Yanılmıramsa bu haqda ilk dəfə Deyl Karneginin kitabında oxumuşdum. Yazırdı ki, əgər bir nəfərə hansısa ölkənin, misal üçün, Rusiyanın ərazisinin böyüklüyünü başa salmaq istəsəniz, bu zaman “Ora 2 milyon kvadrat kilometrdir” demək psixoloji baxımdan düz deyil. Daha canlı təsəvvür yaransın, adam Rusiyanın doğrudan da böyük olduğunu anlasın deyə başqa üsul lazımdır, misal üçün, deməlisən: “Rusiya ərazisinə 8 Fransa yerləşər”. (Rəqəmlər indiki halda gerçəkliyi əks etdirmir, dəqiqləşdirməyə vaxt olmadı, mən də misal üçün yazdım).
Bu üsul rəqəm və hesablama manipulyasiyasında, baş aldatmasında da yetərincə yararlıdır. 3-4 il qabaq dünyada iqtisadi böhran olanda marksist-solçu jurnalistlərimizdən biri Almaniyada guya marksist ədəbiyyata böyük maraq yarandığını, Karl Marksın “Kapital” əsərinin satışının 2 dəfə artdığını yazmışdı. Çox şübhəli rəqəm idi, çünki mən Amerikadan və başqa Qərb dövlətlərindən fərqli olaraq Almaniyanı qlobal böhranın vurmadığını bilirdim, hətta axırda Almaniya böhrandan iqtisadi artımla çıxan yeganə dövlət olmuşdu. Bəs mahiyyətcə puç, nağıldan ibarət marksizm “Bibliya”sının – “Kapital”ın satışında ikiqat artım necə yaranmışdı? Mən bunu internetdə araşdırmağa başladım və karikatur mənzərə üzə çıxdı: sən demə, əvvəllər Berlin kitab dükanlarında ildə 200 “Kapital” satılırmışsa, indi 400 ədədi satılıb. Mahiyyət etibarilə iki dəfədir və yalan deyil. Ancaq Almaniya kimi dünyanın kitab mərkəzlərindən birində, ən çox kitab oxuyan xalqlardan birinin torpağında, universitetlərlə dolu yerdə, ən nəhayət, Karl Marksın doğma vətənində bir kitabın ildə 400 ədəd satışı xırda şeydir.
Azərbaycan hakimiyyəti, yapokratiya da bu üsuldan yetərincə faydalanır.
Burada bir haşiyə çıxaraq “yapokratiya” termininə aydınlıq gətirim, çünki bunu məndən bir çox oxucular soruşurlar, deyirlər mənası nədir. Əziz dostlar, bunun heç bir anlamı yoxdur, uydurma siyasi termindir və mən məcburam Azərbaycandakı sistemi bəzən bununla ifadə edim. “YAP hakimiyyəti”nin yoxluğunu, əslində YAP-ın klassik anlamda bir siyasi partiya deyil, ölkədəki oğurluğa, tayfabazlığa, bütpərəstliyə, oliqarxiyaya şirma olduğunu mən bilirəm, ancaq ölkədəki sistemi yazılarda nə iləsə ifadə etməyə məcburam. “İqtidar” yazmağa əlim gəlmir, rejim banisinin adına “… izm” əlavə etməklə yazmağa nəşriyyatın senzurası qoymur, qalır yeganə variant: özümüzdən nəsə uydurmağa, Cem Yılmaz demişkən, “gecə vaxtı icad çıxartmağa”.
Mövzumuza dönək. Yapokratiyanın rəqəm manipulyasiyasının klassik örnəyi dövlət başçısının tez-tez səsləndirdiyi “İqtisadiyyatımız filan qədər artıb” tipli cümlələrdə görünür. Daha demir axı əvvəl nə qədər idi! Prinsipcə, burda da yalan olmur, ancaq əvvəlcə nə qədər idi, ona baxmaq lazımdır. Məsələn, bir sexdə on il qabaq ildə 2 şalvar tikilibsə, indi isə 20 şalvar tikilirsə, buna “şalvar istehsalı 10 dəfə artmışdır” demək mümkündür, ancaq qeyri-ciddidir.
Yaxud görürsən rəsmi məlumat açıqlanır ki, hansısa kəndin yoluna 1000 kvadratmetr asfalt basılmışdır. Təhsili itin gününə qoyduqları üçün camaat da həvəslə qulaq asır. Halbuki bu, riyazi baxımdan uzunluğu 100, eni 10 metr olan balaca bir sahədir.
Təzəlikcə Rusiya regional inkişaf naziri İqor Slyunyayev yerli media orqanına intervüsündə Azərbaycanla Rusiya arasında ticarət əlaqələrinin guya inkişafından dəm vurmuşdu, bəzi rəqəmlər açıqlamışdı. Halbuki, biz yaxşı bilirik, Rusiya zorla Azərbaycana silahını sırıyır, Azərbaycan da Rusiyaya cüzi miqdarda neft məhsulları satır – bizim fısqırıq iqtisadi əlaqəmiz budur. (Əlbəttə, orda iş axtaran yetimlərimizi çıxmaq şərtilə, çünki onların qazancı və ya xərcləri ölkələrarası ticarətə dəxli olmayan şeydir). Slyunyayevin açıqladığı əsas rəqəmlərdən biri isə ilk baxışdan şübhə doğururdu: sən demə ötən il Azərbaycandan Rusiyaya pambıq ixracı 20 faiz artmışdır.
Nə qədər imiş ki, 20 faiz artıb və ümumən neçə ton olub – nazir bunu demir. Ancaq sizə bəzi rəqəmləri açıqlayım, özünüz görün nə gülünc faizdir.
2013-cü ildə Azərbaycanda pambıq istehsalı ən aşağı həddə düşüb – 25 min ton. Müqayisə üçün: çoxu gop və “pripiska” olsa da 1978-ci ildə Azərbaycan 1 milyon ton pambıq yığıb. 2005-ci ildə 200 min ton yığmışdıq. Dünya pambıq istehsalının 15 faizini verən Özbəkistanın 2013-cü ildəki yığımı 3 milyon 350 min ton olub.
İndi özünüz fikirləşin: 25 min ton nəmənə şeydir ki, bunun ixracından 20 faiz artıranda da nəsə olsun?