1352123584_ideal-xanim

Həyatımızı artıq sosial şəbəkələrsiz təsəvvür etmək olmur. Amma məhz sosial şəbəkələr bəzi insanların həyatlarını qaraldıb. Facebook-a, “Odnoklassnik”ə görə  görə ailə dağıdanlar, cinayət törədənlər də var.

Modern.az-a danışan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir ki, sosial şəbəkədən necə istifadə etmək insanın özündən asılıdır:

“Sosial media, internet resurslar insanların dünyagörüşünün artmasında, informasiya münasibətlərinin daha effektiv qurulmasında informasiyanın daha tez əldə olunmasında xüsusui rol oynayır. İnsanlar informasiya mənbəyi olaraq Facebook-dan istifadə edirlər. Bir insan Facebook-dan müsbət yöndə istifadə etmək istəsə, bunu edə bilər. Amma bəzən qeyri-qanuni, terrorizmlə məşğul olmaq üçün də istifadə edənlər də olur, bu artıq hüquq-mühafizə orqanlarının işidir”.

Vəkil Tofiq Allahverdiyev son illər Facebook-da yazışmaya görə boşanan ailələrlə qarşılaşdığını deyir:

“Mən belə hallarla rastlaşmışam. Son iki il ərzində 6 hal belə fakta baxmışam. Belə bir hadisə olmuşdu ki, ər gəlib görüb arvadı internetdə başqa bir kişi ilə yazışır. Ona görə mənə müraciət etmişdi və boşanmışdılar. Facebook-da tanış olub ailə quranlar olur. Amma Facebook səbəbi ilə boşananlar daha çoxdur”.

Vəkil deyir ki, o boşanmaq istəyən bir cütlüyü də barışdırıb: “Ərizəni xanım vermişdi. Əri başqa bir qadınla Facebook-da danışanda onu yaxalamışdı. Onları bir təhər barışdırdım”.

Psixoloq Elnur Rüstəmov da ailələrin dağılmasına Facebook-un müəyyən təsir göstərdiyi ilə razılaşır: “Tərəflər mövcud problemə diqqət ayıra bilmir. Problemin həlli istiqamətində addımlar atmaq əvəzinə, Facebook-da kiminləsə ünsiyyətdə olmağa, problemi sosial şəbəkədə paylaşmağa başlayırlar. Sosial şəbəkənin digər tərəfində olan insanda özünü ideal kimi qələmə verir. Bu da nəticədə münasibətlərə mənfi təsir göstərir. Ümumiyyətlə, mobil rabitə vasitələrinin, sosial şəbəkələrin ailələrdə münaqişələrin yaranmasına təsiri danılmazdır. Bu, insanlara psixoloji yox, həm də tibbi baxımdan da təsir göstərir. Artıq səhhətində problem var orda həkim axtarır. Həkim olmayan bir insandan səhhəti ilə bağlı məsləhətlər almağa başlayır. Ona görə də ailədə konflikt varsa, bununla bağlı konkret tədbirlər görməyə başlanılmalıdır. Çünki Facebook-da ailələri korlamaqla, insanlara mənfi psixoloji təsir etməklə məşğul olan manyaklar var. Bunlar azalmayacaq, daha da artacaq. Sosial şəbəkələrlə bağlı təhlükə hələ bizi qabaqda gözləyir”.

Sonda qeyd edək ki, hətta ABŞ-da aparılmış tədqiqata əsasən, son 4 ildə  boşanmaların 32%-də “təqsir” Facebook-dadır.