məsələlərdə hərdən fikir ayrılığımız olsa da ölkədə vətəndaş cəmiyyəti qurmağa çalışan bu insanlarla böyük ideyalar uğrunda uzun illər birgə işləmişik. “Dəli Kür”dəki “rus Əhməd” kimi boynumuza düşən missiyanın ağırlığını dərk edərək həvəslə, inamla işləmişik. Ölkənin şəhər və kəndlərində keçirdiyimiz maarifçi tədbirlərdə bir diribaş, savadlı gənc görəndə uşaq kimi sevinmişik, onu növbəti tədbirlərə çağıranda gələcəyin cəmiyyət qurucularını hazırladığımızı zənn edib həzz duyğusu yaşamışıq. Ən ağır dövrlərdə, xüsusən seçkilərin keçirildiyi zamanlarda bütün gücümüzü və imkanlarımızı onun azad və ədalətli olmasına töhfə verməyə çalışmışıq. 1995-ci ilin parlament seçkisi ərəfəsində “İnam” Plüralizm Mərkəzini yaradandan bu işlərin içində oldum və dostlarım dediyim, bu gün həbs olunan, həbs olunmaq qorxusu yaşayan hər kəsi “rus Əhməd” kimi millətin işıqlı sabahını düşünən gördüm.

***

“Vətəndaş cəmiyyətimizin indiki durumu haqda niyə yazıram” sualına cavab olası bu qısa girişdən sonra “Yazıya niyə bu başlığı qoydum” sualına da cavab vermək istəyirəm. Amma gəlin tələsməyək, ardıcıllıq olsun deyə demək istədiyimi bir-bir deyim.

1997-ci ilin aprelində Zuğulbadakı “Gənclik” mərkəzində Plüralizm Mərkəzləri Şəbəkəsinin növbəti görüşünə ev sahibliyi edirdik. Bu, təşkilatçısı olduğum ilk beynəlxalq tədbir idi. İldə iki dəfə müxtəlif ölkələrdə toplanan, Mərkəzi və Şərqi Avropa, Orta Asiya ölkələrini əhatə edən şəbəkəmizin bu görüşünə 17 ölkədən 50-dək qonaq gəlmişdi. Onların arasında biri xüsusən seçilirdi. Bu, Varşava İnsan Hüquqları Məktəbinin rəhbəri Marek Novitski idi.

Marek Novitskini dəvət etməyi bizim bu şəbəkə proqramımızın rəhbəri, Vaşinqtonda yerləşən Şərqi Avropa Demokratiya İnstitutunun prezidenti İrena Lasota məsləhət gördü. Ölkədə insan hüquqlarının müdafiəsiylə məşğul olan, buna maraq göstərən bütün kəsləri onun çıxış edəcəyi sessiyaya dəvət etdik. O dövrün və indinin bir xeyli hüquq müdafiəçisi onu dinlədi. Həmin sessiyanın videoyazısı durur. Çıxış indi də aktualdır, gərək “Yutub”a qoyaq, hər kəsin baxmaq imkanı olsun.

Dinləyicilər bu qoca məruzəçiyə valeh oldu. Çıxışı tək savad artırmaq baxımından əhəmiyyətli deyildi, həm də adama gördüyü işdən vicdan rahatlığı tapmaq, böyük bir daxili inamla tarixi missiya iştirakçısı olmaqdan fəxr hissi aşılayırdı. O da bizim insanları bəyəndi. Elə o vaxtdan rəhbəri olduğu məktəbin qapılarını bizim ictimai fəalların üzünə açdı. Neçə adam bizim vasitəmizlə, neçəsi birbaşa bu məktəblə əlaqə qurdu, onun dərslərindən keçdi.

Nəyə görə o işıqlı şəxsiyyəti Azərbaycan vətəndaş cəmiyyətinin başı üstünə qaranlıq çökəndə xatırlayıram? Ona görə ki, bizim belə bir vəziyyətə düşə bilmə ehtimalımızı hələ o vaxt Marek Novitski demişdi. O, çıxışında faşistlərin dönəmində yaşamış bir alman keşişin məşhur etirafını misal gətirmişdi: “Faşistlər əvvəl kommunistləri tutdu, səsimi çıxarmadım, çünki kommunist deyildim. Sonra yəhudiləri apardılar, dinmədim, yəhudi deyildim. Növbə mənə çatanda heç kimin səsi çıxmadı, çünki səsi çıxası adam qalmamışdı”. Novitskinin çəkdiyi misalı bu gün baş verənlər güzgüsündə bir də xatırladım.

