Prezidentlərin Soçi görüşü bitdi. Bu kurort şəhərində 2010 və 2011-ci illərdə də analoji görüşlər keçirilib. Ancaq həmin iki görüşdə yenə heç olmasa, bəyanat qəbul edilmişdi. Bu dəfə o da gözə dəymədi. Ola bilsin, pərdəarxası hansısa şifahi anlaşma və ya razılıq var, xəbərsizik, ancaq bu, özünü hansısa sənəd və ya birgə açıqlama şəklində biruzə vermədi. Biruzə verəcəksə də, yəqin ki, çox gözləməli olmayacağıq.
İlkin təəssürat belədir ki, münaqişə tərəflərinin hamısı – Azərbaycan, Ermənistan və Rusiya hələ ki, öz ənənəvi mövqelərində qalır. Sübhə yox ki, görüş faktının adicə mövcudluğu cəbhə xəttində gərginliyi qismən səngidəcək. Ancaq müharibənin önlənməsi, danışıqların dalandan çıxarılması üçün bu yetərlimi? Üstəlik, məlum olub ki, Ermənistan prezidenti Sərkisyan Soçidə üçtərəfli və ikitərəfli formatda keçirilən təmaslarda da aqressiv tövründən qalmayıb.
Soçi müzakirələri fonunda Putinin söylədiyi “Qarabağ probleminin həllinin tapılması üçün səbir, müdriklik və bir-birinə qarşılıqlı hörmət gərəkdir” sözləri isə əslində siyasi sinizm nümunəsi idi, nəinki problemi yoluna qoymaq istəyindən qaynaqlanan tövsiyə. Hər halda, Kreml başçısının açıqlamasından görünən bu oldu ki, Rusiya cəbhədəki son qanlı olaylardan sonra da Ermənistana ciddi təzyiq eləməyə hazırlaşmır. Deməli, Moskvaya arxalanan İrəvan maksimalist mövqeyindən tezliklə geri çəkilməyəcək.
O ki qaldı “qarşılıqlı hörmət” məsələsinə, bu, əvvəla, siyasi-diplomatik leksikon və işğalın mahiyyəti ilə uzlaşmayan sentimental bir ifadədir. Təcavüzə məruz qalan tərəf – Azərbaycan işğalçıya hörmət etməliymiş! Görəsən, Krımı ilhaq edən Rusiyaya dünya hörmət qoyurmu? Əsla. Çünki təcavüzkara, quldura hörmət göstərilməz, möhlət verilməz, kömək edilməz, başı sığallanmaz. Bu, beynəlxalq hüquqa, təməl insan haqlarına ziddir, anormallıqdır. İlhaqçı, quldur, təcavüzkar cəzalandırılar! Həm də vaxt itirilmədən.
Yaxud Putinin toxunduğu müdriklik məsələsi. Yenə sual: Azərbaycan daha neçə 10 il “müdriklik” göstərib öz qanuni ərazilərinin işğalı ilə barışmalı, ədalətli sülh gözləməlidir? Rusiyanın özü hər şey qırağa, heç olmasa, Krımı Ukraynaya qaytararmı?
Rusiya prezidenti Qarabağ ixtilafının SSRİ-dən qalma miras olduğunu da söyləyib. Guya SSRİ başqa, Rusiya başqa dövlət imiş. Hər iki imperiyanın paytaxtı Moskva olmayıbmı? Qarabağ konfliktini alovlandıran Kreml deyil? Az qala uşaq da bilir ki, münaqişənin tarixçəsi hətta Çar Rusiyası dönəminə gedib çıxır. Tutaq ki, problem SSRİ-nin mirasıdır. Bəs, 15 ildi Rusiyanın, MDB-nin başında duran Putin ona ədalətli arbitr olaraq niyə əncam çəkmir?..
Əksər analitiklərə görə, Soçi görüşü ilk öncə Moskvaya gərək olub. Bu görüşdən aşkar siyasi divident götürən bir tərəf varsa, o da bişəkk, Avrasiya layihələri fiasko olan Putindir. Soçi törəni ona “güc nümayişi”, özünə təsəlli üçün lazım idi. Qarabağ konfliktinin arxitektorunun özü olduğunu və münaqişəni günü bu gün də uğurla idarə etdiyini Qərbə göstərmək, eyni zamanda dünyanın gözündə sülhpərvər imici qazanmaq üçün belə bir fakt ona lazım idi. Dünyanı Ukrayna avantürası ilə üz-üzə qoyan Moskvaya belə görüntü indi hava-su kimi gərəkdir.
Prezidentlərin son görüşü bir qənaəti də daşlaşdırdı: Moskva problemin həllini istəmir, buna can atmır! Amma Rusiya bölgədə hələlik müharibə də arzulamır. Ermənistana ümumiyyətlə, müharibə lazım deyil, çünki aldığını alıb – artıqlaması ilə. Üstəlik, buna görə işğalçıya üçüncü on ildir dünya gücləri “gözün üstdə qaşın var” demir. Qalır bircə dərdinə özü dərman qılmalı olan biçarə Azərbaycan.
İş də ondadır ki, müharibə ehtimalı Soçiyədək necə idisə, təxminən elə qalır. Müharibə uzaqda deyil. Nə qədər ki, qlobal güclər təcavüzkarları “bizimkilərə” və “yadlara” bölməkdədir, müharibə riski həmişə olacaq. Çünki ədaləti bərpa eləməyin yollarından biri də savaşdır…
* * * *
Yaman çox uzandı bu münaqişə. O qədər uzandı ki, artıq atəşkəs dövrünün uşaqları, övladlarımız şəhid olur. Azərbaycan xalqı Vətən savaşına hazırdır. Bəs hakimiyyət? Stalin alman generalını öz oğluna dəyişməmişdi…