Hakimiyyətlərin uzunömürlü olmasının ziyanları barədə ilk yazım 13 il əvvəl “Yeni Müsavat”da dərc olunanda bu ölkədə yalnız beş-altı nəfər Türkiyədə Rəcəb Tayyib Ərdoğan adlı bir siyasətçinin olduğunu bilirdi. O zaman o, İstanbul meri idi.
Türkiyədə hakimiyyətlərin tez-tez dəyişən vaxtlarıydı. Koalisyon hökumətlər ilyarıma, iki ilə dağılır, yeni seçki keçirilir, yeni hökumətlər qurulur, dövlət idarəçiliyi gah yeni siyasi xadimlərin əlinə keçirdi, gah da köhnələr yenidən qayıdırdı.
Bu ölkədə hakimiyyətlərin gödəkömürlü olması ciddi problem idi, iqtisadiyyatda qeyri-sabitlik hökm sürür, Türkiyə lirəsi sürətlə dəyərdən düşürdü. Bununla belə, Türkiyədə Turqut Özalın baş nazirliyi dövründən başlanmış iqtisadi inkişaf müşahidə olunurdu və bu inkişafın siyasi sabitlik yaranacağı təqdirdə davamlı olacağı şübhə doğurmurdu.
2002-ci ilin payızında qardaş ölkədə tez-tez dağılan koalisyon hökumətlər dövrü başa çatdı və Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası (türkcədə AKP) təkbaşına iqtidara gəldi.
Beləcə, düz 12 ildir ki, Türkiyədə tək bir hakim partiya var və o, bütün seçkiləri (bələdiyyə və parlament seçkilərini, referendumları, sonuncu dəfə isə prezident seçkisini) udur. AKP toplam olaraq 9 seçkidə qələbə qazanıb.
13 il öncə bu sətirlərin müəllifi vaxtaşırı dəyişən hakimiyyət komandalarının Yaponiya, Cənubi Koreya, Kanada, Avstraliya, İtaliya və başqa bu kimi ölkələrdə iqtisadi sıçrayışa səbəb olduğunu yazarkən həmin ölkələrin sırasında Türkiyənin də adını çəkmişdi.
Həmin fikir bu gün də qüvvədədir. Gerçəkdən də hakimiyyətləri vaxtaşırı, ancaq qanuni və demokratik seçkilər yolu ilə əvəzlənən ölkələrdə iqtisadiyyat da sabitdir, əhali firavandır.
Avropa ölkələrinin, demək olar ki, hamısı bu qəbildəndir. Bu ölkələrdə bir partiya və ya siyasi partiyalar bloku ən çoxu iki dəfə seçkiləri uda bilir, daha sonra mütləq hakimiyyətə yeni qüvvələr yeni ideya və proqramlarla gəlir. Bu isə ölkənin hərtərəfli inkişafına səbəb olur. Heç bir sferanı ətalət basmır.
Ancaq budur, Türkiyədə bir partiya həm parlamentdə həlledici üstünlüyə malikdir, həm yerli bələdiyyələrin əksəriyyətində hökmrandır, həm də onun lideri artıq prezidentdir. Hiss olunur ki, bu lider partiyasından formal olaraq, qanunlara zidd olduğu üçün rəsmən ayrılacaq, ancaq partiyaya qeyri-rəsmi olaraq rəhbərlik etməyə davam edəcək.
Türkiyənin artıq bütün hakimiyyət qolları və strukturları bir partiyanın sərəncamındadır. Üstəlik, onun siyasi uzunömürlülüyü də təmin edilib. Növbəti seçkilərdə də AKP-nin, prezidentin partiyasının qalib gələcəyi şübhə doğurmur. İşlər belə getsə, 2019-cu ildə Ərdoğan yenidən prezident seçiləcək.
Beləcə, fors-major hallar baş verməsə, AKP-nin Türkiyədə hakim partiya olaraq ömrü 20 ildən çox çəkəcək.
Bəs, bu qardaş ölkənin hərtərəfli inkişafına təkan verəcəkmi? Onu daha da çiçəkləndirəcəkmi?
Dünya dövlətlərinin təcrübəsi göstərir ki, bir partiyanın hakimiyyətinin uzunömürlü olması mütləq bir müddətdən sonra fəsadlar törədir, ilk növbədə demokratiyanın boğulmasına, bu müstəvidə çoxsaylı problemlər yaranmasına səbəb olur.
Ölkəyə total nəzarət imkanları qazanan hakim partiya bir mərhələdən sonra iqtisadiyyatda inhisarçılığa meyllənir, iqtisadi imperiyalar yaradır, öz dövranını qorumaq üçün müxtəlif yollara əl atır, heç kəsdən çəkinəcəyi, əlinin üstündə əl olmadığı üçün bütün hallarda, yanlış, dürüst olmasına baxmayaraq, öz iradəsini yeridir. Avtoritarizmə xas idarəetmə metodu dominant olur (bunun bariz əlamətləri artıq bir neçə ildir ki, sezilməkdədir). Son nəticədə bu, ölkə daxilində ciddi ictimai gərginliklərə, sosial-siyasi partlayışlara, siyasi böhrana, vətəndaş qarşıdurmasına gətirib çıxarır.
Əgər uzunömürlü hakim partiya həmin siyasi böhranı da dəf edə bilirsə, öz hakimiyyətini qorumağı bacarırsa, artıq bu partiya əvvəlki kimi olmayacaq, idarəçilikdə bir az da avtoritarlaşacaq, məxməri diktatura rejimi (yəni başqa partiyalar qadağan olunmur, amma onlar heç vaxt seçib-seçilə bilmirlər) yaratmağa çalışacaq.
Bir sözlə, hazırda bir partiyanın ard-arda qazandığı qələbələrdən riqqətə gələnlər 3-5 ildən sonra bunun törədəcəyi fəsadlara da hazır olmalıdırlar.