Загрузка...

ramiz-rafiq-fexri

Ən birinci ondan başlayım ki, hər cür fanatizmdən, bütləşdirmədən uzağam. Amma Ramiz Rövşən haqda bölüşmədiyim fikirlərə cavab verməyə bilmirəm. Bu sözləri də onu qınayan dostlara deyirəm, baxıram “Feysbuk”dakı virtual dostlarım arasında belələri var. Təhqir, qərəz, məqsədli şəkildə qarayaxmalar yazanlara cavab verməyə dəyməz.

1) Ramiz Rövşənlə ilk dəfə 1985-ci ildə kinostudiyada görüşmüşəm. 17 yaşım vardı onda. Bizimlə söhbətə bir saatdan çox vaxt ayırmışdı. Dinlədi, sual verdi, danışdı. Rayondan təzə gələn cavan uşaqlar idik. Ayrılanda həyata tamam başqa gözlə baxırdım, aldığım enerjiylə elə bilirdim dağı-dağ üstə qoyaram. O vaxtdan həmişə onu gənclərlə təmasda görmüşəm. Ona görə “gənclərə düşməndi” kimi iradı haqsız sayıram.

2) “Pessimistdi” deyirsiniz. Fəlsəfəyə, hüquqa baxmayın, dartışılar nə qədər desəniz. Amma poeziya zövq məsələsidi. Onu hərə bir cür duyur. “Optimist şeir” sovetin ideoloji poeziyasında qaldı, “cənnət görmək istəyən Azərbaycana gəlsin” sayaq. Mən Ramizin şeirlərində işıq görürəm. Onun şeirlərindəki optimizm ən kədərli vaxtlarda belə adama əl uzadır. Onu oxuyanda heyrətlənirsən: “Mənim duyduqlarımı, yaşadıqlarımı o da yaşayıbmı, yoxsa o anımda mənə kənardan baxırmış?!”

Ramiz dilinin ucundakını deyir. Şairin böyüklüyü də ondadır, sənin duyduğunu duyur, içindən keçəni deyir, yaşadığını yaşayır.

Bir dəfə indi dəbdə olan bir şair xanım söhbətimiz zamanı dedi ki, Ramizin şeirləri qaramatdı başdan-başa. Bir xeyli söhbət elədik. Səsinin tembrindən tutmuş üz ifadəsinə, kədərli baxışlarınadək, qəmli, ümidsiz misralarınadək özü qaramat idi. Qəlbinə dəyər deyə özünə demədim.

3) Ramizi xalqın ən ağır günlərində xalqla birgə görmüşəm: mitinqlərdə, görüşlərdə, tədbirlərdə ən kəskin sözü elə ondan eşitmişəm. O, güclülərin yox, zəiflərin, haqqı tapdananların yanında olub. Siyasi liderlərə şeirlərini onlar hakimiyyətdə olanda yox, həbsdə, sürgündə olanda, onlara total hücumlar ediləndə yazıb. İndi neyləyək ki, dünyanın ən yaddaşsız millətlərindənik?!

4) Ramizi Yazıçılar Birliyinin son qurultayında Pasternakdan gətirdiyi sitata görə qınayanları da anlamıram. Pasternak o sözləri deyəndə ölkəni ədəbi nihilizm bürümüşdü, “rus poeziyasının allahı Puşkini” daş-qalaq edirdilər. İndi hanı Puşkini söyənlər? Birinin adını bilirsinizmi? Qəti əminəm, Ramiz o sözləri tənqid edənlərə yox, təhqir yazanlara deyib.

Nəhayət, onu da deyim ki, 22 il yaş fərqinə baxmayaraq Ramiz Rövşən mənim dostumdu. Dostlarımın təhqir olunmasını həm də özümə söyüş qəbul edirəm. Tənqid isə, buyurun, nə qədər istəyirsiniz edin, edə bilirsinizsə!

20 iyun 2014