Futbol mundialı olmasaydı, Kosta-Rikanın yığma komandası onun final mərhələsinə vəsiqə qazanmasaydı və öz qrupunda parlaq oyun göstərməsəydi, ölkəmizin əhalisinin böyük hissəsi (təxminən 90 faizi) dünyada belə ölkənin mövcudluğunu bilməyəcəkdi.
Çünki Kosta-Rika bizdən çox uzaqdır, həm də balaca ölkədir. Uzaq və balaca ölkə olması azmış kimi, kasıb ölkədir.
Xəritədə Cənubi Amerikayla Şimali Amerikanı bir-birinə bağlayan armud saplağı kimi bir şey görünür ha, bax, Kosta-Rika o “saplaq”da yerləşən 3-4 ölkədən biridir, Panama və Nikaraqua ilə qonşudur.
Baxın, Nikaraquanı yaxşı tanıyırıq, çünki o ölkədə 30-40 il müharibə getdi, adı dillərdə gəzdi. Amma həmin vaxt Kosta-Rikada salamatçılıq idi. Nikaraqua gəncləri silaha sarılıb bir-birilə atışanda, kosta-rikalı yeniyetmələr, gənclər gedib çimərlikdə, düzənlikdə futbol oynayırdılar. İndi gördüyünüz kimi, Nikaraquanın adı heç bir dəftərdə yoxdur, amma Kosta-Rikanın adı dünya ilə birdir. Çünki bu ölkənin idmançıları futbol mundialının növbəti mərhələsinə vəsiqə qazanıblar və İspaniya, İngiltərə kimi futbolu icad edən ölkələri geridə qoyublar, necə deyərlər, tarix yazırlar. Zatən özləri də belə deyir.
Ümumiyyətlə, görməmiş ölkələr bir balaca uğur qazanan kimi “tarix yazdıq”, “dastan bağladıq”, “yeni era açdıq” deməyi sevirlər, amma hazırda kosta-rikalıların öyünməyə haqqı var. Çünki vaxtilə məşqlərdə çox əziyyət çəkiblər, elə indi meydançada da az tər tökmürlər.
Əlbəttə, Kosta-Rika komandasının mundialdakı uğurunda futbolçuların rolunu qabartmaqla mən heç də Kosta-Rika prezidenti Luis Gilyermo Solisin xidmətlərini danmaq, heçə endirmək istəmirəm. Doğrudan da cənab Solisin Kosta-Rika idmanına göstərdiyi atalıq qayğısı olmasaydı, futbolun inkişafı üçün əmək sərf etməsəydi, qələbələr üçün filan qədər kolon (Kosta-Rikanın milli valyutası) ayırmasaydı, bu gün Kosta-Rika futbolçuları uğur əldə edə bilməzdilər.
Çox adam bilmir, amma Luis Gilyermo Solis özü də futbol azarkeşidir, millinin oyunlarının hamısına şəxsən gəlib tamaşa edir. Düzdür, onun prezident vəzifəsində çalışmasının 40 günü bu yaxınlarda tamam olub, amma o, bu müddət ərzində həmişə futbola qayğı göstərib.
Hər dəfə milli komanda qalib gələndə cənab Solis komandanın baş məşqçisinə – adaşı Luis Pintoya zəng vurur, məşqçiləri və futbolçuları bir-bir təbrik edir, onlara vətənin bayrağını qaldırdıqlarına, himnini çaldırdıqlarına görə təşəkkürünü bildirir. Onun milli komandanın baş məşqçisinə təbrik teleqramı vurması da az olmayıb. Ondan əvvəl Kosta-Rika prezidenti olan xanım Laura Çinçiliya isə nəinki futbola qayğı göstərmirdi, hətta camaat onun vaxtında gündüz evindən çölə çıxa bilmirdi (güman ki, istidən).
Yəni söhbət ondan gedir ki, idmana dövlət qayğısı olanda, prezident səviyyəsində futbolun inkişafına diqqət yetiriləndə ortaya belə nəticələr qoymaq olur.
Axtarsan, Kosta-Rikanın düz-əməlli sərvəti də yoxdur, neftsiz, qazsız ölkədir, bircə üstünlüyü var ki, iki okeanın sahilində yerləşir, dəniz sahilləri sonsuzdur, ona görə də onun nazirləri dəniz qırağını çəpərləyib, hasarlamırlar. (Hərçənd bu məsələnin futbolun inkişafına dəxli yoxdur).
Bu futbol qələbələri göstərir ki, Kosta-Rika doğrudan da regionun lideridir və öz cənub qonşusu Panamanı, şimal qonşusu Nikaraquanı çox qabaqlayır.
Düzdür, indi Kosta-Rikada müxalifətçi ünsürlər demaqoqluğa başlayacaqlar ki, futbol qələbəsindən bir şey çıxmaz, ölkə əhalisinin rifah halı yüksəldilməlidir, sosial problemləri həll olunmalıdır, daha nə bilək, nələr. Bunlar, əlbəttə ki, düşmən dəyirmanına su tökməkdir (əslində Kosta-Rikanın rəsmi düşməni yoxdur, eləcə Kuba ilə küsülülüyü var), ölkənin uğurlarını gözü götürməzlikdir.
Fakt odur ki, bu gün dünyada bir milyarddan artıq insan Kosta-Rikanı tanıyır, sabah kimsə ora turist səfərləri təşkil etsə (və mütləq edəcəklər), milyonlarla turist ora gedəcək və dövlət büdcəsinə milyardlar daxil olacaq. Al, bu da sənə sərvət.
Bizdə də futbola atalıq qayğısı güclüdür, intəhası, hələ nəticə yoxdur. İmkan ola, gedib kosta-rikalıların təcrübəsini öyrənəsən.