Kommunist diktaturasını həbsxanalardan keçərək yaşamış, ona qarşı mübarizə aparmış bir insan kimi o, avtoritar rejimlərin nəyə qadir olduğunu bilir, bunu elmi dillə izah edirdi. Şəbəkəmizin görüşü keçirilən sərin aprel axşamları onunla maraqlı söhbətlərimiz olurdu. O, insan hüquqları ilə məşğul olmağı azad olmayan ölkələrdə təhlükəli iş sayırdı. Bizim bu sahədə potensialımızı qiymətləndirirdi, yeni hüquq müdafiəçilərinin hazırlanmasına dəstək olacağına söz verirdi. Onu heyran edən bizim hüquq müdafiəçilərinin birgə fəaliyyət göstərə bilməsiydi. Söhbətlərində repressiv sistemlərdə ən vacib işin birliyi qorumaq olduğunu deyirdi. Neftimizin bizə böyük bəlalar gətirə biləcəyinə işarə vururdu.

Eyni sözləri bir il sonra, 1998-ci ildə Varşavada keçirilən III Beynəlxalq İnsan Hüquqları Konfransında kofe fasilələrində söhbət elədiyimiz məşhur dissident, Kembric Universitetinin professoru Vladimir Bıkovski də deyəcəkdi. “Sizin KQB məktəbini keçmiş general rəhbəriniz və neftiniz var. Sizi çox ağır sınaqlar gözləyir!”

Keçmişi xatırlamaqla nə demək istəyirəm? Əslində Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti haqda silsilə təhlil yazıları yazmaq istəyirdim. Bunları yazmaq vətəndaş cəmiyyətinin rüşeym halından onun yaranma çabalarına şahidlik eləmiş elə mənim kimilərin işidi. Rauf Mirqədirovun həbsindən başlayan “vətənə xəyanət” ittihamlı yeni repressiya dalğası ilkin adını “Hardan başladı çöküş?” qoyduğum geniş təhlili yazıya təkan verdi. Amma…

Amma ötən həftə mətbuatda adam qapan bir “igid “Feysbuk” dostumuzun mənə qarşı növbəti qərəzli statusunu “like” edənlərin arasında köhnə QHT, qeyri-QHT dostlarımızın adını görəndə dərin təhlil yazısı yazmağa köklənmiş ovqatım yoxa çıxdı, həvəsim öldü. İnsanların nə qədər həssas, aqressiv olduğunu anladım. Dərinə getdikcə çox yaraları cırmaqlayacağımı gördüm, dayandım, istəmədim. Xeyri də yoxdur, sağalda bilməyəcəyin yaranı açmasan yaxşıdır. Yazının səmtini dəyişib üzdən getməyə qərar verdim. Hamıya belə rahat olar, elə mənə də.

***

Plüralizm Mərkəzləri Şəbəkəsinin hesabına tanış olduğum neçə-neçə siyasət adamı, keçmiş dissident, hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti xadimiylə söhbətlərdən, Azərbaycana dəvət edib bizim ictimai-siyasi liderlərimizlə görüşdürdüyüm şəxslərin rəyindən, səfər etdiyim ölkələrdəki siyasi vəziyyəti görüb öyrəndiklərimdən o əminliyə gəldim ki, 1990-cı illərin ikinci yarısında nəinki postsovet, bütün postkommunist dünyasında ən güclü demokratik müxalifət Azərbaycanda olub.

Bunu bizdəki vəziyyətdən hali olan hər kəs etiraf edirdi. Xarici siyasi təhlilçilərin də qəti fikri bu idi ki, heç bir yerdə Azərbaycandakı qədər ucqar kəndləri belə əhatə edən strukturlaşmış müxalif siyasi hərəkat yoxdur. Siyasi senzuranın mövcudluğu şəraitində azad mətbuata bu qədər həris jurnalistika fədaisinin mövcudluğu bizim aprel görüşümüzə (1997-ci il) Parisdən gələn mətbuat üzrə beynəlxalq ekspert Roni Koveni də heyran etmişdi.

