Bilənlər bilir ki, amerikalı iş adamı Bill Qeytsin 50-60 milyard arasında halal pulu var. Adam yoxdan bir şirkət yaradıb, heçdən bir texnologiya icad edib, dünyanı dəyişdirib, Yer üzünün bütün insanlarının işini asanlaşdırıb, bəşəriyyətə töhfə verib və milyardlar qazanıb – bal tutarkən barmağını yalayan və buna qane olan arıçılar kimi.
Hazırda bu şəxs qazandığı qədər də xərcləyir, dünyanın dörd bir yanında yaşayan kimsəsizlərə, məktəbsizlərə hər il yüz milyonlarla ianə verir. Dövlətə də milyonlarca dollar vergi ödəyir, hər sent hesabda, nəzarətdədir.
Amma o boyda varidatın yiyəsi özünə 4,5 milyon dollara villanı Azərbaycandakı bir İH başçısı qədər rahatlıqla almır. İstəsə yüzünü birdən alar, amma görməmişlik eləmir, ehtiyacına uyğun olaraq alqı-satqı qərarları verir.
Meksikalı maqnat Karlos Slim də elədir, Uorren Baffet də, digər dünyaca ünlü milyarderlər də.
Bunlar və minlərlə başqa milyarder və milyonçular (“Forbs” dərgisinin siyahısına düşən və düşməyən) bu cür bahalı daşınmaz əmlak alanda medianın diqqət dairəsinə düşürlər. Hamı da buna təbii hal kimi yanaşır.
Amma işə bax ki, rəsmi milyarderin olmadığı, rəsmi milyonçuların isə barmaqla sayıldığı ölkəmizdə orta ranqlı məmurlar belə milyarderlərə layiq məbləğ və məzənnədə alış-veriş edirlər, ancaq medianın bu barədə yazmasını istəmirlər. Hətta bunu “heç kəsə dəxli olmayan alqı-satqı” adlandırırlar.
Məsələn, Şuşa rayon İH başçısı Bayram Səfərov 4,5 milyona aldığı (yaxud da özü demişkən, “barter etdiyi”) villadan danışarkən faktı təkzib edə bilməyərək deyir: “Belə bir villa var, ya yoxdur, kimə nə dəxli var ki? Siz bir paltar və ya ayaqqabı alanda mənə aidiyyəti olurmu?”
Əlbəttə, kimsə 4.5 milyona paltar və ya ayaqqabı alsa, bu diqqət cəlb edər. Amma ayaqqabıyla möhtəşəm villa eyni şey deyil. Ən azı qiymətdə bir neçə milyonluq fərq var.
Təbii ki, biz Bakının dörd bir yanında, şəhərətrafı qəsəbələrdə, ölkənin yaşıl rayonlarında, dünyanın dilbər guşələrində oliqarxlarımıza məxsus 4-5 milyonluq (hətta daha baha) villaları bir tərəfə qoyub, adi bir İH başçısının ucuza aldığı villaya fokuslaşmalı deyilik. Çünki o, varidatının miqyasına görə bu ölkənin varlı-hallı adamlarının ilk “yüzlüyü”nə, bəlkə də “beşyüzlüyü”nə düşməz.
Sadəcə, adamı dilə-dişə salan bir neçə səbəb var. O, məcburi köçkün rayonunun, torpaqsız rayonun rəhbəridir – bir, o boyda varidat barədə elə danışır ki, sanarsan, gündəlik tələbat malı alıb – iki. Üçünücüsü də, Səfərov özünü aldığı villanı hansı pulla tədarük etdiyinə dair açıqlama vermək zorunda saymır.
Əsas məsələ də budur. Hər kəs istədiyi qiymətə, zövqünə, maddi imkanına uyğun olaraq hər şey (bahalı villa, super maşın, yaxta, iri iaşə, xidmət, ticarət, istehsal obyekti və s.) ala bilər. Amma Baffetin, Qeytsin ölkəsində, digər mədəni və hüquqi dövlətlərdə bu kimi hallarda gəlir deklarasiyası təqdim edir, vəsaitin qaynağını, hansı yolla qazanıldığını göstərirlər.
Bu ölkədə isə nə Bayram Səfərov, nə də digər məmur-oliqarxlar belə bir şey etmirlər, etməzlər, edə bilməzlər. Heç onlardan bunu tələb edən də yoxdur.
Düzdür, ölkədə Baş Prokurorluğun nəzdində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi var və bu idarənin funksiyası bu kimi halları araşdırmaqdır, ancaq o da bəllidir ki, ölkəmizin “antikorrupsiya mübarizləri” əsasən onuncu dərəcəli müəssisilərin müdir müavilərinin, bələdiyyə sədrlərinin qanunsuz əməllərini ifşa etməklə məşğuldurlar, əlləri haram milyonlarla oynayan məmurlarla işləri yoxdur.
Bu kimi korrupsiya barədə tambur çalan bariz faktları görməzliyə vurandan sonra qanunçuluqdan, dövlətçilikdən, hüququn aliliyindən danışmaq absurd işdir. Kasıb-kusubu, yetim-yesiri yazılmış və yazılmamış qanunlarla, mafiya qaydalarıyla boğmaq asandır, çətin olan budur: “bu mənəm, burdayam, yaxşı eləyirəm” deyən korrupsioneri cəzalandırmaq.
Buyursunlar, xalqın cibini, dövlətin büdcəsini talamaq hesabına milyonçu olan, Qeytslə eyni şəraitdə yaşamaq istəyən və buna nail olanları ifşa etsinlər, camaat da desin, barəkallah.