Az qala hər gün yeni intihar xəbərləri yayılır. Kimi özünü qarajda, kimi tövlədə, kimi dustaq kamerasında, kimi də həyətindəki ağacdan asır. Özünü dənizə atanları, binanın damından, evinin pəncərəsindən tullayanları da gələk bunun üzərinə…
Düzdür, intihar qlobal bəlaya çevrilib. Hətta həsəd apardığımız Amerika cəmiyyətində də son 10 ildə intihar edənlərin sayının 28 faiz artdığı məlum olub. Azərbaycanlıların intiharlarının səbəbi təbii ki, heç də amerikalılara bənzəmir. Ola bilsin Amerikada “kefindən” özünü öldürənlər də var, bizdən fərqli olaraq.
Bu faktdı ki, Azərbaycanın ən böyük bəlası aqressiyanın ilbəil artmasıdır. Artıq elə vəziyyət yaranıb ki, üzü gülər insan görəndə adam yaxınlaşıb avtoqraf almaq istəyir. Hər addımda gərgin sifətlər görürsən, sanki hamı bir-birindən küsülüdür.
Kimsə deyə bilər ki, bu gərgin ab-havanın səbəbi Ermənistanın təcavüzü, işğal olunmuş rayonlardan didərgin düşən insanların acı taleyi, işğalın vurduğu maddi-mənəvi ziyandır. Ancaq axı Gürcüstan da ərazi və insan itkisinə məruz qalan ölkədir. Nədən bu ölkənin paytaxtında hara gedirsənsə, müsbət aura səni əhatə edir? Bəlkə insanların azadlıqlarının məhdudlaşdırılması da öz sözünü deyir, adamların içərisindəki gərginliklər onların çöhrəsinə də sirayət edir…
Hər halda vəziyyət ciddi şəkildə araşdırılmalı, vəziyyətin dəyişdirilməsinə yönəlik addımlar atılmalıdır. Əks təqdirdə bu hirs-hikkə bizi küll halında məhv edəcək. Statistika göz deşir: Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyata düşən psixi xəstə diaqnozu qoyulmuş xəstələrin sayı 2012-ci ildə 121.139 nəfər olubsa, 2013-cü ildə 2.995 nəfər artaraq 124.134 nəfərə çatıb. Rəqəmlər də onu təsdiqləyir ki, bizim dəlilərimizin sayı artır.
Biz nədən dəli oluruq, dərdimiz, azarımız haramızdadır, bəlkə bu qədər inkişafı görüb havalanırıq, bilən yoxdur? Hələ siyahıya düşməyənlərimiz nə qədərdir. Hər dəfə “daha bir nəfər” intihar edəndən sonra isə onun “ruhi xəstəlikdən əziyyət çəkdiyi” qeyd olunur.
BMT dünyanın ən xoşbəxt ölkələrinin reytinqini açıqlamışdı. Məlum oldu ki, 156 ölkə arasında Azərbaycan 116-cı “xoşbəxt”dir. Ölkəmiz hətta İraq, İran, Zimbabve, Tunis, Qanadan da geridəymiş. Belə olanda əlbəttə ki, yaşamaq istəyənlər saxta sənəd düzəltmək bahasına da olsa, Avropaya qaçacaq.
Azərbaycanda təqribən 400 min gəncin mənzilə ehtiyacı var. Təkcə Bakıda 500 min sənədsiz ev qeydiyyat gününü gözləyir. Hətta prezidentin tapşırığından sonra da məsələ həllini tapmayıb. İşsizlik problemi aqressiyanın əsas səbəblərindəndir. Səhərdən-axşamadək günəmuzd işləyənlər belə işini itirmək təhdidi altındadır. Adamlar gülə bilmir.
Əslində məni bu yazını yağmağa dünən müşahidə etdiyim iki fakt vadar elədi. İlk fakt: marşrut avtobusuna iki azyaşlı uşaqları ilə gənc ər-arvad mindi. Bir az gedəndən sonra kişi qadının qolundan yapışıb arxadakı boş oturacağa tulladı: “Get, otur orda da” bağıraraq. Oturacağın üstünə uzanılı düşən qadın pərt halda “dəli olmusan” deməkdən başqa bir söz deyə bilmədi. Görün indi bu gənc ailənin evdəki münasibətləri necədir? Belə ailələr nə qədər desən…
İkinci faktla kredit ödəmək üçün banka daxil olanda üzləşdim. Bir anlıq elə bildim banka yox, yas mağarına girmişəm. İşçilərin üzündən zəhrimar tökülürdü, növbəsini gözləyən vətəndaşlar da onlar kimi. Axı heç olmasa pul, faiz qəbul etdiklərinə görə bank işçiləri yalandan da olsa, gülümsəməliydi. Necə ki, amerikalı, avropalılar bizi görəndə tanıyırmış kimi gülümsəyirlər…
Hələ biz ildə 2 minə yaxın insanın ölümünə səbəb olan yollardakı durumdan, sürücü-sərnişin, sürücü-sürücü, piyada-sürücü münasibətlərindən danışmırıq. Müəllim-şagird-valideyn, xəstə-həkim, məmur-vətəndaş, əsgər-zabit, varlı-kasıb münasibətlərini də bura gəlsək, görərik ki, durum nə dərəcədə dəhşətlidir. Hələ iqtidar-müxalifət münasibətlərini bir tərəfə qoyuram.
Ölkədə az qala hamı bir-birinə qarşı qəzəblidir. Sanki İŞİD-çi görürlər. Ölkənin sifəti olan gömrükdə adamı əsəbi halda qarşılayır, elə o sifətdə də yola salırlar. Hətta təyyarədə stüardessanın da üzünü gülən görə bilmirik.
Deyirlər, 1 dəqiqəlik gülüş insan ömrünü 15 dəqiqə uzadır. Bizsə gülmürük. Bəlkə elə ona görədir sovet vaxtının uzunömürlülər ölkəsində ölüm bu qədər gəncləşib… Görəsən, 2014-ün 6 ayında dəlilərimizin sayı neçəyə çatıb?..