Azərbaycan kimi müsəlman ölkəsində demokratik qüvvələrin belə güc mərkəzi yarada bilməsi xaricilərə qəribə gəlirdi. Bizdən nümunə götürmək istəyirdilər. Gürcü həmkarlarımız “Bunlar bizdə yoxdur!” deyib qibtə edirdilər. Ukraynalılar, belaruslar, serblər bizimlə əməkdaşlığa can atırdılar. Orta asiyalılar bu qədər fəal insanı olan cəmiyyətin tezliklə bütün Şərqə örnək olası dövlət quracağına inanırdılar.

Bəs nə oldu? Postkommunist dünyasının qibtə elədiyi bir demokratik hərəkat indi niyə kiçik dissident dərnəklərini xatırladan duruma düşdü? Geosiyasi mövqeyimiz, Qərbin oyunbazlığı, Rusiya və İranın basqısı, KQB generalının mistik gücü, neft və onun qara fəsadları… illər boyu sadaladığımız səbəblərə neçəsini də əlavə edə bilərik. Amma bunun günahı “məndədir”, “bizdədir”, “özümüzdədir” deyən olmadı. Kimisə ittiham eləməkdən uzağam! Həm də bəzi ağzıgöyçək virtual qəhrəmanın mənə “Avropanın göbəyində oturub” “basqı altında şərə boyun əyməyən”lərə “dərs keçmək” tənəsindən çəkinirəm. “İttiham etmə, ittiham olunarsan!”

Dünyada ən zəhləm gedən insan tipi alıcı quş kimi daim insanların üstünə atılmağa hazır olan, ittiham eləməkdən qorxmayan, həyasızcasına üzə duran adamlardır. İndi mətbuatımızı və cəmiyyətimizi belə adamlar sarıb. Mən onlardan qorxuram! Qorxaq deyiləm, amma qorxum güclüdür. Qorxan insan ətraf aləmi cəsur adamdan daha yaxşı duyur. Məşhər sorğu-sualı, həbsxana işgəncələri belə onlardan qorxunc deyil. Çünkü orada səni gözləyəni təxmin edə bilərsən. Belə adamlarla təmas daha təhlükəlidir, səni harda, necə vuracaqları bəlli deyil.

Mən bu adamlara “dən səpən” deyirəm. “Mən qorxmuram, sənsə qorxaqsan” deyib bağıran bu “qəhrəmanlar” ürəyində vətənə sevgi yaşadan, azadlıq duyğusunu dadıb və bütün cəmiyyətə dadızdırmaq istəyən sadəlövh adamlara “dən səpib”, onları nişangaha çıxaranlardır. Repressiv sistemlər belə adamları ya özləri yaradır, ya da xaraktercə belə olanlardan məharətlə istifadə edir. Belələri Polşanın “Solidarnost”undan tutmuş bizim milli azadlıq hərəkatımızacan – bütün azadlıq və demokratiya hərəkatlarında olublar. Bu gün qəhrəman libası geymiş o adamların səpdikləri “dən”i kimdən, hardan aldıqları isə çox sonralar üzə çıxır, bəzənsə heç çıxmır.

Bəli, “Avropanın göbəyindəki rahat yerimdə” onu anladım ki (Avropada yaşamağım baş qaxancım olacaqmış!), bütün bu məğlubiyyətlərin səbəbkarı mənəm!

***

Bir dəfə ABŞ-ın NED donor təşkilatının yüksək rəhbər mövqeli xanımına “Niyə bizim mərkəzin layihələrini rədd edirsiniz?” deyə sual etdim. İlk baxışda həmişə xoş görüşüb söhbətləşdiyimiz bu xanım mənə bir etiraf elədi: “Hakimiyyətdə olanda siz jurnalist döymüsünüz!” Şoka düşmədim, sadəcə “barmağımı dişlədim”. Sonra güldüm. Dedim ki, mənim soyadım Qazıyevdir. AXC hakimiyyəti vaxtı Prezident Aparatında qısa müddətə balaca bir vəzifədə işləmişəm. Qazıyev soyadlı nazirimiz olub, amma o, jurnalist döyməyib, döyən başqa nazir idi. Bunu sizə danışanlar“Qazıyev”, “nazir”, “jurnalistin döyülməsi” sözlərindən düyünlü boxça düzəldib sizə ötürüblər. Həmsöhbətimi inandıra bildim, amma daha gec idi. Sonralar NED təşkilatında baş verən biabırçı olaylar haqda dostum İrena Lasota o təşkilatının prezidenti Karl Gerşmana səmimi dost məktubu yazanda bildim ki, bu təşkilatın, eyni zamanda başqa bu cür donorların mənə münasibətinin əsl səbəbi nəymiş…

Mən həmin donor təşkilatın 1995-96-ci illərdə bir Azərbaycan QHT-sinə yarım milyon dollardan artıq yardım ayırması haqda məlumatı elə onların saytlarından götürüb özlərinə sual etmişdim: “Bilirsinizmi ki, sizin ayırdığınız bu pullar Azərbaycanda Demokratiyanın İnkişafı adına alınsa da, Azərbaycanda demokratik qüvvələrin parçalanmasına xidmət edir?” Donora da belə sual verərlər? Səfeh!

