Bu səhər yuxudan həyətdəki səs-küyə oyandım. Yenə onun səsiydi – “JEK”də işləyən, yaşı bəlkə də 70-i çoxdan adlamış qoca nənənin. Bükülmüş belini əyib yerdən zibilləri topladıqca söyüb-qarğayırdı. Mən o anda həmin arıq, çəlimsiz, balacaboy nənəni haqlı saydım, düz eləyib söyürdü, qarğış yağdırırdı. Heç olmasa partlamamaq üçün ürəyini bu yolla boşaldırdı.
Səbəbi? Həyətboyu səpələnən zibillər idi. Bu qarı nənənin haqqı var ki, yaşının bu çağında ayaqlarını uzadıb dinc ömür sürsün, nəvə-nəticəsinə nağıl danışsın, normal pensiya alıb xımır-xımır yesin. Amma o xoşbəxtlikdən məhrumdur, təbii ki, ehtiyac ucbatından. 100-150 manat pensiyası ilə neçə gün dolana bilər ki? Ona görə də zibil yığmaq, həyətləri süpürmək bahasına olsa da, əlavə 70-80 manat da qazanıb gününü keçirtmək istəyir və bu əzablara dözür.
Həmin an Tiflisdə və İstanbulda rastlaşdığım elə o nənənin yaşıdlarını xatırladım. Tiflis küçələrində Milandan gəlmiş bir dəstə italyan qocalarla rastlaşmış, birtəhər bir-birimizə hardan gəldiyimizi başa salmışdıq. Yeriməyə çətinlik çəksələr də, yaşın bu çağında Milandan Gürcüstana turist kimi səfər edən bu ahıllara baxanda da özümüzünküləri xatırlamışdım.
İstanbulda, Sultan Əhməd camesinin qarşısında da eyni mənzərə ilə rastlaşmışdım. Özü də çox maraqlı səhnəydi. Adətən bizlər harasa gedəndə çalışırıq ki, hətta came ilə də olsa, selfi edək, həmin fotoda özümüz yer alaq. Mən 15-ə yaxın qoca əcnəbi nənə-babanın elə eyni anda fotoaparat və telefonlarını Sultan Əhməd camesinə tutub şəkil çəkmələrinin şahidi olmuşdum. Ayasofiya məbədində qarı-qocanın əlləri titrəyir deyə, hətta yerə uzanıb tavandakı görüntülərin fotosunu çəkməsi heyrətamiz mənzərəydi…
Həyətdəki qoca qarı söyüş-qarğış yağdırdıqca o səhnələr gözümün önündən keçib getdi. Görün əcnəbi qocalar nələrin fotosunu çəkirlər, bizimkilər nəyin uğrunda çalışırlar. Həyətdəki nənə…bina sakinlərinin əlinə keçən zibilləri küçəboyu tolazlamasına görə qəzəblənmişdi. Baxmayaraq ki, binanın beş addımlığında zibil qabları qoyulub, amma yenə xeyri yoxdur. Kim hansı mərtəbədən gəldi əlinə keçəni aşağı tolazlayır. Bəzisi “topdan” halda – bir sellofan qaba yığaraq, başqaları “pərakəndə” halda…
Bəzən “JEK”lərin ləğv olunması zərurətindən danışırıq. Düşünürəm ki, əgər bu qurum ləğv olunsa, orda işləyən o qocanın, onun kimi ağır zəhmət bahasına da olsa, heç olmasa beş-on günün çörəkpulunu qazanan digərlərinin taleyi necə olacaq? Hansısa xarici ölkəyə turistik səfər etmək bəlkə də heç onların ağlının ucundan da keçmir. Onlar gün ərzində zibil təmizləyirlər, sübh açılandan, hava qaralanadək bizlərin, şüurlu insanların tulladıqlarını yığırlar.
Bu, cəmiyyətin anormallığıdır. İnsan övladı başa düşməlidir ki, yaşadığı yeri, həyəti, keçdiyi küçəni təmiz saxlamağa borcludur. Ancaq nə qanunların sərtləşməsi adamların davranışlarını dəyişir, nə böyük-kiçik məsləhəti, nə də söyüş-qarğış. Az qala hər yerdə “Ay eşşək, bura zibil atma”, “Bura zibil atanın…” kimi elanlarla rastlaşırıq paytaxt Bakıda. Bu, fəlakətdir, mədəniyyətimizin göstəricisidir. Görün biz küll halında nə gündəyik ki, əlimizdəki zibilin də ünvanını düzgün müəyyən edə bilmirik. Məgər o “JEK” işçisi borcludurmu hər gün gəlib bizim zibil qabına atmalı olduğumuzu qapımız ağzından yığışdırsın? Axı, bu, həm də bir insanlıq məsələsidir.
Acı reallıq budur ki, Azərbaycanda bir küll halında mədəniyyət problemi var. Biz elementar qaydalara əməl etmirik. Dayanacaqların ətrafına diqqət eləyin, siqaret kötüyü, su qabları, tum qabığı ilə dolu, binaların bloklarına girirsən, fəlakətli vəziyyət. Dünyada hansı normal insan bina evində özünə müstəqil kanalizasiya xətti çəkər və onu binanın zirzəmisinə axıdar?! Bizlər bunu edirik, “məndən ötdü” prinsipi ilə.
Bir az mədəni olaq. Əks halda özümüzü yormayaq, zibili öz qabına ata bilməyən milləti Avropa ailəsinə qəbul etməzlər…
Hələ iki il əvvəl İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib, münasib olmayan yerlərə zibil atılmasına görə cəzaları sərtləşdirib. Qanuna əsasən məişət tullantılarının zibil qutularından kənara atılmasına görə fiziki şəxslər 20 manat, vəzifəlilər 100 manat, hüquqi şəxslər isə 500 manat cərimə olunur. Digər cərimələr də var. Amma nə olsun. Küləklər şəhəri Bakıda göydə uçuşan zir-zibilə baxın. Yazıq qarı nənə. Yəqin sabah da gələcək, qarğıya-qarğıya…