“Ərdoğan sinifkom, Gül isə təmizkom olacaq”
Türkiyə prezidenti Abdulla Gülün yenidən hakim partiyaya qayıdacağı və başqan seçilərək yenidən baş nazir olacağı barədə xəbərlər çıxandan sonra sosial şəbəkədəki dostlardan biri sırf Anadolu şivəsində böylə yazmışdı: “Sana Medvedyev olmaq yakışmıyordu, sayın Gül”.
Bilənlər bilir, bilməyənlər üçün aydıralım ki, son illərdə regionumuzda belə bir tendensiya əmələ gəlib: iki dostun əvvəlcə biri prezident olur, o biri baş nazir. Sonra bunların vaxtı çatır, guya ki, demokratiyadır, qanunun aliliyi-filan söhbəti var, eyni şəxs iki müddətdən artıq prezident ola bilməz-zad. Onda prezident olan dost öz vəzifəsini baş nazir dostuna verir və özü baş nazir olur. 5 il bu cür işləyirlər. 5 ilin tamamında keçmiş prezident, hazırkı baş nazir öz prezident dostunu çağırıb deyir, qardaş, vaxtdır, prezidentliyimi qaytar özümə, indi də sən baş nazir ol. O da dinməz-söyləməz qaytarır. Beləcə, kresloları dəyişib işləyirlər.
Rusiyada bunu Putin və Medvedyev həyata keçirdi, indi Türkiyədə Ərdoğan və Gül bu plandan yararlanmaq fikrindədir.
Nə demək olar? Yaxşı üsuldur. Artıq sınanıb da.
Hələ onu da yada salaq ki, 2002-ci ildə AKP seçkilərdə qalib gəlib təkbaşına hökumət quranda 58-ci hökumətin başçısı Abdulla Gül olmuşdu. Çünki Ərdoğanın yasağı vardı, hətta qəzetlər də yazmışdı ki, o nəinki deputat, nazir, heç məhəllə muxtarı ola bilməz. Amma partiyası qalib gələndən sonra vəziyyət dəyişdi. Yeni qanun layihəsi hazırladılar, parlamentdə oxunuşlardan keçirdilər, kitabdan kitaba saldılar və AKP-nin qurucusu olan Ərdoğanın siyasətlə məşğul olmaq, harasa seçilmək hüququ tanındı. Sonra Siirt bölgəsində bir nəfər deputatlıqdan istefa verdi, yerinə Ərdoğanın namizədliyi irəli sürüldü, seçildi, türkün sözü, mazbatasını alan kimi, baş nazir Gül media qarşısına çıxıb dedi ki, postun yiyəsi gəldi, mən istefaya çıxıram. Beləcə, Ərdoğanın rəhbərliyi ilə 59-cu hökumət quruldu, Gül də baş nazirin müavini və xarici işlər naziri oldu.
7 il bundan qabaq Gül qabağa getdi, prezident seçildi, Ərdoğan yerində qaldı. Amma qardaş ölkədə prezidentin və baş nazirin səlahiyyətləri elədir ki, baş nazir daha böyük vəzifə sayılır. Bu üzdən kənardan baxanda elə görünürdü ki, cənab Gül Ərdoğanın yanında prezident işləyir.
Budur, onlar yerlərini dəyişirlər. Ərdoğan prezident seçilib və onun gənclik dostu Gül isə baş nazir olmaq istəyir və güman ki, olacaq. Amma bu, o demək deyil ki, bu dəfə də Ərdoğan baş nazir Gülün yanında prezident işləyəcək. Hayır.
Bu dəfə tərsinə olacaq. Ərdoğan sinifkom, Gül isə təmizkom olacaq, Çankayadan verilən tapşırıqları icra edəcək.
Situasiyanı Azərbaycan oxucusunun daha yaxşı anlaması üçün bir ad çəkək: Artur Rasizadə. İstər Gül olsun, istər Bülənt Arınç və ya bir başqası, bu gündən sonra Türkiyədə kim baş nazir təyin olunsa, o bizim Artur müəllimdən fərqlənməyəcək.
Yeri gəlmişkən, Artur müəllimin bioqrafiyasında baş nazirlikdən istefa vermək, bir-iki ay baş nazirin birinci müavini olmaq, sonradan yenə baş nazir olmaq hadisələri var. Zaman belə tələb edirdi. Düzdür, rəsmən belə xəbər yayılmışdı ki, bu, əziz baş nazirimizin səhhəti ilə bağlıdır, amma güman ki, siyasətlə bağlıydı. Hər halda biz rəsmi mövqeyə inanmalıyıq və hesab etməliyik ki, 2003-cü ilin payızında cənab Rasizadə iki ay ərzində baş nazirin birinci müavini vəzifəsində yox, baş nazir postunda çalışsaymış, sağlamlığında ciddi fəsadlar əmələ gələrmiş.
Sonrakı seçkilərdə onun təkrarən xəstələnməsinə ehtiyac olmadı. Hətta bizdə Putin-Medvedyev ssenarisini həyata keçirməyə də zərurət yaranmadı. Birincisi, elə bir etibarlı dost yox idi ki, prezident vəzifəsini verəsən, sonra geri alasan. İkincisi, hamı bunun bir siyasi riyakarlıq olduğunu bilirsə, təzədən dünyanı özünə güldürməyin bir mənası yoxdur, ən yaxşısı, “prezident özüməm, nə qədər ki, canımda can var, özüm olacam” deməkdir. Baxın, heç etiraz edən də yoxdur.
Xüləs, görək “Putin-Medvedyev” ssenarisinin Türkiyədəki variantı – “Gül-Ərdoğan” senaryosu necə həyata keçiriləcək. Ondan sonra görəcəyik Medvedyev olmaq sayın Gülə yakışırmı, yakışmırmı?