Yarım milyon dollar hələ bir təşkilatın saytında yazılan rəqəm idi. Başqa ABŞ və Avropa təşkilatlarının qrantlarını da təsəvvür edəndə o vaxt üçün fantastik məbləğ alınır. İndi hanı o təşkilat, onu yönəltmiş adamlar?

Bu qədər fəal insanın olduğu ölkəyə bu qədər pul ayıran fond uğurlu demokratiya qurulacağına ümid etdiyi vaxtda sən belə sual verirsən. Bir daha səfeh!

Hələ də bu sualı haqlı sayıram. Zaman bunu göstərdi.

Biz donorlarla işləyə bilmədik. Külüngü bir yerə vurmadıq, onlara bir hədəfimizin olduğunu göstərmədik, yürütdükləri səhv siyasəti üzlərinə demədik, “sizin ayırdığınız qrantlar bizi birləşdirmir, əksinə parçalayır”, “siyasi fəallarımızı, intellektuallarımızı şirnikləndirib ictimai marginala çevirir” etirafını eləmədik.

Faciə ondadır ki, etirafı bir-birimizə də eləmədik, hərəmiz başımızı qoltuğumuza soxduq, sonra da demokratiya naminə imitasiyayla məşğul olmağa başladıq. Hansı oyunlardan çıxmadıq? Qara nöyütdə ağ həqiqət axtaran bir koalisiyanın rəhbərliyindəki ölkənin ictimai xadim statuslu kəslərinin üçcə min manatlıq xırda qranta görə gözümün qarşısında hansı oyun oynadıqlarını acı xatirə kimi, yəqin uzun illər xatırlayacam. Hələ başqa neçə-neçə belə olaydan yazmağa əlim də gəlmir, üzüm də. “Üstümüzdəki Soros ləkəsi” yazısına görə neçə dostun qınağına gəldim, mən də susdum…

***

İndi də o fikirdəyəm ki, Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə qayıtmaq üçün ən şanslı dövrü 1998-çi ilin prezident seçkisiydi. Bu sətirləri yazanda ara verib o vaxt keçirdiyimiz seçki monitorinqinin bülletenlərinə bir də baxdım. Əminliyim daha da artdı. O dövrdə nələr baş verdi? Bu barədə çox suallar verirlər, məsələn, “Niyə Elçibəy məhz həmin seçki ərəfəsində Kələkidən qayıtdı?” sayaq ritorik sual kimi. Mənimsə sualım daha yoxdur!

O dövrdə Müsavat Partiyası öz ətrafına hərəkat üzvü olmuş adamlarla yanaşı hərəkat üzvü olmayan çoxsaylı tərəfdar da toplamağa, Divana, Məclisə, rayon təşkilatlarında böyük ziyalı ordusu cəlb etməyə müvəffəq olmuşdu. Xalq hərəkatını günahlardan arındırıb yeni dövr hərəkatı yaradası liderə malik partiyaya çevrilmişdi.

Məşhur yunan kəlamına tam uyğun zaman yetişmişdi.“Hiс Rhodus, hiс salta” (“Burda Rodos, burda tullan”). Bəs nə baş verdi?

Azərbaycanda demokratiyanın inkişafına, demokratların birliyinə dəstək layihələri niyə uğursuzluğa düçar oldu? Bu layihələr vətəndaşları seçkini boykota yox, seçkidə iştiraka yönəlik idi axı! Öz məsləkdaşlarına arxa çevirib hakimiyyətlə separat danışıqlara gedən kimlər idi? Postkommunist dünyasının ən güclü demokratik hərəkatı boykot intriqasına necə çəkildi? Şəxsi ambisiyasını milli maraqlardan kimlər üstün tutdu? Bu seçkidən başlayan üzüaşağı enişə görə məsuliyyət daşıyan varmı? On minlərlə fəal üzvü, yüz minlərlə fəal dəstəkçini könül qırıqlığına salan, onların iş, dolanışıq, mülk, ən əsası azadlıq və ümiddən məhrum olunmasına görə vicdan sızıltısı duyan varmı? Odu söndürüb, külünü də yellərə kim verdi?

