Məhəmməd TÜRKMƏN
Biz bir az susmağı xoşlayan millətik. Deyirik ki: “Əşi mənə nə. Başım sakit olsun”. Bu cümlə dilimizdə əzbər olub. Bu sözlərdən bol-bol istifadə edirik.
Amma düşünmürük ki, gün gələr, heç nəyə baş qoşmamağımız başımızı daha çox ağrıdar. Hətta o başdan qan da axar. Qolumuz qırılar. Bəlkə də ölə bilərik. Deməyin ki, şişirdirəm. Yox, əsla elə deyil. Əgər elə düşünürsünüzsə sizə bir acı misal çəkim.
Son bir neçə ayda baş verən avtomobil qəzalarına diqqət yetirək. Əsasən də marşrut sürücülərinin günahı ucbatından baş vermiş qəzalara baxaq. Sürücülərin biri-biriləri ilə yarışa çıxması insanların həyatını yarıda kəsir. Neçə nəfər evinə sağ çata bilmir. Atasının yolunu gözləyən uşağın gözləri ağlar qalır. Neçə-neçə gəncimiz həlak olur. Bütün bunlar 20 qəpik üstündə sürücülərin apardığı “mübarizədir”. Bütün bu fəlakətlər 20 qəpiyə dəyərmi?
Marşrut sürücülərinin arasında normal avtobus idarə edənlər də var. Amma biz bu gün daha çox anormal olanlardan danışacağıq. Hansı ki, camaat arasında artıq onlara ad da verilib, “Kartof daşıyanlar”. Əslində belə bir adın onlara verilməsinin səbəbləri çoxdur.
İlk olaraq avtobusu idarə edərkən etdikləri manevrlər. Marşrut avtobusunu elə formada idarə edirlər ki, sanki avtobusda oturanlar insan deyil. Onların yerində kartof və ya soğan kisələridir. Nə qədər silkələnsə də heç nə olmayacaq.
İkincisi isə sərnişinlərin susmaqları. Mən də xalqın kasıb təbəqəsinin bir nümayəndəsi olduğum üçün tez-tez marşrutlardan istifadə edirəm. Hər zaman olduğu kimi 77 saylı marşrut avtobusuna minib evimə doğru gəlirdim. Birdən-birə sürücü özünü 77 saylı marşrutun sürücüsü kimi yox ralli yarışlarına çıxmış 77 nömrəli “Ferrari”nin sürücüsü kimi aparmağa başladı. Həmin günü də futbol matçı vardı. Düşündüm ki, yəqin sürücü sərnişinləri düşünür. Deyir ki, heç kəs futbola baxmaq üçün gecikməsin. Avtobusdakı sərnişinlərin heç birinin səsi çıxmırdı. Bir nəfər sürücünü yavaş sürməsi üçün uyarmırdı. Deməli, onlar da sürücünün bu xeyirxahlıq əməlini anlamışdılar. Ya da başda dediyim kimi “Əşi mənə nə. Başım sakit olsun” ifadəsini ürəklərində deyərək susmuşdular. Heç kim sürücünün avtobus bu şəkildə idarə etməsinə etiraz bildirmir.
Bəzən avtobuslar arasında yarış gedir: kim birinci dayanacaqda duracaq, kim birinci sərnişin götürəcək, dar yoldan birinci kim keçəcək və s. Bəzən də yarışlar daha da kəskinləşir. Yolda gedərkən qırmızı işıqda dayanan kimi pəncərədən başlarını çıxararaq, biri-birilərinin qohum və əqrəbalarına salam göndərirlər. İnsaf var. Heç kəsi unutmurlar. Bütün qohumlara öz salamlarını və təbriklərini çatdırırlar. Bunu elə yüksək səslə deyirlər ki, hətta hər iki qulağı eşitməyən şəxs də həmin təbrik və salamları duyur.
Sürücülərin də öz dünyaları var. Damağındakı siqareti tüstülədə-tüstülədə Üzeyirin (söhbət sözsüz ki, Üzeyir Mehdizadədən gedir) qulaqları oxşayan möhtəşəm səsi ilə ifa etdiyi mahnıları yüksək səslə məcburi şəkildə hər kəsə dinlədilir. Bəzən kimsə sürücüyə zəng vurur. Telefonla danışmağı bir yana dursun, danışan zaman ağzından çıxan sözləri küçə davası zamanı insanlar biri-birilərinə demirlər.
Haqlarını yeməyim. Bəzən kimsə sürücüyə öz etirazını bildirir. Misal üçün deyir ki: “Bir az yavaş sür də. Ürəyimiz bulandı axı” və ya “Ə yavaş sür də, kartof soğan daşımırsan”. Dərhal sürücü həmin adamın cavabını verir: “Ə nə qışqırırsan? Xoşun gəlmir düş”. Necə deyərlər, düşmən cavab atəşi ilə susdurulur. Amma bu tonda cavab yalnız xanımlara müraciət edəndə deyilir. Qolu yoğun, boyunu dönməyən biri olanda cavab təqribən belə olur: “Qardaş, vaxtdan keçir. Geciksəm aləm qarışacaq. Üzrlü hesab elə”. Ya da ümumiyyətlə danışmır.
Bir sözlə, dediyim budur ki, kartof olmayın. Susmayın. Sürücünün təhlükəli marşrut idarə etməsi sizin sağlamlığınız üçün ziyandır. Bu lap siqaretlərin üzərindəki yazılara oxşadı. Amma heç olmasa siqaret bizi gec öldürür. Amma avtobus sürücüsü o qədər gözləmir.
Bəzi avtobusların üzərində “Allah qorusun” yazısı olur. Yəni biz yoxlamadan, sürücülük qabiliyyətini bilmədən, bu işə yararlı olub-olmadığını sınaqdan keçirmədən 18-19 yaşlı gəncləri işə götürürük. Buna görə də Allah sizi qorusun.
Onlara bir təklifim də var. “Allah qorusun” yazısının yanına “sürücülər sizin sağlamlığınız üçün təhlükəlidir” yazısı da yazılsın. Heç olmasa minəndə bilək ki, bu avtobus bizi ölümə də apara bilər, gedəcəyimiz yerə də…
Məhəmməd TÜRKMƏN