İyunun 16-18-də Bakıda keçirilən NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarında Ermənistanının üç deputatı da iştirak edirdi. Beynəlxalq səviyyədə keçirilən tədbirdə erməni deputatlarının Azərbaycana gəlişini siyasətçilər normal qarşılasa da, sadə vətəndaşlar heç də birmənalı qarşılamayıb. Bu mövzu ilə bağlı şəhərdə sorğu apardıq. Sorğuda erməni deputatların gəlişini həm normal, həm də qeyri-normal qarşılayanlar da oldu.
Orta yaşlı şəhər sakini Bəxtiyar Sultanov bu cür görüşlərin boş şeylər olduğunu dedi: “Pis baxıram. Düşməni qapıya gətizdiririk, daha da qanımız qaralır. Yəni o danışıqlardan heç nə əmələ gələn deyil, boş şeylərdir. Heç nə görmürük. 20 ildir ki, bu hadisələr davam edir, anlaya da bilmirik”.
Çayxanada həmyaşıdları ilə əyləşən Qulu Kərimli Azərbaycanın Ermənistanının öhdəsindən gələ bilmədiyini dedi: “Azərbaycan inkişaf etmiş dövlətdir. Balaca çibin kimi dövlətin öhdəsindən gələ bilmirik. Nə danışaq, nə söyləyək? Deyirlər ki, xarici qüvvələr ermənilərə kömək edir. Ümumiyyətlə, bu barədə fikirləşməyə dəyməz. Bizim kimi adamlar heç nə bacarmırıq. Baxın, dünya nə istəyir Azərbaycandan? Ən gözəl dövlət, ən gözəl xalq, inkişaf etmiş, təbii sərvəti olan xalqıq… Bu sadəcə müsəlman-xristian davasıdır”.
Cavanşir Əsgərov Ermənistanla aramızda barışıq olmayan qədər ermənilərin Azərbaycana gəlməsini istəmədiyini dedi: “Əslində ermənilər Azərbaycana gəlməməlidirlər, buraxmamalıyıq. İstənilən dövlətin nümayəndələri gələ bilər, ancaq bizim ermənilərlə münasibətimiz pis olduğu üçün, onlar bura nə qədər gəlməsələr, bir o qədər yaxşı olar. Mən bilirəm, eşitmişəm ki, Ermənistana da bizimkilər gedir. Buna münasibətim mənfidir. Nə qədər ki, aramızda barışıq olmayıb, bizim torpaqlar qaytarılmayıb, biz bunu istəməməliyik”.
Rauf Həsənov da həmçinin bu fikirdədir: “Pis baxıram, bu heç kəsə lazım deyil. Biz bir-birimizlə düşmənik. Bu doğru deyil”.
Zahidə Orucova birmənalı olaraq ermənilərin Azərbaycana gəlməyini pislədi: “Ermənilərin gəlməyinə pis baxıram. Bizim azərbaycanlıları orada qırdılar. Onsuz da ay qızım, əvvəllər də bir yerdə olmuşuq. Əvvəllər də ermənilər müsəlmanları öldürüb, sonradan barışmışıq”.
Gülnarə Kərimova da erməninin müsəlmanın düşməni olduğunu dedi: “Pis baxıram. Hər hallarda belə bu cür vəziyyətdə ermənilərin Azərbaycana gəlməsini istəmirəm. Çünki erməni müsəlmanın düşmənidir”.
Adının çəkilməsini istəməyən sakin isə “mən bu işlərə qarışmıram. Siyasət aləmində heç yoxam. Amma erməni deputatlarının gəlməyini pis qarşılayıram” -deyə cavab verdi.
Sorğuda diqqətimizi çəkən Səftər Əliyevin reaksiyası oldu: “Erməninin evi yıxılsın, yurdu da dağılsın! Erməni kimdir ki, mənim evimə gələ. Onların dediklərinin hamısı yalandır. Yeganə yol odur ki, Mübariz İbrahimov kimi bir 20-30 adam keçirələr sərhəddən, gedə bizim torpaqlarımızı alalar. Ayrı yolu yoxdur, ay qızım”,
Sorğumuzda erməni deputatların Azərbaycanda keçirilən beynəlxalq tədbirdə iştirakını normal qarşılayan, hətta torpaqlarımızın geri qaytarılması üçün bu cür görüşlərin olmasını deyənlər də oldu.
Gənc Orxan Vəkilov erməni deputatların Azərbaycana gəlişini normal yanaşdığını dedi: “Çox normal baxıram. Əslində onların Azərbaycana gəlməyi yaxşıdır. Torpaqlarımızın alınması üçün olan bir tədbirdir. Burada pis bir şey yoxdur. Düzdür, torpağımız qaytarılsa, qaçqınlarımız öz ev-eşiklərinə qayıtsa daha yaxşı olar. Müharibə yolu ilə, sülh yolu ilə, fərq etməz, istəyərəm ki, torpaqlarımız geri qaytarılsın”.
Adını açıqlamaq istəməyən şəhər sakini dedi: “Normal baxıram. Olmalıdır da. Biz torpaqlarımızın qaytarılması üçün bir yerdə oturub söhbət etməliyik də”.
Zaur Əsədli Qarabağ məsələsinin həll olunması üçün ermənilərin Azərbaycana, azərbaycanlıların da Ermənistana getməli olduğunu dedi: “Axırda bu məsələ həll olunmalıdır. NATO gəlir, kim gəlir, gəlsin, nə vaxtsa bu məsələ həll olunmalıdır. Danışıq olmasa, onlar gəlməsə, ora biz getməsək, heç nə həll olunmayacaq. Sülh yolu ilə düzəlməyəcək bəlkə də, amma onların bura gəlməyi yaxşıdır. Qoy, gəlsinlər”.
Digər sakin isə belə cavab verdi: “Münasibətim buna çox yaxşıdır. Beynəlxalq tədbirlərdir. Belə tədbirlərdə istənilən ölkənin nümayəndəsi iştirak edə bilər. Düşmənik, amma o, öz yerində. Belə işlərin hamısına normal yanaşmaq lazımdır. Onlar bizə, biz də onlara düşmən olaraq qalırıq. Bunlar fərqli şeylərdir”.