Ekstremal şəraitin bir gündə birləşdirdiyi insanları uzun illərin yaxınlığı birləşdirə bilməz. Bu insanlar çoxsaylı belə şəraitlərdə bərkiyib birləşmişdilər. Hanı o insanlar? Bu sualları mən vermirəm, dedim axı, sualım yoxdur. Bunlar sənin suallarındır, bu sətirləri oxuyan kəs! Şükür Allaha, o qədər ittihamçı-araşdırmaçı jurnalistimiz var ki. Maraqlı olsalar, araşdırarlar.

***

Dəvətimizlə 2000-ci il parlament seçkisini müşahidəyə gələn beynəlxalq müşahidəçilərin, elə başqa müşahidəçilərin də rəyinə görə seçkini Müsavat Partiyası udmuşdu. Seçki gecəsi məntəqələrdən dönən bir müşahidəçinin müxalifət liderlərindən biriylə söhbətini xatlrlayıram. “Siz seçkini udmusunuz, niyə haqqınızı tələb etmirsiniz?” “5-10 deputat yeri üçün son döyüşə çıxmağa dəyməz, qərar budur ki, gücümüzü 2003-cü ilin prezident seçkisinə, son və qəti mübarizəyə saxlayaq”. “5-10 deputat yerini ala bilməyən prezident kürsüsünü necə tutacaq?”

Cavabı 2003-cü ildə aldıq. Sonrakı 10 ildə tənəzzülün davamını isə hamı gördü.

2008-ci ildə prezident seçkisi yenə boykot edildi. Boykotu təşkil eləmək seçki kampaniyası keçirməkdən qat-qat ağır işdir, bu, təkcə evdə oturmaq deyil. Bütün seçkilərdə olduğu kimi bu seçkidə də bir QHT koalisiyası yaratdıq. Gəldiyimiz nəticəylə bağlı rəyi özüm yazıb, özüm də elan elədim. O rəyə görə məni səmimi qınayanlar oldu, girəvələyib qamçılayanlar da, böhtan atanlar da. Səhv idi, düz idi, bunu özüm eləmişdim. Açıqda, hamının gözü qarşısında. Mənə çamur atanlar isə çamura batmışlar idi. Amma bütün məni tanıyan səmimi dostlar bilir ki, o bəyanat hakimiyyətə sevginin yox, illərlə ümid bəslədiyib inandığımız siyasi qövmə qəzəb etirazı idi.

***

Bunları vətəndaş cəmiyyətinin bir institutu kimi siyasi partiyaların haradan haraya gəldiyini yada salmaq üçün yazıram.

Mətbuatın, QHT sektorunun daha güclü olduğu ölkələrdən fərqli olaraq bizim vətəndaş cəmiyyətimizdə avanqard rolunu həmişə siyasi partiyalar oynayıb. Qəzetlər də, QHT-lər də onun ətrafında dəstəkçi olublar. O vaxt heç ağla da gəlməzdi ki, bu qədər gücü olan partiyaların hərəsi sonda bir qəzetə sığınacaq.

Mətbuatımızın başına gələnləri sadalamağa ehtiyac yoxdur. Müxalif mətbuatı demirəm, elə bütün dövrlərdə müstəqilliyini qorumuş “Zerkalo”nun aqibəti bir nümunədir. Roni Koveni heyrətə gətirən döyüşkən mətbuat sonunda əl quzusuna çevrildi.

Biz xaraktercə fərdiyyətçi xalqıq, bizdə birgə iş alınmır (yaxşı qrupbazıq, onu demirəm). Ona görə bizdə hər şey fərdə bağlıdır. Qəzet də, partiya da, QHT də, elə ölkə də bir adamın adıyla çəkilir. Faciələr də bu adamların bir-biriylə intriqasından, davasından başlayır. Bir-birimizi didib parçalayır, zəif salır, sonra da təklənib uduzuruq.

