BP şirkəti keçən il Azərbaycanda nə qədər neft çıxarılması haqda rəqəmi açıqlayıb, “Turan” agentliyinin məlumatına görə, bu rəqəm ARDNŞ-in açıqladığından ciddi fərqlənirmiş. Ortada hardasa 3 milyon tona yaxın neftin söhbəti var. BP deyir neft istehsalınız 46,2 milyon ton olub, Rövnəq əkə deyir yox əşşi, cəmi-cümü 43,5 milyon ton çıxartmışıq.
İndi hamı təəccüb eləyir ki, belə fərqlər necə yaranır. Şirkətdən soruşublar, onlar da çiyinlərini çəkiblər, barmaqları ilə yuxarını göstəriblər. “Bizdən yuxarıda oturanlar sümürüb” mənasında yox, “Allah bilir” mənasında. Sirlər dünyasında yaşayırıq axı. Bəlkə də pirə gedib nəzir vermək lazımdır, o zaman itən neft tapılacaqdır. Rəsədxana Pirqulu, ağsaqqal pirani, rayon Pirallahı, məscid Təzəpir adlanan, hər kəsin gözüylə gördüyünə deyil, görmədiyinə pərəstiş elədiyi (dəli şeytan deyir bu sözün də kökü “pirəstiş” olmuşdur), nağıllara inandığı yerdə əlac pirə qalıb.
Ancaq biz təxmin edirik o 3 milyon ton neft haralarda gizlənmişdir. (Neft, ümumiyyətlə, gizlənmək xassəsi olan maddədir). Misal üçün, bir də görürsən hansısa dəyərli ziyalımız böyrünü qəfil qoydu yerə, daha bunu kəndçi-kündçünün uzandığı, mal-qara iyi verən dövlət xəstəxanasına apara bilmərik ki? Ziyalı ziyalı, işıqlı xəstəxanada müalicə almalıdır, bu zaman işə cənab prezident qarışır, adamın müalicə xərclərini üzərinə götürür, xalqımız da minnətdarlıq edir, deyirlər nə yaxşı oldu, ziyalı sağ qaldı, yenə bizim üçün çoxlu şeir və poemalar qayıracaqdır.
Yaxud uzaq Pakistan dərələrində məktəb tikməkdən tutmuş Meksikada heykəl qoymağa, Gədəbəydə Aşıq Universiteti yaratmaqdan AYB-yə restoran açmağa qədər min cür işlərə də pul ayrılır, adətən bu işlərin maliyyəsi “Heydər Əliyev Fondu”, “Prezidentin ehtiyat fondu”, “İlyas Əfəndiyev Fondu”, “Pirquluya dövlət dəstəyi fondu” və sairə bu tipli əsrar dolu fondlardan ayrılır. Əsrar dolu ona görə yazıram ki, həmin qurumlara pulun hardan girdiyi, hardan çıxdığı hələ heç bir bəni-adəmə məlum olmayıbdır, maraqlanan bir neçə nəfərin isə ağzı əyilib, toyu vaya dönüb, qürbətə gedəni gəlməmişdir. İndi mən ehtimal edirəm ki, itmiş 3 milyon ton neft məhz bu sahələrdə, fondlarda cəm olubdur.
Molla Nəsrəddinin bu mövzuda yaxşı lətifəsi də var. Qonşudan qazan alır, sonra qaytaranda içində balaca qazança verir, deyir qazanınız balalayıb. Növbəti dəfə qazanı alanda isə geri qaytarmır, qonşuya deyir qazanınız öldü. Qonşu deyir qazan ölərmi, Molla deyir: “Bəs sən qazan doğanda nə cür inanmışdın? Doğulan bir gün ölər də!”
Sözümün canı odur ki, ey uca millətim, əgər bir pulu alıb, basıb yeyəndə bunun mənbəyi ilə maraqlanmırsınızsa, o zaman neft pullarını da soruşmaq məntiqli deyil. Zəhmətsiz gəlirlə yaşayan xalq üçün nə fərqi var, 2 milyon hara getdi, 3 milyon hardan gəldi? Önəmi yoxdur. (Açığı, “Turan” Agentliyindən başqa, deyəsən, bunu heç soruşan da olmayıb, bayaq səhvən “hamı soruşur” yazdım. Bunlar da yəqin xarici agentlərdir – adları üstündə. Qara qüvvələr, inkişafımızı görmək istəməyən ünsürlər).
Təbiətdə enerjinin, maddənin itməməsi haqda qanunlar var. Bir yerdən kəsilirsə, o biri yerdə artır. Bizdən oğurlananlar, başqasını varlandırır. Qəm yeməyə, vurnuxmağa, sorğu-sual etməyə ehtiyac yoxdur. Yazını Şəkidən gələn həyəcanlı bir məktubla bitirirəm. Bakıxan Qəribli adlı rayon sakini yazır: “Şəkinin Köbər Zəyzid, Fazil, Aşağı Küngüt, Çapağan, İbrahimkənd, Aydınbulaq, Əliyar, Aşağı Daşağıl, Aşağı Kəldək kəndləri bu günə qədər görünməmiş su qıtlığı ilə üz-üzədir. Bu ərazidə mal-qara içməyə su tapmır. Bu il taxılçılıqda məhsuldarlıq 1 hektardan 0,2 sentner olub. Qış üçün ot tədarükü yoxdur. Bütün bunlara səbəb Oğuz-Qəbələ-Bakı su kəməridir”.
Bu da Şəkidə yoxa çıxan, kəm gələn su haqda hesabatdır. Su Bakıya gedib, Şəkidə deyirlər yoxdur.