“Xanım sürücü qəza törətdi: 3 yaralı”; “Qadın sürücü qəza törədərək hadisə yerindən qaçdı”; “Speys” telekanalının qadın aparıcısı qəzaya düşdü”; “ATV-nin xanım əməkdaşı qəza törətdiyinə görə 3 il şərti cəza aldı” və sair. Bunlar son iki gündə qadınların törətdiyi qəzalarla bağlı ölkə mediasında gedən başlıqlardır.
Zərif cinsin maşın sürən (gələcəkdə sürmək fikrində olan, eləcə də cinsi ayrı-seçkiliyə qarşı çıxan) nümayəndələrini qızışdırmaq kimi çıxmasın, başlıqlardan anti-feminizm rayihəsi (müəllif bilə-bilə “iyi”, “qoxusu” kimi kəlmələrdən istifadə etməyib – red.) gəlir.
Doğrudan da nə dəxli var ki, qəzanı törədən qadın olub, ya kişi? Xəbərin içində demirəm, başlığında belə sürücünün qadın olduğunu vurğulamaqda xəbər yazanların məqsədi nədir? Nə demək istəyirlər?
Ona qalsa, son 3 gündə ölkənin yollarında 10-dan çox adamın ölümü ilə nəticələnən xeyli yol qəzası baş verib – Ağstafadan Maştağaya qədər. Baxaq, görək, bu qəzalardan bəhs edən hansı xəbərin başlığı bu cürdür: “Maştağada kişi sürücülər qəza törətdilər – 4 ölü”; “Ağsuda kişi sürücü maşını dərəyə aşırdı”; “Lənkəranda oğlan sürücü piyadanı vurub qaçdı”; “Gəncədə telekanalın kişi aparıcısı qəzaya düşdü” və sair.
Birmənalı olaraq, kişi sürücülərin törətdiyi qəzalarda qəzanı törədənin cinsi vurğulanmır. Amma elə ki, qəza törədən qadın olur, vəziyyət dəyişir, bu, dərhal başlığa çıxarılır, hətta xəbərin içində də eyham edilir ki, qəza qadın sürücünün ehtiyatsızlığı, naşılığı üzündən baş verib.
Bu cür xəfif, səthi, qərəzli xəbərlərə istinad edən yüzlərlə kişi sürücü hazırda mediada, sosial şəbəkələrdə belə bir təbliğat aparırlar ki, qadınlara maşın sürməyi qadağan etmək lazımdır, ona görə ki, onlar maşın sürə bilmirlər, qəza şəraiti yaradırlar.
Oysa millətin uşağını yollarda qıran kişi sürücülərdir. Sadəcə, bu başlıqlara çıxmır.
Ona görə də qadın sürücülər, eləcə də onlara qahmar çıxan həmcinsləri bu məsələni qabardanda, kişilərin ziyanına olan statistikanı gözlər önünə sərəndə, açığı, çox haqlı görünürlər.
Əslində, qadınlar çox yaxşı maşın sürürlər – ehtiyatlı, asta-asta, səbrli, səliqəli. Saatda 120 km sürətlə sürməyə icazə verilən yollarda yolun sağıyla 60-70-lə sürüb gedirlər. Bir də görürsən, hövsələsiz kişi sürücülər 140-la gəlib onlara çatır, yoldan çəkilmələri üçün səs və işıq siqnalı verirlər. Amma qadın sürücü hara çəkilsin? Onsuz da yolun sağındadır. Həm də yol 120-likdirsə, o demək deyil ki, mütləq 120 ilə sürmək lazımdır. Bu qadındır, tələsmir, 60-70-lə sürəcək, sən də soldan keç get.
Qadın sürücülərin yeganə minusu parkovkadır, 95 faizi maşını lazım olan yerdə münasib şəkildə saxlaya bilməz. Bir qadın sürücü öz balaca maşınını (onların əksəriyyəti incə avtomobillər sürür) iki maşının arasında saxlamaq, yaxud oradan çıxarmaq istəyirsə, böyük ehtimalla onların ya hər ikisinin, ya da ən azı birinin böyrünü sürtəcək.
Əgər saxladığınız maşınınızın önündə, arxasında avtomobil saxlayıb gediblərsə və siz nə qədər manevr etsəniz də, çıxa bilmirsinizsə, taleyinizlə barışın və iki saat gözləyin, o maşının yiyəsi qadındır və yaxınlıqdakı saç ustasına, dərziyə, yaxud da “beş dəqiqəliyə” rəfiqəsinə dəyməyə gedib. Azı 50 dəfə belə hadisənin şəxsən şahidi olmuşam. İki dəfə isə jurnalist Qabil Abbasoğlunun o vəziyyətə düşdüyünü görmüşəm. O, avtomobilini minib getməliydi, arxasında dayanan maşından imkan yox idi. Qabil düz bir saat gözlədi, güman gələn hər tərəfə baxış keçirdi, sifariş göndərdi. Axırda bir nazlı-qəmzəli xanım gəldi, dedi, aaa, nə olub bəyəm, bir stəkan çayı da haram etdiniz. Ertəsi gün həmkarım yenə harasa getməli oldu.
Bir də gördüm zəng edir ki, gəl pəncərənin önünə, aşağı bax. Baxdım. Gördüm, yenə bunun maşının arxasında bir cip növlü, yəni “kişi maşını” saxlayıb və o, yenə çıxa bilmir. Telefonla dedim ki, dağa-daşa düşmə, bu da qadındır. Xüləs, 30-40 dəqiqə keçdi, yolkəsən avtomobilin sürücüsü gəldi. Biz yanılmışdıq, sükanın arxasına keçən sürücü kişiydi. Ancaq o, maşını işə salıb, yoldan çəkildi, maşından düşdü və açarları artıq ona yaxınlaşan qadına uzatdı. Heç demə, bu maşının da yiyəsi qadın imiş.
Bax, belə xırda nüansları nəzərə almasaq, qadın sürücülərin ustalığına söz yoxdur. Ona görə də qəzalardan bəhs edən xəbər başlıqlarında cinsi ayrı-seçkiliyə yol vermək düzgün deyil.