***

Nəhayət, repressiya növbəsi QHT-lərə də çatdı. Novitski kimi adamlar bunu görürdü, bizə deyirdi, bizsə eşitmirdik. Azad adamın sözünə dözməyən repressiv siyasi sistem tədricən azad adamın özünə, mövcudluğuna, onun susmasına belə dözmür. Bir vaxt “Susmaq hüququ” adlı bir yazıda bu haqda yazmışdım. İndi repressiv sistemin ən həssas yerlərini narahat edənlər hədəfdədir. Seçki, siyasi məhbus, susmayan dil, qorxmayan vətəndaş – budur onun həssas yeri.

Dalğalar böyük, ləpələr xırdaları alar – durdurulmasa növbə hamıya, “lallar”a da çatacaq.

Bir dəfə İntiqam Əliyevi xeyli insan hüquqçusu yetirdiyinə, böyük hüquq məktəbi yaratdığına görə Novitskiyə bənzətmişdim. İndi onun kimi Leyla Yunus da həbs olunub. Bir vaxtlar “III Sektor” adlı jurnal nəşr edərdik. Adını elə qoysaq da, hədəfimiz həm də demokratiya problemləri tarixindən nümunələr dərc etməklə maarifçi işlər görmək idi. Orada Qandi, Mandela, Martin Lüter, Havel, Cəmilov kimi azadlıq carçılarının məhkəmə çıxışlarını, həbsxana məktublarını demokratiya sənədləri kimi dilimizə çevirib dərc edirdik. Vaxt gələcək, Leyla Yunusun həbsxanadan göndərdiyi “Bu, Pirr qələbəsidir. Siz bizim inamımızı heç vaxt qıra bilməzsiniz…” nidalı məktubu da, İntiqam Əliyevin “Məndən narahat olmayın! O biri məhbusları qoruyun!” çağırışı da Azərbaycanda demokratiya uğrunda sənəd nümunəsi kimi tədris olunacaq, örnək göstəriləcək.

İqtidar düşünərləri, hakimiyyətin bu qədər güclü olduğu bir zamanda bu həbslər sizə lazımdımı? İstər bu gün, istərsə də gələcək üçün! İntiqam Əliyevə, Leyla Yunusa, Anar Məmmədliyə, İlqar Məmmədova, Tofiq Yaqubluya, siyasi baxışlarına görə həbs edilmiş neçə-neçə məhbusa qəhrəman deyilən yerdə siz necə adlanacaqsınız? Bunu düşünürsünüzmü?

***

Diqqətli oxucu gördü ki, hakimiyyətin də adı üstündən qəsdən ötəri keçdim. Mən bu hakimiyyətlə 1993-cü ilin yayında, Ağdamın işğalınadək bir ay boyunca işlədim. Onun hansı havada yaşadığını duydum. Mənim bu hakimiyyətdən heç vaxt gözləntim olmayıb, nə Qarabağı qaytaracağına inanmışam, nə də ədalətli cəmiyyət quracağına. Gözləntim olanlarsa məni və mənim kimi milyonları “qələbədən-qələbəyə” apara-apara bu günə gətirdilər, məğlub etdilər.

Deyərsiniz nə olsun, bunlar aydındır, bilirik! Sən de görək indi neyləmək lazımdı? Cavabım yoxdur. Bilmirəm! Bilsəydim, nə ağıllı adam olardım! Bir şeyi dəqiq bilirəm, bizdən – bu materiyadan vətəndaş cəmiyyəti yaratmaq alınmayacaq, yeni materiya lazımdır. Yeni nəsil – gənclər edə bilər bunu. Gümanım onlara gəlir, amma baxıram nə qədər fəal və savadlı gənci “dən səpən qəhrəmanlar”ın yanında görürəm. Və yenə Qorxuram!

O biri yandan da siyasi yaddaşı üç-beş ildən o yana keçməyən gəncliyin ayıq olacağına, çox uzaq yox, elə son 20 ilin dərslərindən ibrət götürəcəyinə, yeni vətəndaş cəmiyyəti quruculuğuna başlayacağına inanıram. Bu torpaqda tək gəmiricilər doğulmur, qaranquşlar da yaranır.

Diqqətli oxucu onu da duydu ki, heç kimi ittiham eləmədim! İttiham eləməyi bacarmıram. Dünyada ittiham edə biləcəyim tək adam var – o da özüməm. Bütün bu sadalanan səhv və günahların baiskarı mən özüməm! Mənəm – Azərbaycan vətəndaşı!

Vahid Qazi

avqust, 2014

vahidqazi.wordpress.com