Hazırda respublikamızda əcnəbilərlə nikaha girənlərin sayı kifayət qədərdir. Rəsmi statistika göstərir ki, 2013-cü ildə Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 2480 nikah bağlanıb.
Azərbaycanlılarla nikaha girən əcnəbilərin bir qismi Azərbaycanda – Bakıda qalıb yaşamaqla ölkəmizdə vətəndaşlıq almağa çalışırlar. Amma onlar vətəndaşlıq almaqda problem yaşayır. Hətta bəzi ailələr bu baxımdan dağılmaq təhlükəsi ilə də üzləşir və artıq boşanan cütlüklər də var.
Modern.az-ın məlumatına görə, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının baş katibi, zorxana idmanı üzrə milli komandamızın baş məşqçisi Güney Azərbaycandan olan soydaşımız Seyid Hadi Ərəbi də uzun illərdir Bakıda yaşamasına baxmayaraq, Azərbaycan vətəndaşlığı ala bilməyənlərdir. Azərbaycan vətəndaşı olan xanımla evlənmiş Seyid Hadi Ərəbinin böyük uşaqları var. O, Azərbaycan qarşısında xüsusi xidmətləri olan, tanınmış idmançılar yetişdirən şəxs olmağına baxmayaraq Azərbaycan Respublikasının vətəndaşlığını ala bilmir.
Bu kimi faktların kifayət qədər olduğu bildirilir.
Məsələ ilə əlaqədar Dövlət Miqrasiya Xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində (o cümlədən nikahda) olmaq əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan hallardan biridir.
Həmçinin məlumatda bildirilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumatda o da bildirilib ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır. Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.
Azərbaycanlılarla ninaha girən vətəndaşlar hansı halda vətəndaşlıq ala bilər?
Verilən məlumata görə, əgər şəxs Azərbaycan Respublikası qarşısında hər hansı xüsusi xidmət göstərərsə, ona istisna hal kimi, şərtlər tətbiq olunmadan vətəndaşlığa qəbul edilə bilər. Bu isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır.
Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yuxarıda adıçəkilən Qanunun 14-cü maddəsinin 1-ci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:
1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.
Hansı hallarda əcnəbinin vətəndaşlıq almaq vəsatəti rədd edilir?
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir.
Vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməlidir
Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.
Modern.az